четверг, апреля 08, 2010

FƏDAİLƏR - FƏDAİLƏR - FƏDAİLƏR - FƏDAİLƏR - FƏDAİLƏR

İlhamiyyə RZAYEVA, Həmid HERISÇİ
marakaqol@rambler.ru

17 -07 -2009 . QIRMIZI XAÇ VƏ AYPARA

(Təbrizli fədai Həmid Qəvaminin gündəliyindən)


“Dünyadakı ən yaxşı, yüksək peşəkarlarla təmin edilmiş xəstəxanaları bir-iki cümləynən necə təsvir edərdiniz?”
Sualıma, bəribaşdan bilirəm, birtəhər, başdansovdu cavab verib çox da dərinlərə varmayacaqsız. Deyəcəksiz ki, bəs, ən yaxşı xəstəxanalarda Nobel ödülünə layiq görülmüş ağ xələtli alimlər işləyir və s. i. və ilaxır.
Mən isə bir başqa cür cavab verərdim bu suala: “Ən yaxşı xəstəxanaların bir cəhəti var-orda bəzi xəstələri yalnız müalicə etmir, yeri gələndə hətta qətlə də yetirirlər...Yaxud dustaq edib azadlıqlarını oğurlayırlar...”Müalicə” bəhanəsiylə bəzi xəstə uşaqları girov kimi də saxdaya bilərlər həmin tibb mərkəzlərində.
Elə yalnız bu cəhətinə görə o cür xəstəxanalar dünyada “ən
yaxşı müalicə ocağı” sayılır, bəzi siyasi xadimlərə məsləhət görülür- “gedin biz deyən ünvana, oradakı həkimlər sizi beşcə dəqiqəyə ayaq üstə qaldırar”(1973-cü il, 12 sentyabr).

KLİNİKALARDA

1968-ci ildə, hələ 7 yaşımdaykən başıma böyük bəla gəldi-“nefrit” adlanan böyrək çatışmazlığına tutuldum, Bakıdakı həkimlər əllərini məndən üzdü... Sağ olsun İran Kommunist Partiyası “Tudə”nin rəhbərliyi-Sov. İKP MK-nın “Beynəlxalq əlaqələr şöbəsi” sədri Boris Nikolayeviç Ponamaryova həyəcan dolu məktub yazdılar, dil töküb dönə-dönə xahiş etdilər: “ Tanınmış inqilabçı, dünya kommunist hərəkatının fəal üzvü yoldaş Qəvaminin oğlu bərk xəstələnib. Vəziyyət ağırdır. İndi hər dəqiqənin qiyməti var”.
Sonra biz təyyarəyə mindik, yetişdik Moskvaya. Qara “Volqa” təyyara pilləkanı önündə bizi səbirsizliklə gözləyirmiş. İldırım sürətiylə irəli şığıyıb bizi Lomonosov xiyabanı 83 ünvanında yerləşən nəhəng xəstəxanaya yetişdirdi.
SSRİ Tibb Akademiyasının Al bayraqlı Pediatriya İnstitutu rəhbərliyi qapı ağzında sən demə bizi çoxdan gözləyirmiş. Qulağıma səslər gəldi:“Kremldən zəng olunub...Ponamaryov...Suslov...”
Uşaq həkimi professor Rayx kağızları götürüb adımı ora yazdı-“Qamid Qavami. İran siyasi mühacirinin oğlu”... Sonra sərt bir baxışla ata-anama baxıb:
-Adi, təsdiq olunmuş müalicə üsulları xəstəyə təsir etmir. Təcrübəvi müalicəyə ehtiyac var. Buna isə valideynlərin razılığı gərəkdir. Razısınızsa, sənədlərə imzanızı atın, - dedi.
1968-in isti avqustuydu, Varşava müqaviləsi iştirakçıları Praqaya yenicə daxil olmuşdular. Qonşu otaqdakı televizordan elə hey Çexoslovakiya xəbərləri səslənir -“Əksinqilab keçməyəcək, Praqa proletariatı, zəhmətkeşlər...”.
Ata-anamın alnını tər basıb. Anam ağlayır. Atam isə, tələb olunan imzanı, masa üzərindəki ağ-apaq kağızlara həkk edib bircə cümlə pıçıldayır qulağıma -“Möhkəm ol. Sən fədai nəslindənsən”...
SSRİ ali partiya elitası nümayəndələri, onların övladları ilə birgə bu xəstəxanada müalicə olunarkən nələr eşitdim, hansı sirlərə bələd oldum- bunu kimsə bilməz... Bir Allah, bir də özümdən başqa (1981, 7 noyabr).

***
Nə isə...Uzun müalicə 7 ilədək çəkdi. Arada yaxşılaşırdım, imkandan istifadə edib Bakıya qayıdırdım. Sonra yenə Moskva, Pediatriya İnstitutu...
Bir gün vəziyyət lap ağırlaşdı, ağrıdan ikiqat oldum. Bu vaxt işə Tudə rəhbəri İyrəc İskəndəri qarışdı-“Qafar, oğlunu bura, Şərqi Almaniya gətir, Berlində yaxşı bir klinika var”...
Hə... Beləcənə gəlib çıxdım Berlin ətrafındakı Bux qəsəbəsinə...Dünya komunist hərəkatının ən məşhur, ən gizli tibb klinikasına. Ona inqilabçılar öz aralarında “Xonekkerin klinikası” da deyirdilər...
Bəli, İyrəc İskəndəri, Azərbaycan Kommunist Partiyası “Beynəlxalq əlaqələr şöbəsi” rəhbəri Ənvər Cabrayılov bizə böyük qağı göstərib bu klinikada müalicəmi təşkil etdilər... Lakin...
Lakin, lənət şeytana, hər ikisi də elə bu klinikada vəfat etdilər. Bəlkə də öldürüldülər. Tükürpədici İran sirlərinə, sən demə, həddən artıq çox bələdiymişlər. İyrəc, 1985-ci ilin 20 iyununda gözlərini əbədi yumdu. Ona bilirsinizmi nəyi bağışlamadılar?-“Tehran müsafir” qəzetində bəzi xatirələrini çap etməyini. İndi Tehranda çap olunmuş xatirələri də, aldanmayın, bütöv deyil. Ənvər Cəbrayılova gəldikdəysə, məsələ lap qəlizləşir...
Bir sözlə, məni “Xonekker klinikası”na göndərənlər, özləri bu xəstəxənaya düşdükləri zaman, bəlkə buna heç sevinməyiblər də...
Mən müalicə olunduğum yerdə, bəli, onlar qətlə yetirildi (1999, 9 fevral).

***
Adını çəkdiyim tarixi şəxsiyyətlər, o cümlədən Tudə rəhbərliyi, hər iki xəstəxanada dəfələrlə görüşümə gəlmişdilər. Hansı duruşla, hansı sırayla Moskvayla Leypsiqdə partiya rəhbərləri hüzuruna gələr, elə eynən o cür də mənim çarpayıma yaxınlaşardılar- əllərində oyuncaq, qurama təyyarə modelləri, az tapılan dərmanlar...
-Siz neyçün dərmanları içmir, pencərəni açıb onları eşiyə tullayırsız?- İyrəc İskəndəri bir dəfə bunu deyib, ovcunu açdı, həmin o tulladığım dərmanları mənə göstərdi.
Hə, “Xonekkerin klinikası”nda durnanı gözündən vuran mühafizəçilər var-şıltaqlığım onların nəzərindən qaçmayıb...
Mənə gətirdikləri yeni dərmanların qutusuna baxıram, sonra, oyuncaq təyyarə modellərinə. Dilimdən gücnən bir-iki kəlmə çıxır:
- Dərmanların altında “Paris, Brüssel, Jenevə” sözləri yazılıb... Partiya fəallarımız ora gedib, eləmi? Partiya tapşırıqlarını yerinə yetirərkən məni də yaddan çıxarmayıblar? Dərman gətiriblər ordan mənə? Bu təyyarə modelləri -“Karavela”, “Boinq”, “Kankord”lar mənə tanışdı... Televizor elə hey bağırır ki, fələstin qardaşlarımız Romada bu cür təyyarəni qaçırıblar... Tək mən yox, siz də bu təyyarə modelləriylə oynayırsız, eləmi?
İti cavabım yoldaş İskəndərini çaşdırır. O, atamı qucaqlayıb deyir:
-Sənin oğlun bizə lazımdı, Qafar. Biz onu mütləq xilas etməliyik...
Hə, siz hamınız məni xilas etdiniz. Siz-İran Kommunist Partiyası “Tudə”nin rəhbərliyi...Fəqət özünüzü qurtarammazdız bəladan. Hamınız öldürüldü-kimi,kəndir, kimi, gülləylə. Dərmanla.
Xəyanətlə...
Hamımız uşaq idik, təyyarə modelləriylə oynayan uşaq. Fərqmi vardı aramızda? (1988, 12 aprel)

***
“Xonekkerin xəstəxanası”nda mən təkcə elə cismən deyil, ruhən, fikrən də sağaldım, sanki, gözlərim açıldı, “Ayın görünməyən tərəfinə” dəfələrlə baxmaq imkanını qazanıb, son nəticədə tamam başqa-konspiroloji dünyagörüşünə yiyələndim. Dünyanın dörd bucağında cərəyan edən gizli kommunist-imperializm müharibəsinin uzaq uğultusu orda bir dəqiqə belə qulaqlarımdan çəkilmədi. Həmin məxfi döyüşlərin canlı iştirakçısı olmaq xoşbəxtliyi alnıma yazılmasa da, hər halda, mətləbə tam agah oldum-“Hə, belə de...Dünyada gözəgörünməz müharibə gedir...Şəhidlər torpağa basdırılır, şahidlər, yaralılar isə bura gətirilir”...
Məni ən çox təəccübləndirib ancaq eyni halda sevindirən bir başqa cəhət də vardı bu tibb klinikasında- yaralıların çoxu özünə “fədai” deyirdilər! Bu doğma kəlməni- atam da axı fədai idi!- qürbətdə, Avropanın düz göbəyində dəfələrlə eşitmək, vallah, əvvəlcə məni xeyli sarsıdırdı. Sonra öyrəndim buna-“Xonekker klinikası”nda müalicə alanların hamısı-susqun italyan, fransız, almanlar, gülərüz fələstinlilər, doğma iranlılar, Latın Amerikasından xərəkdə gətirilmiş kommunistlər-bir sözlə, hamı...hamı fədaiydi. Çarpayıların üstündə tez-tez Qurani-Kərimlə rastlaşırdım. Ən çox oxunan isə 48-ci “əl-Fəth” surəsiydi-bildiyiniz kimi bu möhtəşəm surədə Peyğəmbərimizin qalibcəsinə Mədinədən Kəbəyə qayıdışından bəhs olunur...”Yaddaşına birdəfəlik həkk olunsun-Quranın bu parçası fədailərə...”-xəstəxəna həyətində əli çəlikli gəzişən bir təbrizli fədai, bunu mənə-13 yaşlı öz həmyerlisinə deyərkən, qəfil, sinəsindən uzun bir inilti buraxdı. Var gücünü toplayaraq, cümləsini axıra çatdırdı- “ fədailərə ünvanlanıb”...
“Adınız nədir?” - ilk görüşümüz vaxtı çaşıb ona bu naqolay sualı vermişdim...
”Nə bilim...az qala öz adımı unutmuşam...Atan bilər indi onu...Yaxşı, sən mənə Əbu Suheyl de”.
Sonra öyrəndim ki, bu fədainin “Əbu Süheyl” adlı ən yaxın dostu təzəlikcə Fələstində həlak olub. Fədailərin isə bir adəti var-şəhid dostlarını adıyla növbəti döyüşlərə gedirlər...Bu biz fədailərin ən ciddi, bir növ dini ayinidir...
Xonekkerin kliniksında bələd olduğum sirlər üzərinə biri də əlavə olundu- almanlar öz tələbələrini əvvəlcə vətəninə deyil, başqa uzaq ünvanlara, məsəlçün Vyetnam, yaxud Nikaraquaya, Fələstin, Yəmənə göndərirlər. Sağ qalarsa, lap axırda öz vətəninə dönüb orda döyüşəcək. Hə, ehtimal var ki, tezliklə dünya mətbuatında “Əbu Süheyl” adı çəkilsin.
Dünya miqyasında ad çıxarmış məşhur sol terrorçu İliç Ramires Sançesin xatirələrini oxuyun-o da özünü “fədai” adlandırır. Yazır: “1975-ci ildə, Fələstin “Fəth” hərəkatının Yəməndəki təlim düşərgəsində iranlı fədai Əbu Əkrəmlə görüşüm - möcüzədir!- islamı qəbul etməyimlə nəticələndi. Fədai olub iman savaşına qatıldım. Bu seçimində tək deyildim-əli silahlı bütün dünya solçuları (alman, yapon, italyanlar və s. i.) “fədai” məktəbinə daxil olub islama üz tutdular”.
Sançesin fikirlərini indi mən davam etdirim, siz də eşidin-SSRİ süqut etdikdən sonra dünyadakı bütün...əksər solçular Sançesin bu seçimini təkrarladılar. İndi fikirləşirəm ki, həmin müqəddəs yolun ilk cücərtiləri elə Berlində, Xonekkerin klinikasında özünü göstərməyə başlamışdı. Şərqi Almaniya partiya rəhbərliyinin 1989-cu ilin sonunda, Berlin divarının yıxılmasından üç-dörd gün əvvəl, qəbul etdiyi son qərarını oxusanız, gözünüzdən sanki qara pərdə düşəcək, bəzi gizli mətləblərə agah olacaqsız. Həmin qərar budur, oxuyun: “Yoldaş Qreqor Qizi tərəfindən göndərilmiş ərizəyə cavab: Şərqi Almaniya “İslam cəmiyyəti”nin xahişinə müsbət cavab verilsin. 136 milyon marka məbləğində pul, A 1752301 saylı ADR pasportunun sahibi yoldaş Əbdül Consa həvalə edilsin”
KİÇİK HAŞİYƏ: Erik Xonekker həmişə Hitler siyasətini bir başqa cür- kommunist sayağı təkrarlayıb. Almanların ikibaşlı oyunu məni indi də təccübləndirir-Qərbi Almaniya İsrailə maddi-siyasi dəstək verdiyi halda, diqqət edin, Erik bunun əksinə əl atır-ərəblərə, yəni Yasir Ərəfata, Qəddafiyə daim yardım göstərir! Deyilənlərə inansaq, Hitler də, ömrünün ən son günlərində, nasistlərin bütün pullarını Qüds müftisi Əmin əl-Hüseyninin İsveçrə banklarındakı hesabına köçürübmüş.
Əl-Hüseyni, unutmayın, “əmin” idi-yəni, bir çox varlı kəslər öz pullarını ona həvalə edibmiş (həmçinin elə Hitler?). 1000 illik bu ənənə nəticəsində yaranmış xəzinədə, indi görün nələr varmış...
Tam ehtiyatla yanaşın indi deyəcəklərimə-bu xəzinəyə mən, “əfsanəvi Qüds ehramının xəzinəsi” kimi baxmaq tərəfdarıyam.
İsveçrə “Qırmızı Xaç və Aypara cəmiyyəti” bizim Əmin əl-Hüseyniyə beynəlxalq pasport vermişdi deyə, o bu sənədlə bütün həbs düşərgələrinə girib-çıxır, almanların əsir götürdüyü müsəlmanlarla gizli iş aparır, İsveçrəyə gedib-gəlirmiş...
Xonekker də öz son günlərində eynən Hitler kimi hərəkət edib partiya amanatlarını müsəlmanlara, əfsanəvi Qüds ehramının xəzinəsinəmi tapşırdı?
Alman siyasi xadimləri həmişə müsəlmanlarla eyni xəzinəni, eyni gizli fikirləri paylaşıb? Kommunistləri də belə olub, nasistləri də?
Əfsanəvi Qüds ehramı xəzinəsindəki müqəddəs əmanətləri, Səlib yürüşləri zamanından bəri qoruyan dəstənin tərkibi həmişə iki dəstədən ibarət olub?-sağ tərəfdə bizim islami, ismaili fədailər dayanıb, sol cinahda isə Avropa cəngavərləri, tramplyerlər, rozenkreyserlər? Deyirəm bəlkə, İsveçrə “Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyəti” bu hər iki cəngavər dəstəsini öz dixilində indəyədək gizləyib saxlayır? ( 2008, 16 avqust).
Davud peyğəmbərin ulduzu heç vaxt bu təşkilatın rəmzləri sırasına qatılmayacaq? (11 sentyabr 2001).



***
Qəti qərara gəlmişəm:“fələstin terrorçuları” ifadəsi gərək bizi aldatmasın- əslində bu şirin bir əfsanə, gözaldadıcı brenddir, biləsiz. Sifətlərini fələstin yaylığı, niqabı arxasında gizləyənlərin çoxu heç ərəb də deyil, vallah-billah, uşaq olub buna aldanmayın- başqa millətin nümayəndələridir(islamı qəbul etmiş almanlar, bizim Təbriz fədailəri və s.i.)! Onları yalnız bircə cəhət birləşdirir-fədai məktəbinə mənsubiyyət! 1972-ci ilin 5 sentyabrında, Münhen Olimpiadası zamanı, İsrail “idmançılarını” girov götürən “Qara sentyabr” Fələstin təşkilatı da, sən demə, elə o cür fədailərdən ibarətmiş... “Girov götürülmüş İsrail idmançıları kim idi?” sualınaın cavabını, bəsdir, daha gizlətməyin-Mossadın xüsusi təyinatlılarıydı onlar! Fədailər, bu “idmançıları” Misirə aparıb orda dindirmək, son nəticədə Mossadın hərbi sirlərinə bələd olmaq istəyirmiş!
Bax buna görə... elə məhz buna görə, Vaşinqtonla Tel-Aviv bu girovların qətlinə əmr veribmiş...(1972, 10 sentyabr).
Hollivud “rejissor”u Stiven Spilberqin bu mövzuya həsr edilmiş “Münhen” filmi məndə ikrah doğurur( 2006, 1 avqust).

HƏBİBULLA NOUBƏXT-YƏNİ, İRANIN YENİ BƏXTİ

“Xonekkerin klinikası”nda müalicə aldıqca, ürəyimə min cür şək-şübhə girirdi, gecələr yuxumu qarışdırırdım. Əvvəla, almanlar bu qədər fədaini neyçün bir yerə toplamışdılar? Bəlkə “fədai” məktəbi üzvləri üzərində tam gizli təcrübələr aparır, biz fədailərin bioloj-mənəvi aləmini, bir sözlə, cinsimizi, irqimizi öyrənirdilər, hə? Bəlkə, kim bilir, yeni mübariz insan növü, fövqəlinsan (Nitşenin sözü olmasın, ubermensh) çıxarmaq istəyirdilər bizim kimi dönməz inqilabçılardan?... Psixofiziologiya ilə məşğul olan sabiq KQB generalı B. N. Ratnikovun bir məqaləsiylə üzləşdim bu son günlərdə. Görün bir o, nə yazır: “Müharibədən sonra istər Sovet, istər Amerika hərbi sənayesindəki bütün yeniliklər qənimət götürülmüş nasist kəşfləriylə bağlıdır. Lakin, texniki ixtiraları qoyaq bir kənara. Almanların insanlar üzərində keçirdiyi tam məxfi psixikofizioloji araşdırmalar da bizim əlimizə keçmişdi. Tibet, Hindistan, müsəlman dünyasının bu sahədəki bütün zəngin təcrübəsi, almanlar tərəfindən bir yerə toplanmış, tədqiq edilmiş, sonra təkmilləşdirilərək canlı insanlar üzərində davam etdirilmişdi. İnsan bədəninin, beyninin bütün gizli imkanları bir lahiyə çərçivəsində sınaqdan çıxarılmış, fövqəlinsan yaradma yolları bütün incəliklərinə qədər araşdırılmışdı”.
Bəlkə elə həmin təcrübələr davam etdirilirdi Buxdakı “Xonekker klinikası”nda? Axı nasistlər 30-cu illərdə yalnız iranlılarla yaponları “aryalı” hesab edərək onlara almanlarla ailə qurmağa icəzə vermişdilər. 1935-ci ildə Rza şahı hətta məcbur etmişdilər ki, ölkənin adını (Persiya) dəyişib onu “Şahnamə”dəki “İran”-la (yəni Aryana) əvəzləsin.
Yəhudilərin tarix boyu Təbriz kimi əhəmiyyətli, böyük şəhərdə olmamasını bilincə, almanlar lap ağıllarını itirirlər. Təbrizdəki alman konsulları Şulse-Xoltus, P. Leverkyun şəhərimizin bütün qədim məzarlıqları gəzdikdən sonra, tez Berlinə teleqramm vururlar ki, bəs, heç bilməmişik- “Əsl qanı təmiz aryalılar məhz Təbrizdəymiş, vəssəlam!...İsmaililərin fədai məktəbi də (almanlar bizim fədailərə “assasin” də deyirdilər) sən demə gizlincə elə daim bizim şəhərdə mövcud olub, Səttərxan, Xiyabani hərəkatı zamanı bütün İranı titrədib!”
Fədailər isə, almanların fikrincə, müsəlman fövqəlinsanlarıdır. “Yapon samurayları+İran fədai məktəbi+rozekreyser, taplyer cəngavərləri=SS-in yeni fövqəlinsanı!” müddəasını əsas götürərək, almanlar İsmaili təriqəti, Təbriz fədai məktəbi üzərində məxfi tədqiqatlara başlayırlar.
O vaxt İran milli məclisinin Həbibulla Noubəxt adlı bir almanpərəst üzvü varmış. “Noubəxt” farsca “yeni bəxt, yeni tale” deməkdir. Adından göründüyü kimi, İran faşistlərinin bax bu başçısı öz məmləkətinə “yeni bəxt” gətirmək istəyərək Nitşenin “Zərdüşt belə deyirdi” əsərini, Hitlerin “Mənim davam” kitabını farscaya çeviribmiş. Düzdü, 1942-ci ildə ruslar onu oğurlayıb Sibirə basdılar, ancaq noolsun, Xonekkerin klinikasında gördüklərim mənə deyir-almanlar biz iranlılar üçün həqiqətən “yeni bəxt, yeni insan” yaratmaq istəyirlər. Həbibulla Noubəxtin işi davam edir.
İnşallah, ruslar bizim kimi yeni Noubəxtləri Sibirə göndərməzlər (1975, 12 iyul).

***

İsmaili təriqətini, onun fədailərini Təbrizə gətirib çıxaran gizli yolları öyrəndikcə, yuxumu itirdim, nələrə...hansı sirlərə bələd oldum, bir mən, bir də göydəki Allah bilər. Bunun qısa tarixçəsi isə belədir:
X1-ci əsrin sonuna yaxın, Həsən ibn Səbbah adlı möhkəm iradəli bir ismaili təriqətçisi, Qəzvinin əlçatmaz, ünyetməz Əlamut qalasını ələ keçirib orda fədailərin baş qərərgahını qurur. Bütün müsəlman Şərqindəki zülmkarlara qarşı terrora keçib xalq arasında məşhurlaşır. “Fədai” adlanan islam nindzaları əsl fövqəlinsanlara çevrilib bütün dünyanı silkələyir.
Tarixçilərə bir sualım var-Səlibçilərin Şərqə hücumuyla təxminən eyni vaxtda baş vermiş bu üsyan, bəlkə bir mərkəzdən idarə olunub, hə? Diqqət edin, Səlibçilərlə ismaililər həm müttəfiq, həm də düşmən idilər. Hər iki qüvvə uca qəsrlərdə gizlənən cəngavərlərdən ibarət idi. Hər iki qüvvə Qüds xəzinəsinə nəzarət etmək fikrindəydi...
Səlibçilər fədailərə “assasin” deyirmişlər. Uzaq Avropadakı öz daxili çəkişmələrinə çox vaxt bizim fədailəri də qatırmışlar. İsveçrənin “Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyəti” bəlkə o vaxtkı bu əməkdaşlığın günümüzədək gəlib çatmış bir yadigarıdır, hə?
Nasistər bu ənənənimi inkişaf etdirmək fikrindəydilər, hə?(2003, 12 aprel)

***

Qayıdaq ismaililərin tarixinə. Monqol istilası nəticəsində Əlamət qalası dağıdılır, Səttərxan hərəkatına qədər “fədai” kəlməsi kimsənin dilinə gəlmir.
Lakin ismaililərin gizli kitablarında belə bir məlumat var: “Əlamət alındıqdan sonra sonuncu ismaili hökmdarı, fədailərin başçısı Rüknəddin Xurşah gizli yollarla gəlib Təbrizə çıxır. Təriqət “dayı”larını bir yerə toplayıb, oğlu Məhəmməd Şəms Təbrizini onlara təqdim edir. Bu dərviş bilirsinizmi kimdir?- türk sufiliyini təsis etmiş Cəlaləddin Ruminin piri Şəms Təbrizi...
Beləliklə Təbriz, fədailərin gizli paytaxtına çevrilir. Lakin, Şah İsmayıl hərəkətına qədər, Təbriz fədailəri “qılınc və qələm” fəlsəfəsinə söykənərək bir müddət qələmə, sözə üstünlük verirlər. Sonra “qılınc” dövrü gəlir-“qızılbaş” adını götürmüş fədailər növbəti qələbələrini qazanıb İran tarixinin istiqamətini dəyişirlər. Çaldıran məğlubiyyətindən sonra fədailərçün yenə qələm dövrü başlayır. Səttərxan, Xiyabani hərəkatı zamanı üstünlük yenə qılınca verilir...

DOKTOR BAUERLƏ SÖHBƏTLƏR

“-Siz deyənlər, ismaili müəllifi Fidai Xorasaninin “Kitab bi hidayət əl-mömünün ət-talibin” kitabında var. Həmin məxfi kitabı rus konspiroloqu A. Semyonov tərcüməsiz-filansız çapa hazırlayıb, atanız isə onun 1959-cu il Moskva nəşrinə rəy yazıb. Fədailərin mətnləri gizlidir-çox vaxt bir kitabın iki, bəzən üç müxtəlif nüsxəsi olur. Məşhur münəccim Nasirəddin Tusi fədai idi, qiymətli daşlar haqqında yazdığı “Tənsuq-nameyi Elxani” kitabını da atanız nəşr edib. Lakin bu kitab da iki nüsxədədir-avam hökmdarlara onun naqis, aqil fədailərə isə onun tam mətni təqdim olunur. Biz almanlar İran əlyazmalarının bu sirrini bildiyimizə görə hər bir qədim kitabınızın bir neçə nüsxəsini əldə etmək istəyirik. İngilislər bizi bu sahədə üstələmək istəyir...Əsas gizli nüsxələr indi də üzə çıxarılmır. İran əlyazmaları həmişə bilərəkdən göz aldadaraq, diqqəti başqa istiqamətlərə yönəldir...
-Siz bizim sirləri öyrənirsiz?
- Sizin doğma əminiz İbrahim Herisçi 30-cu illərdə Brestdəki Fransa Hərbi-dəniz Akademiyasını bitirib, eləmi? 1941-ci ildə İrana cənubdan hücum çəkən Britaniya gəmiləriylə təkbaşına döyüşüb həlak olub? O, İranın ilk milli qəhramanıdır? Bilirdinizmi ki, onun “Bəbir” adlı gəmisində alman SS-çiləri də varmış? Onlar bir yerdə qəhrəmancasına döyüşüblər. Bütün o vaxtkı İran ordusunda yalnız sizin əminiz Antanta qüvvələriylə təkbaşına döyüşə girib...Hə, fədai nəslindən olanlar bir başqa aləmmiş...”
Məni müalicə edən doktor Bauerlə aramızdakı bu söhbətə aldanmayın. Onu yalnız yuxuda eşitmişəm mən (30 aprel, 2009)

***

Söhbətimizin axırını o, qulağıma pıçıldadı:
-Əminiz İbrahim Herisçi, gərək biləsiz, Hitler Almaniyası tərəfdarıydı. Hürrəmşəhrdəki İran Hərbi-dəniz qüvvələrinə rəhbərlik edən əminiz, daim bizim SS-çilərlə bir yerdəydi. Yadda saxlayın, o, təkcə İranın deyil, həm də Almaniyanın qəhrəmanı adına layiq görülüb. Alın, bu sənədi şəxsən Hitler özü imzalayıb (12 noyabr, 2006).

***

Eynən bax bu söhbət də aramızda heç vaxt olmayıb:
-İsmaililər, Səlcuq sultanlarının vəziri Nizam əl-mülkü niyə görə öldürdülər 1092-ci ildə? Kim öldürdü onu?
-Bu Tahir Arrani. Adından da göründüyü kimi bu ilk şəhid fədai Arranlı idi, yəni indiki Gəncə tərəflərdən gəlmə fədai idi. Qətlin səbəbi barədə isə yalnız bunu desəm bəsinizdi: Nizam əl-mülk, “maddiyyat, mülkiyyət aləminin nizamını” çox haqsızcasına nizamladığı səbəbdən Həsən ibn Səbbahın qəzəbinə tuş gəldi. Vəziri öldürüb “mülkiyyət nizamını” pozan fədailər sonra “ruh aləminin nizamıyla” məşğul oldular. Nəticədə Arranın paytaxtı Gəncədə yeni “Nizam əl-ruh” peyda oldu-yəni, “Xəmsə”nin müəllifi Nizami Gəncəvi. Bu Tahir Arraninin maddi aləmdəki əməlini həmyerlisi şair Nizami ruhlar aləmində, poeziyada davam etdirdi.
-Budurmu fədailərin “qılınc və qələm” fəlsəfəsi?
-Bəli.
-Gərək biləsiz- Hitlerin mənəvi atası sayılan məşhur qeopolitik Karl Xausxofer, hələ səlib yürüşləri zamanı Avropaya köçmüş fədai nəslindəniymiş...


Heartland-DÜNYANIN GÖBƏYİ

-Hə, Hitlerin mənəvi atası sayılan Karl Xausxofer “qeopolitika” elminin banisi sayılır. Qədim zadəgan Qoqenşataufen (onlara Qibbelin də deyirdilər) nəslinə aid olan bu insanın damarlarında ismaili fədailərinin qanı da axırmış. Orta əsr alman feodallarının sizin fədailəri, yəni “assasinləri” Avropaya dəvət etmələri barədə, bizim alimlər bir çox kitablar yazıblar.
-Xausxofer həm də yapon samuraylarıyla bərk əlaqədəymiş.
-Yadda saxlayın, Hitlerlə Xausxofer yeni insan irqi yetişdirmək fikrindəydilər. Alman irqini əslində sevmirdilər. İstəyirdilər dünyadakı “fövqəlinsan” irqi nümayəndələrindən yeni “günəş insanı”-“sonenmensh” yaratsınlar. Yapon samurayları, müsəlman fədailəri, Avropa rozekreyserləri... SS-çilər məhz bu qanların birliyi sayəsində yeni insan irqini dünyaya gətirməliydilər.
-Bunu indi Xonekkermi davam etdirmək istəyir? Buna görəmi “Yapon Qırmızı Ordu” samurayları sizlərlə əməkdaşlıq edirlər?
- ...
-Görürəm ki, sualım xoşunuza gəlmədi. Beləysə mövzunu dəyişək. Qayıdaq İran söhbətlərimizə. İrandakı Abver cəngavəri Frans Mayerin gündəliyini oxudum-rus tədqiqatçısı Orişev A. B. onu FSB arxivlərində aşkarlayıb. Xausxofer nəzəriyyəsinə uyğun olaraq Mayer, İranı “xartland”-yəni, dünyanın göbəyi elan edir. Yazır-“Kim İranı nəzarətə götürsə, müharibədə qələbə çalacaq”...İranı ruslarla britaniyalılar nəzarətə götürüb Hitlerə qalib gəldilər...
-İrandakı fədai məktəbi, assasinlərin ruhu...Hitler bunun aşiqiydi...


NƏTİCƏ


İllər keçdi. Faşist Almaniyası da məğlub oldu, kommunist Almaniyası da. İranda inqilab baş verdi. Lakin vaxtilə Şərqi Almaniyada “eşitdiklərim, gördüklərim, bildiklərim” indi də beynimi silkələyir...
Bəlkə Xonekkerin klinikasında aparılın o qədim SS lahiyələri həyata keçib artıq?
Yeni insan cinsi-“günəş insanı” ( yeni fədailər!) artıq yeni həyata qədəm basıb?
Müqəddəs Qurandakı “əl-Fəth” surəsi deyilənə görə, fədailərə ünvanlanıbmış. Bu gün yenə həmin möhtəşəm surəni oxuyuram. Ərəb əlifbasıyla yazılmış “Fəth” kəlməsini tərsinə oxusan, o ərəbcə “ölüm” mənasını verəcək. Yəni, fədailərin iki seçimi var-ya ölüm, yaxud qələbə...
Bu surədə Allahın “Qafar” adı da çəkilir.
Vaxtilə babam Quran açar, öz övladlarıyçün ordan ad axtararmış.
1923-cü ildə körpə oğlunun sifətinə baxan Əlixan Herisçi yenə Quran açır, görür ki, Allah-təala ona “Əl-fəth” surəsini göndərib...Allahın “Qafar” adı da var bu surədə.
Babam öz övladına Qafar ismini verir.

***
Sonralar, 1941-79-cu illərdə həmin Qafar bütün Təbriz fədailərinin başçısı kimi tanınacaq...Lakin kimsə bunu bilməyəcək. Hətta fədailərin özü də.
Fədailərin qədim adəti bunu belə istəyirmiş.




Oxunub: 686 dəfə.

Комментариев нет: