четверг, апреля 08, 2010

Köşə yazısı
İlhamiyyə RZAYEVA, Həmid HERISÇİ
marakaqol@rambler.ru

15 -08 -2009 . MEFİSTOFEL

(Təbrizli fədai Həmid Qəvaminin gündəliyindən)

60-cı illərin sonunda hələ lap...lap uşaqkən mən bərk xəstələndim-“nefrit” adlanan böyrək çatışmazlığı həyatımı qorxu altına aldı. İran Kommunist partiyası Tudənin yardımı olmasa mən bəlkə bu günədək yaşamazdım.
Fələyin qasırğası məni Bakıdan götürüb əvvəlcə Moskvaya-SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya İnstituna atdı. Adi, təsdiq olunmuş müalicə üsullarının xəstəliyimə təsir etmədiyinə görən kahinəbənzər həkimlər, lap axırda qəti hökmlərini verdilər-“yalnız təcrübəvi müalicə, vəssalam, xəstəni labüd ölümdən qurtara bilər”... On ildən çox sürən bax bu “təcrübəvi müalicə” məni bütün adi həyatdan məhrum etdi-“Moskva, Lomonosov xiyabanı 83” ünvanında qəribə günlər keçirdim, gah təkadamlıq tam qapalı otaqlarda tək-tənha qaldım, gah yüzlərlə özüm kimi xəstələrin içinə atıldım...Təhsilim də qəribəydi, çox qəribə, o da necə deyərlər “təcrübəvi” idi... Ən yeni kinofilmlər, uşaq multfilmləri, ən yeni oyuncaqlar, məhz bizə təqdim olunurdu-“Lomonosov 83” ünvanı sakinlərinə, biz ölümcül xəstə uşaqlara... Ağ xələtli həkimlərin nəzarəti altında biz bu filmlərə baxar, ən yeni sovet oyuncaqlarıyla oynayardıq. Həmin filmlər, həmin oyuncaqlar da, bəli, “təcrübəvi” idi, biz onları sevsəydik- professor Henrix Rayxın dediyinə görə! Bu oyuncaqların kütləvi istehsalı başlayacaqdı SSRİ-də. Bəzi oyuncaqlar, kinofilm, multfilmlər sən demə, bizlərdə xoşagəlməz fikirlər doğururmuş... Ay zəhrimar! Bizi daim müşahidə altında saxlayan “həkimlər”, bu barədə mənfi xasiyyətnamələr yazardı o vaxt...
Hə, bir də görərdin ki, həmin oyuncağı gəlib əlimizdən aldılar... Apardılar gedər-gəlməzə...
Adətən ən çox mən ağlardım həmin oyuncaqlardan ötrü... Xəstəxana qapısınadək qaçardım onun ardınca, görərdim ki, bir tibb bacısı bu oyuncaqları götürüb necə amansızlıqla dərin kisəyə basır. Bizim nefrologiya şöbəmizdə başlayan bu “təmizləmə” sonra kordiologiya, psixiatriya və digər bölmələrdə də davam etdirilirdi...
Təhsilimiz isə lap qəliz idi-tamaşa etdiyimiz filmlər, sevdiyimiz oyuncaqlar barədə gərək mütləq öz təəssüratlarımızı yazaydıq... Ən yeni mahnıları gərək mütləq məhz biz-təcrübəvi müalicə keçən ölümcül xəstə uşaqlar ifa edəydik...
Yemək də təcrübəviydi, içdiyimiz dərmanlar da... Hər xəstənin “müalicə dosye”si iki nüsxədəydi-birinə, müalicə tarixçəsi qeyd olunurdu, digərinə tam başqa, tam məxfi məlumatlar...
Hər xəstənin iki həkimi vardı-birincisi gülərüz, mehriban... Mənimkinin adı Tatyana Vasilyevna idi. O, hər gün səhər məni müayinə edər, saçlarımı sığallayar, dərdimə şərik çıxardı... İkincisi isə, ay Allah! Öz otağından çıxıb bircə dəfə belə mənlə görüşmədi...
Heç adını da bilmədim, bu tam məchul insan məxluqunun.
Uşaqlar öz aralarında pıçıldaşardılar ki, bu gözəgörünməzlər, vaxsey! Alman SS-çiləridir...
Yaxın dostum, Madaqaskar Kommunist Partiyası rəhbərinin oğlu 11 yaşlı Simon vəfat etdiyi gün, bu “almanlar”, yadıma gəlir, əsəbi halda otağımıza daxil oldular.

***
Qara kastyumlu hündür kişilərin çiyni üzərinə atılmış ağ xələtlər, eşitdiyim pıçapıç, sonrakı etiraz nidaları, rus dilinin almancaya qarışmağı... Təkərli çarpayını divar dibindən cəld ayırıb onu dəhlizə çıxaran tibb bacılarının həyəcanı... Simonun nəbzini yoxlayan naməlum şəxsin sərt sifəti, üzündəki dərin çapıq, bax bu vaxt gözümə girib yaddaşımda özünə əbədi yer qazandı.
Yadda saxlayın, gələcəkdə gərəyiniz olar, almanların qalın sait səslərlə rusca danışmağı həmişə- özüm sınamışam! Slavyan beyninə əmr şəklində sancılır...
Digər xəstəni -Tatyana Vasilyevna bunu deyib tez gözüylə məni göstərdi, təcili Berlinə aparmaq lazımdır. Tez! Bizə bu tapşırığı çoxdan vermişdilər, ancaq lənət neyçünsə yubandıq!
Üzü çapıqlı alman həkimi bircə dəfə üzümə baxıb, sonra son analizlərimin nəticələriylə maraqlandı.
Az sonra bəlli oldu ki, mən təcili olaraq Berlinə, Bux qəsəbəsindəki tam qapalı klinikaya köçürülməliyəm.
Gözlərimi bir də açınca gördüm ki, nəhəng hərbi yük təyyarəsinin içindəyəm.
Sağ-solumdakı çiyni paqonlu zabitlər oturduqları yerdə yuxuya getmişdilər. Yalnız bir nəfər, başımın üstə dayanıb diqqətlə gözlərimin içinə baxırdı, həkim Tatyana Vasilyevna...
“Ya 12 imam, tək Allah! Mən doğma Təbrizə, Hacı Cabbar Naib küçəsindəki yuvama mütləq qayıtmalıyam” pıçıltısını daim ürəyimdə təkrarlasam da, həyat tam başqa qərar verdi, yenə mən növbəti dəfə Təbrizdən uzaqlaşırdım.
Bəlkə də elə həyatın özündən...
Dodaqlarım astaca tərpənirdi.
Hə, ilk kərə mən bax belə vəziyyətdə ölə bilərdim... Qoy, gözlərinizdə bu mənzərə canlansın. Berlinə uçan sovet hərbi yük təyyarəsində, çiyni paqonlu sovet zabitləri əhatəsində, 12 yaşlı bir Təbriz fədaisi uzanıb...
Qəşəng ölümdü bu. Şəhadətdi...
Onu bilirsizmi kim qarşılayır?
4-cü Reyxin, yəni Şərqi Almaniyanın paytaxtı əbədi Berlin şəhəri...
Bəlkə mən artıq ölmüşəm? Berlində deyil, o biri dünyadayam...Qara geyimli SS ordusu indicə, sağ əllərini irəli uzadaraq, mənim nəşimi qarşılayacaq?
Moskvada baxdığım, ürəkdən sevdiyim “Baharın 17 anı” filminin təsiriydi nəydi bilmirəm. Ancaq mən həqiqətən bu mənzərənin şahidi oldum sanki...
Qəfildən bu qara geyimli SS-çilərin sırasında doğma əmim-ştandartenfürer İbrahim Herisçini gördüm!
O mənə baxıb sevinirdi.
1941-ci ildə, İranın Hürrəmşəhrdəki hərbi-dəniz bazasına rəhbərlik edən vaxt o, şəhadət şərabını dadıb vətənimizə soxulan Britaniya şirinə qarşı vuruşda şəhid düşərək İranın ilk milli qəhrəmanı adına layiq görülüb. Şahənşah ordusundakı Təbriz zabitlərinin “Nehzəti-milli” adlı hitlerpərəst gizli təşkilatına başçılıq edən İbrahim əmim, özünüz fikirləşin, gör bir nələr edib vaxtilə...

***
Tatyana Vasilyevnanın dediyinə görə alnımı tər basmışdı “Hürrəmşəhr, Hürrəmşəhr” deyə-deyə sayıqlamağa başlamışdım.
KİÇİK HAŞİYƏ: Ölüm zamanı işə düşən qan yaddaşı idimi bu?
Çox sonralar öyrəndim ki, bu şəhərin mübarək adı, ilk fədai Babək Hürrəminin xatirəsini daşıyır özündə. 30-cu illər iran-alman dostluğunun yadigarıdır Hitler. Rza şahın fikrincə hürrəmilərin ruhu bu şəhərdə yenidən dirilməli, neoabbasilərə qənim kəsilməli, Antantanı dəniz sərhədlərimizə yaxın buraxmamalıymış.
Almanlar o vaxtlar biz xürrəmilərin bu yeni Bəzz qalasında hərbi-dəniz bazası tikmiş, Fars körfəzində Britaniya bayrağını tumarlayan küləyə əmr etmişdilər. Bəsdi Britaniya şirini tumarladığın, yolunu dəyişib Xürrəmşəhrə gəl. İran bayrağındakı “şiri-xurşid” səndən ötrü bərk darıxıb.
Ştandartenfürer İbrahim Herisçi bir Təbriz fədaisi kimi, hürrəmilərin bu yeni Bəzz qalasında həlak oldu... Məni də səslədi ilk fədailərin bu müqəddəs ocağına...
Berlinə mən bax bu halda gəlib yetişdim, qan yaddaşım işə düşmüşdü, elə hey müqəddəs “Hürrəmşəhr, Hürrəmşəhr” kəlməsini pıçıldayırdım.
Dörd-beş il ərzində içdiyim dərmanların təsiri məni ölümcül hala salmışdı. Bir tərəfdən qan yaddaşım, bəsirət gözüm açılsa da, digər tərəfdən əli dəryazlı Əzrayıl üstümə cummuşdu sanki...

***
Təyyarənin təkərləri eniş zolağına dəyincə gözlərimə zülmət çökdü. Moskva arxada qaldı. Bu dəfə Almaniya məni ölümdən qurtarmalıydı (1973, dekabr).

DOKTOR FAUST
Almaniyanın mədəniyyəti, musiqisi, hərbi sənətini, onun gizlin təfəkkürünü öyrənmək istəyirsənsə, tələsmə, bircə çarən var, gərək mütləq dahi şair Hötenin “Faust” dastanını oxuyasan. Ancaq vallah, düz sözümdü, eşidin haa! Bu da sənə bəs eləməz. Gərək tale özü səni seçib, Almaniyadakı canlı Faustların biriylə görüşdürsün.
Hə, day nə deyim, tale bu görüşü məndən əsirgəmədi. Buxdakı tam qapalı tibb klinikasına gətirib orda məni bax bu doktor Faustla-həkim professor Ulrix Bauerlə görüşdürdü. Dərindən düşünsək, burda qeyri-adi heç nə yoxdur alman həkimlərinin hamısı sanki doktor Faustdur, elə bil hamısı istisnasız hitlerçi SS-çidir. Nasizmin yaranmasına alman həkimlərinin güclü təsiri olubsa da, indi buna az fikir verir, hitlerizmin köklərini neyçünsə yalnız quru siyasətdə, alman mistisizminin uca qəsrlərində axtarırlar. Bəlkə bilərəkdən bunu edib iz azdırırlar. Alman tibbini, kim bilir, hansısa gizli məqsədlərçün qorumaq istəyirlər, hə?
Alman tibbi lap qədimlərdən mistikayla sıx bağlı olub. Almaniyadakı yəhudi tibbini heç vaxt qəbul etməyib, onunla gizli-açıq şəkildə vuruşub. Həkimlərin həmişə gizli təşkilatları olub Almaniyada, məhz bu doktor Fausların təsiriylə ölkədə simfonik musiqi, dialektik fəlsəfə, Heqel nəzəriyyəsi, bir də...
Həm də SS yaranıb.
Bəli, Alman mədəniyyətinin bütün gizlinləri bircə istiqamətə-məxfi tibb təşkilatlarına doğru gedir... Götürək elə alman psixoanaliz məktəbini-aryapərəst Qustav Yunqla yəhudi Ziqmund Freydin mübarizəsini. Almanlarla yəhudilərin nədən ötrü savaşdıqlarını bilmək istəyirsinizsə, buyurun, həmin elmi savaşı izləyin. Alman tibbinin füreri Qustav Yunqdur, vəssəlam! Sionistlərin başçısıysa elə həmin Ziqmund Freyddir.
Buxdakı müalicəm bax bu alman üsuluyla aparılmasa, bəlkə də mən bu xatirələrimi indi sizə çatdırmazdım. Doktor Bauerin “təcrübəvi müalicəsi” o vaxt məni ölümdən qurtardı.
Hələ Hitler zamanında uşaq həkimi kimi Buxdakı klinikalarda işə başlayan doktor Bauer, müharibəyə görə, uşaqları buraxıb yaşlıların - SS cəngavərlərinin!- müalicəsiylə məşğul olur, general Rommellə birgə gedib çıxır Misir səhralarına. Yunanıstan, Fransa, Ukrayna... Bir sözlə, SS-in ardınca bütün Avropanı qarış-qarış gəzir, Berlin müdafiəsi zamanı minlərlə yaralını ölümdən qurtarır, sonra bir müddət bütün SS-çilər kimi Sibirdə əsir qalır, başlayır sovet zabitlərini müalicə etməyə, ruscanı mükəmməl öyrənir, axırda qayıdır yenə Buxdakı klinikalara.
Alman SS-çilərinin həkimi Doktor Bauer, bu dəfə bir başqa SS-ə, yəni fədailərə qulluq edir.
Xonekker dövründə bu klinikalar daha çox Kreml, Sov. İKP “Beynəlxalq əlaqələr şöbəsi” tabeçiliyindəydi -dünya kommunist hərəkatı fəalları “sinfi döyüşlər” zamanı aldıqları yaraları orda Ulrix Bauer kimi həkimlərə müalicə etdirir, Fələstin, Vyetnam, Həbəşistan, Yəmən, Latın Amerikası kimi qaynar nöqtələrə qayıdış günlərini səbirsizliklə gözləyirdilər (1987, 12 oktyabr).

***
Hə, Bauerin kim olduğunu bilincə ona hörmətim birə min artdı, hiss etdim ki, biz fədailərin tibb sirlərini köhnə SS-çiyə ötürməmək günahdır. Qədim fədai kitablarından öyrəndiklərimi astaca dilə gətirdim:
- Təbriz türkcəsində belə bir ifadə var-“İşin Allaha qalıb”... Bəzi savadsızlar bu an kədərə qapılıb qarşılarında açılan xoşbəxtliyə göz yumurlar. “Allaha qalmaq” əslində gözəl məqamdı. Qədim Təbrizdə xəstə uşaqların dərdinə çarə tapılmadıqda, hamı əksinə, buna sevinirdi. Deyirdilər- “Bu xəstəyə artıq Allah özü həkimlik edəcək”. O cür xəstələr tapşırılırdı ruhlar aləminə, o bir növ “ocaqlıq, çildağlıq” adını qazanırdı. Bu uşaqları aparıb pirlərə, imamzadalara tapşırardılar ki, Allah özü onları müalicə etsin. İbn Sina, Nəsirəddin Tusi kimi həkimlər vaxtilə bax bu pirlərdə, imamzadalarda şəfa tapmış xəstə uşaqlardan biri olub. Şah İsmayıl, Şəms Təbrizi də vaxtilə bu cür xəstəlik keçirib sonra Allah tərəfindən müalicə olunublar.
Hər iki şair, mən kimi, bayaq dediyim o xəstə uşaqlar tayfasından, imamzadə övladlarındanıymış...
Professor Bauerun səsi bu dəfə əvvəlkindən zəif çıxdı:
- Kimdən eşidibsiz bunları?
- Atamdan... bəlkə də elə Allahın özündən...
Bauer diqqətlə üzümə baxıb:
- Qan yaddaşınızdan, -dedi. Sonra səsini bir pillə yuxarı qaldırıb:
- Tibetdəki “dalaylama”, yəni ən yüksək dini rütbə sahibini, bilin, səyyar rahiblər, siz deyən “imamzada, ocaqlar”dakı xəstə uşaqlar içində axtarıblar, - cümləsiylə söhbətimizi bitirdi.
(1974, aprel).

MEFİSTOFEL
Alman xəstəxanaları bir başqa aləmdir, ora düşdünmü, vəssalam, cismin də, ruhun da sanki orta əsr cəngavər qəsrlərinə daxil olacaq... Xəstəliyinin ən ağır məqamında, gecənin zülmətində, qəfildən ayılırsan (bəlkə ölürsən?). sanki görünməz bir əl səni çarpayından çəkib lal-dinməz dəhlizlərə çıxarır. Növbətçi həkim yuxuya dalıb... Qonşuların- Ərəbistan, Latın Amerikasından gətirilmiş yaralı kommunistlər-fədailər! Qəfil inildəyib huşunu itirir... Hötenin doktor Faustu (bəlkə o mənim həkimim professor Bauerdir?) qarşında peyda olur, onun ağ xələti rəngini dəyişib tündləşir tədricən... Dəhlizə soxulmuş dəli qasırğa, pərdələrdən yan ötüb, cumur Faustun bu xələti üzərinə...Professora qoşulub xəstəxana zirzəmilərinə enirsən. 1-ci və 2-ci Dünya Müharəbəsinin bütün yaralı əsgərləri, SS cəngavərləri ordakı çarpayılar üzərində uzanıb bizim gəlişimizi gözləyir...
Hitler də elə burdaymış ki... (1975, 9 may).

***
İki aydır ki, huşum başımda olmayıb, elə hey “Hürrəmşəhr”, “Davud Münşizadə”, “Atəş!” “Hitler” - deyə sayıqlamışam...
İndi təzəcə ayılmışam. Pəncərədən vuran günəşin şüaları gözlərimi qamaşdırır... Doktor Bauer gülümsəyərək üzümə baxır...
Üç-dörd gün beləcə davam edəcək...
-Sizin zirzəmidə yaralılar var... Hitler də ordadır,- deyib, üzümü divara çevirirəm.
Lakin mən deyənlərdə həqiqət var-Hitler vaxtilə, 1945-ci ilin 9 mayında həqiqətən bizim xəstəxananın zirzəmisində olub...
Doktor Bauer çaşır... Ağlanı gətirə bilmir ki, bu dövlət sirrini mən hardan bilirəm...

***
Hə, bizim xəstəxanada gör kimlər olub-Beriyadan, Çe Gevara, Luis Korvalan, Nazim Hikmət, Moris Torez və sair və ilaxır-lakin bu uzun siyahıda Fürer birincidir.
1945-in 9 may tarixinlə onun yanmış meyidini bizim xəstəxana zirzəmisinə gətirib patoloqoanatom Faust İosifiç Şkaravskiyə tapşırıblar... Hə, Almaniya tarixi, bizim zirzəmidə ənənəvi Höte süjetiylə bitib- Fürerlə Faustu axır ki görüşdürüb (1976, 12 avqust).

***
Belə-belə işlər, hara baxıram-hər yerdə üzü niqablı keşişlər, əli əsalı dərvişlər... Alman mistisizminin gur axarı məni öz cənginə alıb orta əsrlərə doğru aparır. Hadisələr tam şəkildə qüsursuz! Höte süjetlərinin düz xətti boyu cərəyan edib, Faustla tanışlığımdan sonra mənə Mefistofellə təkbətək görüş vəd edir. Tələsmirəm. Bilirəm ki, o özü tezliklə bu görüşün vaxtını təyin edəcək, bir xəbər göndərəcək mənə. Yuxuyla gerçəklik arasında fərqi itirdiyim, gecələr sayıqladığım həmin günlərdə professor Bauer qəfildən mənə deyir:
-Xahiş edirəm, çalışın bir də “Münşizadə” adı dilinizdən çıxmasın.
Bir gün, bütün pəncərələrin yaza doğru açıldığı gözəl axşam vaxtı, atam da, bu qorxulu mövzuya toxundu-“Başına dolanım, bala, “Münşizadə” ismi bəlkə nə vaxtsa dilimdən çıxıb, sən də onu eşidibsən. Ancaq gəl unut həmin adı. Unut!”
Eşikdəki baharın ilıq nəfəsi bircə anda dəyişdi. Başımı aşağı sallayıb susdum. Sanki şimşək çaxdı beynimdə. “İran inqilabının Mefistofeli odur, cənab Münşizadə! Bəli, məhz Münşizadə! Münşizadə! Münşizadə!” (30 aprel 1976).

***
İran inqilabını qoruyan bir gözəgörünməz əl var sanki. Bir də görürsən o hərəkətə keçir, ən vacib qəhrəmanlarının adını lal bir əmrlə həmişəlik yasaq edir. Kimin ağzı nədir ki, o qərarı pozub bir də bu adları dilinin ucuna gətirsin...
“Davud Münşizadə” adı həmin qara siyahıda bəlkə də birinci yerdədir. 100 illik inqilabımızın bu Mefistofeli barədə danışmaq vaxtı çatıb artıq. Çatıb!
Bir cür Təbriz inqilabçıları var-paniranist təbrizlilər deyək onlara. Yooox, yox... Təkcə Seyid Əhməd Kəsrəvinin adıyla bitmir həmin uzun siyahı. Qədim fədai ailəsindən çıxmış Davud Münşizadəni sizə tanıtdırmasam, Təbriz fədailərinin gizli tarixi qalar bir kənarda, əsas mətləblərə agah olmazsız.
Təkcə mən deyil, başqa qüvvələr də indi hərəkətə keçib Münşizadənin adını gündəmə gətirmək istəyir. İnternet səhifələrində bəzi yarımçıq şəkilləri çap olunur, saytlara qısa bilgilər ötürülür. Sanki kimsə, bəzi siyasasətçilərə işarə vurur-“açarıq sandığı, tökərik pambığı”... Mefistofelinizi üzə çıxararıq...
Bütün İran Faustlarının cəmi bircə Mefistofeli olub-təbrizli Davud Münşizadə! Hötenin “Faust” kitabını qapayıb, pəncərəmizi qaranlığa açaq, yapışaq bu Mefistofelin uzun qara xələtindən, uçub gedək İran tarixinin zülmətlərinə doğru.

***
Söhbətimizi bir başqa üsulla-teleqraf aparatlarının əsəbi tıqqıltısıyla davam etdirək. 30-50-ci illərin mənzərəsini, həyəcanlı nəbzini, neynək, yalnız bu cür sizlərə çatdırmaq mümkündür: 1931-ci il. Gənc Münşizadə, əmim İbrahim Herisçi ən savadlı Təbriz məktəblisi elan edilir. Şahın xüsusi əmriylə onlar Fransada təhsillərini davam etdirməlidirlər...
1938-ci il. Fransa kəşfiyyatı xəbər verir-Hərbi məktəblərdəki Təbriz zabitləri gizli hitlerpərəst “Nehzəti-milli” təşkilatı qurublar. Rəhbərləri kimdir? Münşizadə, Herisçi! Qərara alınır hərbi məktəblərdəki bütün iranlılar ölkəni tərk etməlidirlər. SS-in gizli təqdimatı əsasında Rza şah, gənc zabit Herisçini görün bir hara? Ən strateji nöqtədə yerləşən Hürrəmşəhr hərbi dəniz bazasına rəis göndərir. O, Almaniyadan gələn silahları qəbul edib, dəmiryoluyla Təbrizə çatdırmalıdır. Bu tapşırığı növbəti dəfə yerinə yetirib Təbrizdən Hürrəmşəhrə qayıdan İbrahim Herisçi 25 avqust 1941-ci il tarixində ingilislərlə təkbaşına döyüşə girib qəhrəmancasına həlak olur.
KİÇİK HAŞİYƏ: Sonralar, Pişəvəri hərəkatı zamanı Təbrizdəki həmin silah, İbrahim Herisçinin kiçik qardaşı Qafarın əlinə keçəcək, Bəzz qalası ətəklərindəki mağaralara yerləşdiriləcəkdir. 1979-cu il Fevral inqilabı vaxtı bu köhnə alman cəbhəxanası, Şərqi Almaniyanın gizli tapşırığıyla fədailərə ötürülüb nəhayət ki... Nəhayət ki, öz həqiqi ünvanına çatacaq. Bu amanatlar İNQİLAB-a, fədailərə təhvil verildiyi gün (1979, yanvar-fevral) Qafar Kəndli, İyrəc İskəndəri-Tudənin “köhnə” rəhbərliyi!-Moskvanın əmriylə öz vəzifəsindən uzaqlaşdırılacaq. Xonekker, Markus Volf acı tənqidə məruz qalacaq.
İranda bütün dayaq nöqtələrini itirmiş xarici kəşfiyyatlar, Münşizadənin qalın dosyesini vərəqləyib, anında dərk edəcəklər-vaxsey, bu inqilabın öz Mefistofeli varmış ki...

***
Qayıdaq 30-cu illərə, sözü verək yenə o vaxtkı teleqraf xətlərinə, Paris, London qəzetlərinə: “Antanta dövlətləri Rza şahdan narazıdır- alman Kayzeri kimi o, bığlarını yuxarı burmağa başlayıb! Farsçılıq aryaçılıqla əvəzləndi!... İbrahim Herisçi, Davud Münşizadə-kimdir onlar?... Fransadakı İran tələbələri “aryamehr” sevdasındadır!... Hərbi koleclərdəki iranlılar Fransadan çıxarılır-İbrahim Herisçi, Davud Münşizadə ölkəmizi tərk etsin!...
Bəli, Fransa bizim dostlara qənim kəsilir. Sena sahilindəki kafedə sonuncu qəhvəni bircə dəfəyə içən bu Təbriz fədailəri qucaqlaşıb əbədi ayrılırlar. Münşizadə Berlinə yetişincə keçir Qebbelsin cənginə. Berlin radiosunun İran Mefistofoluna çevrilir, alovlu, dolğun, Hitler sayağı nitqləriylə dinləyiciləri özünə cəlb edir. İbrahim Herisçinin şəhadətini dəfələrlə ölkə sakinlərinə xatırladır. Münşizadəni ən çox dinləyənlər siyahısında Xomeyninin də olduğunu, xahiş olur, unutmayasız. O vaxtdan Münşizadə Qum ruhaniyyətinin gizli Mefistofelinə çevrilir-xalq isə dönüb olur bu kabusa qulaq asan gənc Faustlar kütləsi...
Ruslar Berlinə soxularkən silaha sarılıb “SS-Vaffen” sıralarında, görün bir haranı? Hitler bunkerini (!) son damla qanınadək qoruyan Münşizadə ağır yaralanır, 47-ci ilədək huşsuz halda çarpayıya mismarlanır. Ayaqları yenidən Alman torpağına dəyincə ölkəni tərk etmək əmri alır... Gizli SS qurumu ODESSA-nın xəttiylə gedib çıxır Misirə, hələ Berlindən yaxşı tanıdığı Qüds müftisi Əmin əl-Hüseyninin hüzuruna. Mefistofelin qanadları üstə Berlindən gəlmiş igidi Qahirədəki bütün köhnə SS-çilər salamlayır. İsti Şərq iqlimi, Nil çayı boyu ucalan xurma ağacları yaralıya müsbət təsirini göstərib onu yeni İran macəralarına doğru dartır.
Hitlerin Yaxın Şərqə yönəli “Fəth” əməliyyatı bu dəfə Əmin əl-Hüseyni ixtiyarındadır deyə, Münşizadə keçir onun kölgəsinə, köhnə Abver şəbəkəsinin İrandakı ən mühüm siması-ayətullah Kəşaniyə pənah gətirir.
Mefistofelin tanış səsi yeni güclə, yeni ilhamla Tehran meydanlarına qayıdır.
Qorxmayın, Münşizadə ismini müasir ingilis, yəhudi, Bakı alimlərinə verin-sükutdan başqa heç nə eşitməyəcəksiz. Hə, ola bilsin ki, bir şalvarı yamaqlı şərqşünas onu xatırlayıb desin: “O, “SUMKA” adıyla tanınan İran Xalq Sosialist Partiyası rəhbəriydi, 53-cü il Müsəddiq hadisələrindən sonra İrandan qovuldu. Bu qədər. Daha sözüm yoxdu”.
Hə, sizin sözünüz yoxdu, mənim isə var, cənab tarixçilər!
O vaxtlar Münşizadə öz rəhbəri Ayətullah Kəşani ilə birgə həm də nəhəng “İran İslam Respublikaçıları partiyası” sədrlərindən biri idi. Bu ad, yaxşı, deyin, sizə tanış gəlmirmi, cənab tarixçilər?...
Həmin partiyanın 1943-cü ildə təsdiqlənmiş bayrağına baxın-ortasındakı “Aryamehr Axuramazda”nın rəmzini götür, ora “Allah” kəlməsini əlavə et, hansı mənzərə alınır, hə, soruşuram?
Çaşmayın indi eşidəcəyinizə-“bu ki, müasir İran İslam Cümhuriyyətinin bayrağıdır” deyib nitqinizi itirəcəksiz.
1979-cu ildə ayətullah İmam Xomeyni, məhz bu bayrağı təsdiqlədi... Ayətullah Beheşti məhz onun ənənəsini davam etdirib, “İslam Respublikası Partiyasını” yaratdı...
Aldanmayın dediklərimə. Ayətullahlar deyil, Mefistofel, yəni Davud Münşizadəydi pərdəarxasında dayanıb bütün bunlara rəhbərlik edən...
Deyilənə görə “Ştazi”-yə, SS-çilərin müasir gizli təşkilatına yazdığı sənədlərin altına “Aryamehr”, “Ahuramazda” imzasını qoyurmuş o.

***
Kəşani ilə Münşizadənin 1943-cü ildə, Abadan şəhərində yaratdığı “İslam Respublikaçılar partiyası” barədə qoy tam məlumatınız olsun- 1953-cü seçkilərində qələbə qazanıb İran Məclisini ələ keçirdikdən sonra Münşizadə ilə Kəşani artıq şaha, Müsəddiqə saymazyana münasibət sərgiləyirlər. Avqust ayında isə köhnə Abver cəsusu general Zahidi ilə birgə saray çevrilişinə başlayırlar. O vaxt Kəşani ilə Münşizadə şahın qəbuluna gəlir...
-Seçkiləri bizim partiyamız udub. Hökuməti biz təşkil edəcəyik. Mən, Münşizadə, ölkənin baş naziri kimi siz Şahı həbs edib xalq məhkəməsinə verirəm, -deyərək Münşizadə belindəki tapancanı çıxarıb şaha tuşlayır. Deyilənə görə, qolları qandallı şah öz kabinetindən çıxarılıb ev dustağı elan edilir. Eyni vaxtda bir başqa dəstə doktor Müsəddiqi də həbs etməliymiş.
Lakin ən həlledici anda general Zahidinin hələ 1943-cü ildən Britaniya kəşfiyyatına qulluq etdiyi üzə çıxır. O, şahı iki-üç günlük Romaya göndərib sonra geri gətirir. Həmin vaxt ən qanlı hərəkətlərə əl atıb İrandakı islam respublikaçılarını, kommunistləri, müsəddiqçiləri edam kürsüsünə çəkir - 10 minədək insan həlak olur.
Şahənşah “Aryamehr” vətəninə döndüyü gün Mefistofel öz vətənini tərk edib bir növ qeybə çəkilir.

***
1950-ci illərdə Münşizadə düz bir il Tehran zindanlarında dustaq olduğu vaxt bir manifest yazır, “Mənim xəyalım” adında. Oxşarlıqlara diqqət edin-Hitler, “Mənim davam” kitabını zindanda yazdığı kimi, Münşizadə də eyni cür hərəkət edib. Elə kitabların adı da çox oxşardır. Bu əsərində bizim Mefistofel yazır- “Mən İranın radikal islam respublikası ideyasına inanıram. Gələcəyimiz odur!”...
1979-da bu ideya həyata keçir.
Mefistofelin Faustları başlayırlar bütün dünyaya meydan oxumağa.
Bu Faustlarla Mefistofelin ölümü də eyni vaxtda baş verir-Xomeyni, Xonekker, Çauşeskunun 1989-da vəfat etdiyini hamı bilir.
Lakin Mefistofel də həmin tarixdə, Xomeyni ilə eyni ayda - iyunda dünyasını dəyişib.
Vaxtilə, 1963-cü il iyun ixtişaşları vaxtı Xomeyni özünə şəhadət istəyirmiş. Həmin hadisələrin ildönümü günü o bu haqqı qazanır. Öz Mefistofeli ilə birgə səyahətə çıxır...
Deyilənə inansaq, ömrünün son 25 ili ərzində Münşizadəyə şəkil çəkdirmək yasaq edilibmiş.
1989-cu ildə, Stokholmda bir görüş zamanı, kimsə onun şəklini çəkəcəyini elan edincə, Münşizadə xəyala dalır. Bilir ki bu işarədir.
“Mənim xəyalım” kitabının müəllifi yenə xəyala dalır.
Bilir ki, bu onun son şəkilidir.
Fotomakınası “çık” edib səs salınca, bir başqa səs də eşidilir-atəş səsi...
Təbriz fədaisi Münşizadə hara baxır görəsən, Təbrizə? Bəlkə uzaq üfiqlərin ardında peyda olmuş dostu İbrahim Herisçini görür indi?
Bəlkə hər birimizə, o cümlədən mənim sifətimə baxır, hə?

***
Buyurun, diqqət edin, baxın-bu, Mefistofelin şəklidir.




Oxunub: 861 dəfə.

Комментариев нет: