четверг, апреля 08, 2010

İlhamiyyə RZAYEVA, Həmid HERISÇİ
marakaqol@rambler.ru

09 -01 -2010 . BİZİM XALÇA

TƏBRİZ DÜYÜNLƏRİ

1990-cı ilin ilıq baharını mən heç vaxt unutmayacağam-Cəlilabadın gözəl, daşlı-dərəli Ləkin kəndində bir-iki gecəni yuxusuz keçirsəm də nəhayət çoxdankı arzuma yetişdim-sərhəddi qanunsuz keçib üz tutdum doğma Təbrizə, Hacı Cabbar Naib küçəsindəki qədim dədə-baba yuvamıza. Başım üzərindəki ayın nuru, Bilharu çayının palçığı, yolda üzləşdiyim gülərüz çobanlar, mənə Təbrizin yolunu göstərən xeyirhaq insanlar...bir sözlə, fədakar bir əzm-niyyət məni qədim tilsimdən çıxarıb vətənimə yetişdirdi.
Budur, artıq doğma yurdumdayam, yaşı 70-i ötmüş qocaman bibim Əqdəs əmmə qulluğumda dayanıb, sübh namazını qılınca tez mətbəxə keçir, “sübhanə”mi hazırlayır, qaymağa bal qatır, təndirdən çıxardığı çörəyi süfrəyə tapşırıb mənə çay süzür. Sonra keçir xalça toxumağa. Qədim Təbriz naxışlarına dəyən ağır çəkicin səsi bütün günü susmur, həyətdəki toyuq-cücənin qaqqıltısını eşildilməz edir. Qəfildən o çəkicin küt səsi qeybə çəkilir:
-Həmid, bala, Peyğəmbərə vəhy gələn günlərdə, cahiliyyə vaxtlarında müqəddəs Kəbə, əsdəxfürüllah, qadın kahinlərin ixtiyarındaydı. Hə, mənim kimi dərdə-qəmə düçar olmuş qadınlar Kəbəyə qədəm basınca, bütlərin qarşısında diz çökür, öz niyyətlərini həyata keçirməkdən ötrü ordakı ağaclara, daşlara
ip-sap düyünləyirdilər. Elə indinin özündə belə get kəndlərə, görəcəksən ki, bu adət oralarda hələ də qalır. Peyğəmbərimiz o vaxtlar biz qadınların bu cahil adətinə son qoydu, dedi ki, ay xanımlar, bəsdir daşa, ağaclara inandığınız, bütlərin əl-ayağına sap sarıdığınız, gedin xalça toxuyun, düyünlərinizi ora həkk edin. Hə, bax o zamanlardan biz day cadu-pitidən əl çəkdik, düyünlərimizi xalçalara köçürdük, niyyətlərimizi kilimlərə dedik. Olduq müsəlman...Həm də xalçaçı... Cadu sındı, xalça yarandı o vaxtan, a bala. Görürsən, əmmənin bu ağır çəkici bircə dəqiqə sakit dayanmır.
Əqdəs əmmə bu kəlmələri sanki mənə deyil, toxuduğu Heris xalçasına deyirdi. Ünvanıma dediyi sözlərin ahəngi isə tam başqaydı:
-İndi sən danış. Görüm sən atanla indiyədək neynəyibsən. Danış, qoy əmmən eşitsin qəm-qüssənizi.
O vaxt bibimə nələrsə danışdım. Söhbət zamanı o, işindən qalmır, elə hey öz xalçasına ilmək vururdu. Sükuta daldığımız vaxt bir cümlə eşitdim ağbirçək bibimdən:
-Biz xalçanı satan təbrizlilərdən deyilik ki. Xalçanı silaha, əsləhəyə dəyişənlərdənik.

***

Aldanmayın mənə. İndi sizə deyəcəklərimi, bəli, o vaxt Əqdəs əmməmə danışmadım. Ancaq indi bir istəyim var-elə bilin ki, yenə də Təbrizdəyəm, xana arxasında əyləşmiş çadralı bibimə nələrsə danışırım. Guya bibim bu sözləri eşidib astaca başını yırğalayır, tarixin naxışlarını öz xalçasında təkrarlamaq istəyir.
Demək, razılaşdıq sizlə. Elə bilin ki, Təbrizdəsiz, kimsə bir az aralı yerdə əyləşib xalça toxuyur. Tarixin salnaməsi öz xalçasını bir tərəfdə toxuyur, Əqdəs əmməm bir başqa digər səmtdə...


MOSKVA DÜYÜNLƏRİ

1981-ci ildə, İran inqilabının ən qızğın vaxtlarında, “Mosfilm” kinostudiyası nəhayət qeyrətə gəlib İran mövzusuna əl atır-mavi ekranlara, bəli, “Tehran-43” filmini çıxarır. Sovet, Fransa, İsveçrə, İspaniya kinomotoqrafçılarının (kəşfiyyatçılarının?) birgə məhsulu olan bu filmə, xahiş edirəm, bir də baxın. Sual verin özünüzə- “Xeyir ola, neyçün İran inqilabının cırhacır vaxtında Moskva, tamaşaçıların diqqətini müasir deyil, köhnə dövrlərə yönəltmək istəyir? Hə, bilirik- 1943-cü il Tehran konfransı zamanı Hitler kəşfiyyatı Tehranda təxribat törətmək istəyirmiş. Hə, bilirik, eyni sözü təkrarlayıb baş-qulağımızı dəng etməyin- o vaxt faşistlər, bəli, Tehrana qonaq gəlmiş Ruzvelt, Stalin, Çerçili qətlə yetirmək fikrindəymişlər. Hə, o vaxtkı Tehranda “əlbir olub bir ayı (ruslar!) bir şir ilə ( Britaniya şiri ilə!), ovladılar Hitleri tədbir ilə”...
Ancaq, diqqət edin, həmin filmdə bir gizli parelel, qoşa süjet də var-Tehrandakı o vaxtkı faşist aqenturası, yəni, Şerner, Maks Rişar indi, 70-80-ci illərdə, bəli, bir də “bəli!”- hələ sağdırlar! Hələ də yaşayırlar! Avropa kafe-restoranlarında, Sena sahillərində tapancaya əl atıb Alen Delon kimi cəsur inspektorları al qana bulayırlar...
Lap möcüzədir, vallah- Həmin köhnə hitlerçi aqentura, ay bərəkallah, heç bilməmişdik, indi də Tehrandan vurub Parisdən çıxırmış, Antanta itifaqını elə indi də qorxu altında saxlayırmış ki!
Filmin baş məsləhətçisi görün kimdir, kim?-KQB sədri Yuri Andropovun müavini V.F. Çebrikov! Bir başqa “məsləhətçi”nin adını da, noolar, yaddaşınıza həkk edin-V. Spolnikov...Kimdir o?
Kim?
Bu şübhəli “film”i lentə alanlar arasında İsveçrənin “PRO DİS FİLM AQ”, Fransanın “MEDİTERRANO SİNEMA” şirkətlərinin adına da- diqqət!diqqət!- titrlərdə rast gələ bilərsiz. İcazə verin burda mən öz fantaziyalarıma qapılım- həmin fransız tapmacasında, keçmiş prezident Fransua Mitteranın mübarək adını eşidim.
Yenə də əvvəlki sualıma qayıdıram-“Yaxşı, xeyir ola, Moskva neyçün indiki İran inqilabı dövründə nastolji hisslərə qapılıb? Neyçün...niyə bu filmdə, sovet kəşfiyyatçısı ilə fransız gözəlinin 1943-cü il “sevdası” ön plana çəkilir? Bu “qara sevda” nədir böylə, canım?...Bəlkə burda köhnə (2-ci Cahan Hərbindəki!) “Sovet-Britaniya-Amerika-Fransa” sevdasına gizlincə işarə vurulur, hə? Köhnə antifaşist, Fransa müqavimət hərəkatının iştirakçısı, tanınmış mason, dünya pərdəarxasının bir çox sirlərinə bələd olan Fransua Mitteranın adı, bəli, neyçün bu filmdə, mütləq gizli bir şifrlə getməliymiş görəsən?
Bir başqa sual-“Mən İran inqilabının cikinə də, bikinə də bələdəm. Bilirəm ki, bu inqilabı hərəkətə gətirən qüvvələr kimdir, nəçidir...Moskvada bu işə, ancaq Sov. İKP “Beynəlxalq əlaqələr şöbəsi” (B. Ponamarev, M. Suslov) müdaxilə edə bilər. O da birbaşa deyil, Şərqi Alman kəşfiyyatı “Ştazi”nin vasitəsiylə! Yaxşı, Çebrikov kimi bir KQB məmuru neyçün İran tarixi ilə əlaqədar “baş məsləhətçi” seçilib? Bəlkə...
Bəlkə, deyirəm, tarix yenidən təkrar olur indi, hə? Antantanın indiki İrandakı düşməni yenə də Almaniyadır?
Bircə fərqlə-onu deyəsən Şərqi Alman kəşfiyyatı “ Ştazi” əvəz edir indi.
Beləysə, qanımız getdi. 1943-cü il Tehran hadisələrinin təkrarını gözləyin...Almaniya havasını udmuş bütün inqilabçıları-fərq eləməz kommunist, yaxud islamçı olsun!- böyük təhlükə gözləyir! Antanta yenə də hücuma keçir. Sov. İKP “Beynəlxalq əlaqələr şöbəsi”, onun vuran əli “Ştazi” səhnədən silinir-yerini ötürür KQB-yə. Hə, kommunist hərəkatı bu üç hərifli əjdahanın əlinə keçdimi, hazırlaşın, beş altı ildən sonra marksizm-leninizmin qəbri üzərinə al çiçəklər düzəcəksiz. Allah özü bu işin axırını xeyrə calasın-kommunizmi ilk olaraq İranda satacaqlar. Moskvanın 1921-ci il Gilan, 1946-cı il Pişəvəri hadisələri dövründəki xəyanətkar siyasəti, bəli, təzədən gündəmə çıxacaq (Şəxsi gündəliyim. 1983, 22 yanvar).

***
Rica edirəm, söhbətimizin bu yerində qoy Əqdəs əmməmim toxuduğu Təbrix xalısı gözləriniz önündə canlansın. Bəli, biz bir başqa xalça toxumaq istəyirdik həm siyasətdə, həm bu mürəkkəb həyatda. Moskva, London, Vaşinqton, Parisin o vaxt toxuduğu isə min bir rəngli xalı deyil, əsl hörümçək toruydu vallah...

***
Mövzunu qısaldaq. Belələliklə, 1981-ci ildə Moskva “rejissorları” tarixin təkərini 40 il öncəyə fırlayıb “Tehran-43”-ə qayıdırlar.
1941-ci ildə İrana soxulmuş həmin köhnə müttəfiqlər bu dəfə beynəlxalq kinobriqada şəklində təşkilatlanıblar.
İranda axtardıqları isə gör kimdir?- Şerner, Maks Rişar adıyla işərələnmiş əski Abver agentləri. Həmin adları ağ təbaşirlə qara yazı taxtasına həkk edək. Araşdırıb görək-İran islam inqilabı dövründə bu adlar niyə ön plana çıxdı? Neyçün, niyə görə Moskva, Paris, London kinorejissorları həmin dövrdə nastolji hisslərinə qapılıb köhnə məhəbbətlərini xatırladılar?
Məhəbbət də köhnədir, elə düşmənin özü də. Rejissorlar ona şərti olaraq “Şerner” adını veriblər.



***
Əqdəs əmmənin toxuduğu xalça hələ ki, bitməyib. Elə bizim söhbətimiz də. Təbriz naxışlarını döyən qədim çəkic, öz musiqisini dərk edib eşidəcək dahi bir bəstəkar axtarır bu fani dünyada.


TÜRKİYYƏDƏN ALMAN GƏLİR, HİTLER KİMİ OĞLAN GƏLİR (40-CI İLLƏRİN TƏBRİZ BAYATISI)

“1935-ci ildən İrana sürətlə daxil olan alman nasizmi tez bir zamanda ölkə əhalisinin sevgisini qazanır” fikrimiz, xahiş edirəm, sizi təəccübləndirməsin. Məsəlçün, Təbriz bələdiyyəsinin gözəl binasını 1938-ci ildə elə almanlar inşa edib-özü də, yuxarıdan baxsan, o nasist qartalı şəklindədir. Dediklərim təkcə elə bununla bitmir. O cür memarlıq əsasında tikilmiş binaları nasistlərin “ordensburq” adlandırdığını da gəlin unutmayaq-görünür gələcəkdə 3-cü Reyxin Qafqaz şöbəsi məhz bu gözəl binada yerləşməliymiş...
Məhərrəmlik günlərində Təbrizdəki alman konsolluğu əhaliyə qəmə-qılınc paylayırmış ki, gedib təziyədə alınlarını qana boyasınlar. Ancaq, dayanın bir, məgər bu əhalini silahlandırmaq üsulu deyilmi, hə, soruşuram?
Təbrizlilərin saqqızını oğurlamaqçün o vaxt Hitler qəribə üsula əl atır-Alman hökumət binalarını bəzəyəcək xalçaları məhz Təbriz ustalarına sifariş verir-beləliklə, təbrizliləri işlə təmin edərək özünü Təbrizdə hamıya sevdirir.
“Sovet-Britaniya qüvvələri məhz bu üsyanın qorxusundan 1941-də İranı işğal ediblər” cümləsini xüsusi bir nida işarəsiylə bitirsək, inanın, yanılmarıq. Lakin, elə həmin tarixdən üzübəri bütün İran tarixi elə bu “alman” üsyanını həmişə həyata keçirmək istəyib. 1942-43-cü ildə baş verəcək həmin üsyanı bəzi alimlər ancaq indi-indi öyrənməyə başlayıblar. Qiyamçılara SS cəngavəri Frans Mayer başçılıq edirmiş. Üsyan bircə zərbəylə çökməsin deyə, almanlar öz qüvvələrini iki hissəyə parçalayıbmışlar-zabitlər ayrıydı, ruhanilər ayrı. “X” saatında onlar birləşib hakimiyyəti devirməliymişlər...
“Tehran-43” filmində həmin üsyançıların yalnız bir qanadı-hərbi cinahı göstərilib. İkinci dəstə isə Tehranda deyil, Qum şəhərindəymiş. Bax bu dəstə tuthatutdan salamat qurtararaq, 1953-cü ildə o qiyamı yenidən həyata keçirməyi planlaşdırır. Bu dəfə millətçi-dinçi qüvvələr ayətullah Kəşani, Davud Münşizadə ətrafında toplanırlar (bax “Mefistofel” məqaləmizə)
Amerika cəsuslarının o vaxt Tehranda həyata keçirdiyi “Ayaks” əməliyyatıyla bağlı bir çox sənədlər artıq çap edilsə də, xahiş edirəm, inanmayın bu mənasız cızma-qaraya. O vaxtkı “Qorxulu Tehran”da Britaniya Mİ-6 kəşfiyyatının keçirdiyi “But” (təpik) əməliyyatını izləyin. Hə, bax bu əməliyyatın sənədləri hələki çap edilməyib neyçünsə. “Ayaks”ın hədəfi, bəli, Müsəddiqi devirmək idi-bunu hamı bilir. Sonrakı “But” əməliyyatı zamanı isə “but”-yəni təpik, məhz köhnə abverçilərə-Münşizadə ilə Kəşaniyə dəyməliymiş. Almanpərəst qüvvələr yenidən tərk-silah edilməliymişlər.
Lakin, Kəşaninin hazırladığı “islam inqilabı” fikri İranda hələ uzun zaman yaşayacaq. Bəli, Kəşanidən sonra Xomeyni, Mütəhhəri, Beheşti kimi ayətullahlar, yenə də Münşizadənin iştirakıyla, bu lahiyəni axır ki həyata keçirəcəklər. Əməliyyatın bu dəfəki sifarişçiləri yenə də almanlardır. Şərqi Almaniyanın “Ştazi”si Moskvanın tapşırığıyla gecələr yatmır-İranda islam inqilabı hazırlayır. O Şərqdə baş verəcək kommunist inqilablarının birinci həddi kimi düşünülüb. Hitlerin, Frans Mayerin həyata keçirəmmədiyi İran əməliyyatına indi Erik Xonekker ikinci nəfəs verməyə hazırlaşır. Şərqi Almaniya fabriklərində tikilmiş bir milyona yaxın tünd yaşıl rəngli gödəkçə tezliklə İrana göndəriləcək, fədailərin hərbi geyiminə çevriləcək, Təbrizdə “over koti almani” (yəni, alman gödəkçəsi) adıyla tanınacaqdır. İran inqilab keşikçiləri indiyədək həmin gödəkçələrini soyunmayıblar...
Leypsiqdən idarə olunan bu nəhəng məxfi əməliyyatın dairəsi çox genişdir-İmam Xomeyni, Fransua Jenu, Yasir Ərafat, Davud Münşizadə, Çauşesku, Xonekker, Qəddafi...Boris Nikalayeviç Ponamaryov...Hə, bir də biz-İran kommunistləri-atam, İyrəc İskəndəri, yazıçı Bozorq Ələvi, yoldaş Əqahi, onlarla digərləri.
Ən axırda isə mən-bir yeniyetmə Təbriz fədaisi. Bütün partiyamızın sevdiyi gənc mübariz komsomolçu...Alay oğlu.

PYER DE VİLLEMAREST

1978-ci il Təbriz üsyanıyla vəziyyət idarəolunmaz hala düşür-bu üsyanı hələ 1942-43-cü illərdə yerli fədailərin əliylə həyata keçirmək istəyən almanlar artıq öz arzularına çatıblar-bütün İran od-alov içindədir. Təbriz fədailərinin İmam Mehdi ordusu “Ceyşullah” bütün İrana səpələnərək aləmə meydan oxuyur-şahənşahın seçmə “Cavidan” qvardiyasını silkələyir. Vaxtilə Kayzer Vilhelm, sonra Hitlerin planlaşdırdığı “Fəth” əməliyyatını indi Erik Xonekker həyata keçirir-Almaniya öz qədim arzusuna yetişir, müsəlman aləminə hakim qüvvə kimi daxil olur. Lakin bu dəfə nasizm ilə deyil, kommunist ideologiyası vasitəsiylə. Fələstin Azadlıq hərəkatı “Fəth”, Liviya prezidenti Qəddafi, bir sıra başqa qüvvələr, 30-40-cı illərin müsəlman liderləri kimi, yenə də Almaniyanın ixtiyarındadırlar.
Bunu tarixdə ilk dəfə mən deyirəm, siz də eşidin: Amerika, Britaniya, İsrail kəşfiyyatının qulağı dibindən səssizcə sivişib keçən bu məxfi “Ştazi” əməliyyatını ilk dəfə dərk edən kəs bilirsinizmi kim oldu?-ünlü fransız kəşfiyyatçısı, konspiroloq Pyer de Villemarest! Bəli, bir də bəli! Məhz o!
Köhnə hitlerçiləri yaxşı tanıyan, məxfi nasist təşkilatlarını daim güdən Villemarest bizim “Fəth” əməliyyatımızın nə olduğunu, hardan gəlib hara getdiyini, qəfil, gözlənilmədən dərk edib, barmağını dişlədi. Pencərəsini açıb doğma Parisini bir daha gözdən keçirdi.
1978-ci ilin sarı payızıyla sevişməyə özündə güc tapmayan qoca kəşfiyyatçı, pencərəni örtüb telefon dəstəyini götürür- köhnə dostu, Fransa sosialistlərinin başçısı, məşhur mason Fransua Mitterana zəng vurur:
-Fransua, bilirsən, bu gözəl payıza baxdıqca köhnə günlərimizi xatırladım-necə, alman nasistləriylə vuruşur, sonra gizli kafemizə yığılıb növbəti əməliyyatlar haqda düşünürdük. Gəl yaddaşımızın pasını birgə silək, o günləri bir daha xatırlayaq.
***

İndi gəlin o məşhur “Tehran-43” filminə qayıdaq.
1943-cü il Tehranını göstərən kinokadrlar orda təsadüfən yarıda kəsilmir, 70-ci illər Parisinə, gözəl Sena sahillərinə boş-boşuna səyahət təklif etmir öz tamaşaçılarına. Cazibədar fransız kəşfiyyatçısı Alen Dalona valeh qalıb gerçəkliyi unutmayın-bu kinoulduzu gözünüzdən silib, qocaman Pyer de Villemaresti görün qarşınızda. Filmin titrlərində gedən “MEDİTİRRANO SİNEMA” tapmacasında Fransua Mitteranın mübarək adını oxuyun. Bir başqa cür eşidin həmin epizodlardakı söhbətləri:
-Fransua, nasistlərin bir qismi, xüsusən Abverin “Yaxın Şərq” bölməsi, başda İsveçrə bankiri Fransua Jenu olmaqla öz köhnə əməllərindən qalmır- Xonekkerlə birləşib yenidən müsəlman Şərqini çalxalayır. Abverin “Fəth” əməliyyatı qəbirdən xortlayıb-bu dəfə Sovetlər onu islamla kommunizmin sintezi şəklində həyata keçirmək fikrindədirlər. Əməliyyatın indiki icraçısı Şərqi Almaniya “Ştazi”sidir. Gör na günə qaldıq-Fransa öz müsəlman müstəmləkələrini itirir, Almaniya isə Şərqə qayıdır...
Mitteranın çaşqın sükutunu görən Villemarest sözünə davam edir:
-Fransua Jenunun köhnə iranlı dostu ayətullah Xomeyni Parisdədir. İndi “Ştazi”yə işləyən bu İsveçrə bankiri daim ayətullahı ziyarət edir, xərclərini ödəyir. Onlar hələ 1938-ci ildən tanışdırlar. Hitlerin Şərqdə, İranda planlaşdırdığı islam inqilabına indi Berlin, Moskva sahib çıxır-sən demə Şərqdəki inqilabi preses islamdan başlayıb sonra sosializm pilləsinə keçməlidir.
-Pyer, nə təklif edirsən indi? Sən məni həyəcanlandırdın.
- Moskva, London, Vaşinqtonla əlaqəyə girin. Danışıqlara başlayın. Xonekkeri, almanları bu əməliyyatdan kənara çəkmək lazımdır. Qoy Kreml Şərqdəki öz işlərini həmişəki kimi KQB, QRU vasitəsiylə həyata keçirsin. Onlar müsəlman şərqində Ştazi qədər peşəkar deyillər-işə yiyələnincə onu batıracaqlar. Tehrandakı rus aqenturası çoxdan Amerika, Britaniya kəşfiyyatı nəzarətindədir-“Yeddi qapı” (Seven doors) əməliyyatı Tehranda saat kimi işləyir, bütün sovet cəsus şəbəkəsi çoxdan ovcumuzun içindədir. Mən dünən Nofel-le-Şato küçəsindəki Xomeyni qərərgahına getdim, müsahibə almaq bəhanəsiylə ayətullahla görüşdüm. “Tudə, Fransua Jenu, 1938-ci il, Nəcəf şəhəri, Həzrət Əlinin məqbərəsində məxfi görüş” sözlərini dilimdən çıxarınca, bu qoca molla yerindən qalxıb otağı tərk etdi.

***

“Tehran-43” filmindəki Paris mənzərələrinin altından qaçan xəttlə bu söhbətin mətnləri getsə, hə, həqiqət üzə çıxar-Mitteranın (əslində dünya mason lojasının) işə qarışmağıyla Moskva, Londan, Vaşinqton zati-aliləri dəyir bir-birinə. 1978-ci ilin noyabrında ABŞ bəyanat verir ki, lazım gəlsə İrana ordu çıxarıb islam inqilabını qan gölündə boğacaq. Moskva anında cavab qaytarır-22 diviyam Arazı keçməyə hazırdır...
Havadan qan qoxusu gəlməyə başlayır. Lakin tezliklə bu zidd qüvvələr öz aralarında razılaşırlar-Xonekker, Ştazi, Tudənin almanpərəst rəhbərliyi İran inqilabı sükanını buraxıb kənara çəkilsə, işini sovet KQB-sinə təhvil versə, bir sözlə, köhnə Abver aqenturası səhnəni tərk etsə, bəli, heç kim İranın daxili işlərinə qarışmayacaq...
Gözəl tədqiqatçı Elmira Axundova “Heydər Əliyev:Şəxsiyyət və zaman” kitabının 705-720-ci səhifələrində həmin dramatik hadisələrlə bağlı bəzi məxfi sənədləri çap edib-Tudənin Ştazidən alınıb KQB-yə təhvil verilməsi əməliyyatına Heydər Əliyev şəxsən özü rəhbərlik edirdi.
Biz atamla birgə bunu qəbul etmədik.
Nəticədə Tudənin almanpərəst rəhbərliyi atamla birgə istefaya göndərildi.
Heydər Əliyevin özü də tezliklə bu təyinatın səhv olduğunu anladı-nə biz, yəni almanpərəst tudəçilər, nə Fransua Jenu, nə başda İmam Xomeyni olmaqla digər islamçı qüvvələr daim özünkülərini satan KQB ilə əməkdaşlıq etmək istəmədilər. Kreml İrandakı inqilabçı qüvvələrlə Ştazi vasitəsiylə qurduğu əlaqəsini itirdi.
Fədailər heç vaxt almanlara xain çıxmır, öz dostlarını itirmirlər. Almanlar da eləcənə-özünkülərini yad qüvvələrə təhvil vermirlər.
Bu, alman cəngavərlərinin pozulmaz qanunudur-buna Abver də, Ştazi də həmişə əməl edib. Hitler də beləydi, elə Erik Xonekker də.

GENERAL ŞABARŞİN, “JURNALİST”STANİSLAV RASSADİN

Ştazinin İrandakı işlərini təhvil alan KQB-çi Leonid Şabarşin elə ilk gündən uğursuzluqlarla üzləşir-almanpərəst qüvvələr onunla əlaqə qurmaqdan qaçırlar. Tudənin təzə rəhbəri ruspərəst Nurəddin Kəyanuri gicgic söhbətləriylə Şabarşini yorur, general Mütəhhərinin gizli dosyesi (bax: “Azərbaycan.ru” məqaləmizə) qəfil qeybə çəkilir. İmam Xomeyni söhbətlərdən yayınır. Tehrandakı Britaniya, Amerika kəşfiyyatının keçirdiyi “Yeddi qapı” əməliyyatının məxfi sənədəri 1979-cu ilin noyabrında, Amerika səfirliyinin qəsb edildiyi tarixdə, tərsliyə bir bax, xomeyniçilərin caynağına keçir. Xomeyni bu sənədlərlə tanış olunca barmağını dişləyir-“Ay bərəkəllah, Tehrandakı bütün KQB agenturası, belə de, Britaniya, Amerika kəşfiyyatı nəzarəti altındadır ki. Hə, onlarla danışmaq qorxuludur...”
Moskva, İran inqilabına təsir etmə imkanlarını itirdiyini hiss edib qərara gəlir-“London, Vaşinqtonla alverə keçməyin vaxtı çatıb. İrandakı köhnə almanpərəst qüvvələrə qarşı onlarla birgə fəaliyyətə keçməliyik-1943-cü ildəki kimi! Hamı İrandakı öz qüvvələrini geri çəkir, biz də, amerikalılar da. Qoy İran orta əsrlər dövrünə qayıtsın”.
“Tehran-43” filmi məhz bu əməkdaşlıq naminə mavi ekranlara buraxılır 1981-ci ildə. Hə, orda Britaniya, Amerika, Fransa, SSRİ İrandakı Abverə qarşı vahid cəbhə halındadır.
Elə 1981-83-cü illərdə də vəziyyət eyni idi.
İlk olaraq islamçıların içindəki köhnə Abver, Ştazi qüvvələri hədəfə götürülür-bir vaxt Hamburq, Berlində işləmiş ayətullah Beheştinin rəhbərlik etdiyi “İslam respublika partiyası” üzvləri “ləğvetmə” qrifli əməliyyat nəticəsində aradan götürülür. İran tarixində dərin iz buraxmış bu cinayət barədə ilk olaraq biz sizlərə bütün həqiqətləri çatdırmaq fikrindəyik.

***

Sovet vaxtında “Vremya” xəbərlər proqramını izləyənlər Stanislav Rassadin adlı telejurnalisti bəlkə hələ də unudmamışlar-Yaxın Şərqin ən odlu nöqtələrindən reportajlar hazırlayan bu jurnalistin bir sirri varmış. Hər hansı bir mühim hadisə baş verməzdən üç gün öncə, SSRİ Dövlət Teleradio şirkətinin sədr müavini E. N. Mamedov onu qəbuluna çağırar, tapşırıq verərmiş-get filan ölkəyə, çəkilişə hazırlaş. Rassadin hara ezamiyyətə getsə, pıçhapıç başlayarmış-bəs, bu ölkənin başında xəta var, üç gün sonra orda faciə baş verəcək. Sovet ordusu Əfqanistana girməmişdən üç gün öncə Rassadin gedir Kuveytə, bu ölkənin xarici işlər nazirindən müsahibə alır. Nazir bədbəxt, üç gün sonra nə baş verəcəyini bilmir axı-müsahibə zamanı Kremlin müsəlman aləmindəki siyasətini tərifləyir.
Müsahibə üç gün sonra-Qızıl Ordu Əfqanistana girərkən efirə buraxılır, heç nə, belə çıxır ki, Kuveyt həmin müdaxiləni dəstəkləyir!
Stanislav Rassadinin 26 iyun 1981-ci il tarixində Moskvadan Tehrana guya film çəkmək üçün gəlişi bəzi çoxbilmiş kəslərdə şübhə hissi yaradır-gözləyin, iki-üç gün sonra İranda faciə baş verəcək...
Hə, belə də olur-28 iyunda, günorta vaxtı, Tehranda müdhiş bir partlayış baş verir-Xomeynidən sonra ikinci siyasətçi sayılan Beheşti, yüzədək silahdaşıyla birgə havaya sovrulur. Rassadin sanki buna çoxdan hazırmış, cəld hadisə yerinə çəkiliş qrupuyla özünü yetirib kinokamerasını işə salır. Unutmayaq ki, o zamanlar, eşidin-bilin, Tehranda heç bir xarici jurnalist yerli-dibli yoxuymuş...
Yox. Bunu bir azcana dəqiqləşdirək: Rassadinlə eyni vaxtda Tehrana istisna halında iki digər jurnalist də buraxılmışdı- “Mond” (Fransa), “Qardian” (Britaniya) qəzetlərinin “xüsusi müxbirləri” Erik Rulo, Devid Xerst. General Şabarşinlə onlar Tehranda özlərinə görüş yeri axtarırmışlar...
Rassadinin bu xatirələri beş-altı il öncə Nyu-Yorkda çıxan yəhudi qəzeti “Odesskiy listok”da nəşr edilib. “Almanpərəst islamçıların başçısı ayətullah Beheştini kimlər öldürdü?” sualına cavab axtarırsınızsa Rassadinin o müəmmalı, sətiraltı xatirələrini oxuyun. Görəcəksiz ki, bu qətl İngilis, Fransa, Sovet kəşfiyyatının birgə əməliyyatı idi.
“Tehran-43” kinofilmindəki kimi.

***
Sonra növbə gəlib çatdı bizə- almanpərəst İran kommunistlərinə. “Leypsiq məktəbi” adlanan bu gizli dəstə də “ləğvetmə” qrifli tam məxfi beynəlxalq əməliyyatın qurbanı oldu-1982-ci ilin 2 iyun tarixində Şabarşinin müavini Vladimir Kuziçkin, içində mənim də, atamın da adı olan İran kommunistlərinin uzun siyahısını Britaniya kəşfiyyatına ötürdü. Sonra həmin siyahı düşdü xomeyniçilərin caynağına. Biz Bakıdaydıq deyə, həbsdən qurtulduq, lakin yüzlərlə, minlərlə silahdaşımız elə tutulduğu yerdə gülələndi. Xomeyni neyçünsə moskvapərəst Kəyanuri dəstəsini də bizlərdən ayırmadı-onlar da getdi dəmir barmaqlıqlar arxasına.
“Tehran-43” filmi dönüb oldu “Tehran-83” kinofaciəsi. 40 il öncə Tehranda hitlerçiləri necə tuturdularsa, bu dəfə “Leypsiq məktəbi”ni bax elə o tərzdə al-qana buladılar.
Yəni bizi.
Allah heç kimi “ləğvetmə” qrifli cəza tədbirləriylə tək-tənha buraxmasın-başına kisə keçirib boynuna kəndir salacaq, sonra onu qəfildən var gücləriylə dartacaqlar...

***
Xain Kuziçkinin sonradan Britaniyada, Bredford şəhərində guya qətlə yetirilməsi də bir məzhəkəydi, vallah. Bizim fədailəri sakitləşdirməkçün ruslar ingilislərlə yeni bir məzhəkə qururlar-beş-altı fədaiyə Moskvada dərs keçib sonra onları Bredforda göndərirlər ki, bəs, xaini orda tapmışıq, intiqamınızı alın ondan. Zəhər sıçradan bir tapanca verirlər bizimkilərə, Kuziçkinin şəklini, sonra deyirlər, gedin gəbərdin o xaini. Fədailər əmri yerinə yetirirlər. Lakin, sən demə, bütün bunlar britaniyalıların tam nəzarəti altında keçirilən bir oyunmuş. Yerə sərilmiş Kuziçkin az sonra ayağa qalxıb gedib girir yaxındakı bara, viskisini içib qarşıdakı güzgüdə öz əksinə xeylax baxır...Diri olduğunu təyin edincə azcana gülümsəyir.
Növbəti Britaniya-Sovet əməliyyatı uğurla başa çatır. Ona hazırlamış bir zabitin xatirələrə artıq Moskva mətbuatında çap olunub.

***
Əqdəs əmmə Təbrizdəki evimizdə öz xalçasını toxuduqca mən bütün bunları bir daha yada saldım. Mən öz xəyali xalçamı toxuyurdum, o özünkünü.
Yox, bizim xalçamızı. Təbriz xalçasını.
Bu xalçalar həmişə Almaniyaya gedib, əvəzində silah gəlib Təbrizə. Həmişə. Elə lap Səttərxan vaxtlarından.
Ən nəfis Təbriz xalçası heç vaxt satılmayıb, ancaq silaha dəyişdirilib.
Bu, biz fədailərin ən qədim adətidir-xalçanı silaha dəyişmək.
Elə bu barədə fikirləşirdim ki, Əqdəs əmmə üzünü mənə tutdu:
-Xata-balanı, cadunu sındırdınsa, aşkarladınsa, qorxma. Apar qoy onu xalçanın ordasındakı mərkəzə, ona biz “göl” dəyərik. Ora xalçanın Kəbəsi sayılır. Qoy, sonra gör bu cadu necə həyatından silinir. Gedib o gölün üzərində otura da bilərsən. Xata-bala sovuşacaq o vaxt başından. Get, bala, otur xalçanın düz ortasında. Bibinin dediyni elə.
Elə o cür də hərəkət etdim.
Xata-bala sovuşub getdi başımdan.




Oxunub: 686 dəfə.

Комментариев нет: