четверг, апреля 08, 2010

1978-TƏBRİZ ÜSYANI

İlhamiyyə RZAYEVA, Həmid HERISÇİ
marakaqol@rambler.ru

06 -10 -2008 . 1978-TƏBRİZ ÜSYANI

«Qorxulu Tehran», «Tehran-43», «Dumanlı Təbriz» kimi çoxmənalı ifadələr sizinçün, bəli, ədəbi-kinomotaqrafik rəmzlərdən başqa hansı məna kəsb edə bilər ki? Mənim qulaqlarımda isə, gərək biləsiz, bu ənənəvi anlayışlar tamam başqa cür səslənir-hər halda, sizdən fərqli olaraq həmin kinofilmlərin bir başqa-gizli!- tərəfini görmək xoşbəxtliyi, talenin hökmüylə məhz mənə müəssər olub neyçünsə.
«Neyçün?». Bu qısa sualı ikinci dəfə təkrarlayırır, ətrafımda kimsənin olmadığını görüncə elə özüm də cavab verirəm ona-vallah, billah, Həzrət Abbas haqqı deyirəm- bilmirəm neyçün. Bircə onu bilirəm ki, haqqında söhbət açacağım hadisələr başlayan vaxt(1969-cu il) mənim cəmi səkkiz yaşım vardı, bitəndə 22 -lakin hələ o vaxtlar belə mən gündəlik yazar, rəhmətlik atamın başına yığılan Təbriz inqilabçılarının bəzi söhbətlərini qeydə alardım. Fəqət günlərin bir günü, yoldaş Badeqan, Pişnəmazi-rəhmətlik Pişəvərinin ən yaxın silahdaşları, imkan tapıb mənə dedilər: «Həmid ağa, sən Qafarın oğlusan, fədaisən, lazım deyil söhbətləri dəftərə yazmağın, sabah gördün ki, Təbrizdə inqilab başladı, getdin ora, əlindəki dəftər sənə əziyyət verəcək yad birisi tüfəngini alnına dirədiyi vaxt. Yaddaşını itilə, dəftər-qələmə çox inanma»…
Sonra onlardan birisi qələmi mehribancasına, ehmalca əlimdən alıb, gözümün içinə düz baxa-baxa, çox mənalı bir hərəkətlə onu öz cibinə qoydu. Kənarda durmuş atam bütün bunlara razılıq əlaməti bildirərək başını bir-iki dəfə aşağı endirib qaldırdı.
Həə, bax onda ilk dəfə dərk etdim ki, atamın silahdaşları nəysə çox ciddi bir işlə məşğuldurlar, söhbətləri də çox məxfidir. Qələm deyil, top-tüfəng, inqilabdır bizim silahımız.
Bir də, bəli, yoldaş Badeqan demiş, «iti yaddaş».
***
İranda olubsuzmu heç? Sulu qəlyanı diziniz üstə əyləşdirib bir-iki qüllab şirin tüstünü sinənizə çəkibsinizmi nə vaxtsa? Qəlyanın şüşə küpü üzərində gördüyünüz bığlı padşah şəkili bilirsiz kimə aiddir?-Qacar şahı Nasirəddin şaha! Nə vaxtadək İran qəlyanları üzərindən bu padşahın təsviri əskik olmayacaq, bilin, hoppanıb-düşməyiniz, inqilab eləməyiniz boş işdi- həmin qəlyanlar üzərində şahlıq hakimiyyəti hələ də davam edir. Yəni, istəsən şahlıq havasını İran üzərindən götürəsən- ay yaşa! – gərək Nasirəddin şahın narahat ruhunu həmin qəlyanlar üzərindən birdəfəlik siləsən. İranda isə bunu həyata keçirən bir cayıl hələ də tapılmayıb, düz demirəmmi bəyəm? Nasirəddin şah özünə əbədi məbəd yaradıb sulu qəlyan dünyasında, istədiyi vaxt tüstü şəklində həmin qəlyanın küpündən xortlayıb yenidən dünyada peyda olur, od vurur fədai tayfasının atabatasına.
Bax bu şahları devirmək istəyirdi bizim atalarımız.
«Kim idi həmin şahlar?» deyəcəksiz? Deyim dəə kim-məsəlçün Tehrandakı Atabəy parkını, eşidin, 50 min tümən borc müqabilində məhz onlar ruslara satıblar, bəli. Əvvəl orda Səttarxan dəstəsini tərksilah ediblər 1911-ci ildə, kazak Efrem paşanın (erməninin) əliylə, Səttarxanın özünü ağır yaralayıblar, sonra görüblər ki, fədailərin qanı axmış bağda istirahət etmək, yuxuya dalmaq, bəli, nəsə xoş gəlmir keflərinə, götürüb 150 min kv. metrlik bu cənnət guşəsini çar Rusiyasına veriblər borc əvəzi. Ruslar da, ay alım onların ağrısını, həmin ərazidə öz səfirliklərini salıblar sonradan. Səttarxan qanını canına hopdurmuş bu torpaq sahəsinin ilahi mənasını, həqiqi qiymətini ruslar bizdən də çox yaxşı bilər, ay qardaşlar. Qaytarmazlar day onu bizə. Qaytarmazlar.
Atamın timsalında Bakıya sığınmın Təbriz fədailərinin sonuncu dəstəsi isə, bax həmin o qanı yenidən dövrüyyəyə buraxmaq istəyirdi sanki.
Çətin idi bu iş, çox çətin…
Tehrandakı sovet səfirliyi öz qalın divarlar arxasında indiyəcən girov saxlayır Sərdarımızın yerə axmış həmin o al qanını. Hə, həyat tarixçəmi qələmə alıb ixtiyarınıza buraxdıqdan sonra siz dəfələrlə bu ərazidəki o qədim qan ləkələriylə üzləşəcəksiz. Mən ki, onları gördüm, buyurun, indi siz də yaddaşımdakı bu qan ləkələrinə baxın. Söhbəti başlayaq atamın idarə etdiyi Azərbaycan Demokrat firqəsi, Tudə partiyası tarixçəsindən.
TUDƏDƏ İKİ TİRƏLİK
İran Kommunist partiyası «Tudə»nin siyasi rəhbərliyində həmişə iki tirəlik hökm sürərdi-«almanlar» adlanan mütərəqqi dəstənin tərkibini hələ 20-30-cu illər Veymar Almaniyasında təhsil almış İran tələbələri təşkil edirdilər-onlar beynəlmiləlçi, Komintern ənənələrinə sadiq kəslərlərdən ibarət olsalar da, mən onlardan yalnız birini şəxsən görmüşəm-partiyaya 60-70-ci illərdə rəhbərlik edən İyrəc İskəndərini. Bu böyük marksist alim, peşəkar inqilabçı, diqqət edin, İran kommunistlərinin ilk dəstəsini Z0-cu illərdə Almaniyada təşkilatlandırmış təbrizli doktor Təqi Eraninin ən yaxın silahdaşlarındanıydı, sonradan bu dəstəyə rəhmətlik atam Qafar Kəndli də qoşulmuşdu deyə, bəli, mən bu dəstənin tarixçəsini çox yaxşı xatırlayıram. İkinci dəstə «rusların dəstəsi» adlanardı gizli pıçhapıçlarda, rəhbərləri Nurəddin Kəyanuri, Ehsan Təbəri kimilərdən ibarət idi, yadda saxlayın. Partiya rəhbərliyi 40-50-ci illərdə bu qaniçən dəstə üzvləri tərəfindən idarə olunduğu vaxtları, Tudənin ən qaranlıq dövrü saymaq olar. Əslində onlar kommunist deyil, KQB aqenturasıydı, işi-gücləri inqilaba yox, Moskvaya xidmət etmək idi ancaq. Başı öz əqidəsinə deyil, cəsusluğa qatışmış bu partiya rəhbərliyi işi o yerə gətirib çıxarır ki, 50-ci illərin sonuna doğru Tudə lap yararsız hala düşür. Bax həmin vaxtlarda partiyadakı «alman dəstəsi» araya girib Moskvaya (şəxsən M. Suslova) məsələni çox sadə dillə izah edir- icazə verin öz mərkəzimizi SSRİ ərazisindən çıxarıb Şərqi Almaniyaya yerləşdirək, öz tulalarınızı da yığışdırın, yoxsa partiya dağılacaq. Uzun götür-qoy, şək-şübhədən sonra Kreml məcbur qalır bu məsləhətə əməl edib Tudə rəhbərliyini Şərqi Almaniyaya köçürsün, hiss edir ki, əks halda, vaxsey, partiya Pekinin təsir dairəsinə düşərək tamam əldən çıxacaq. Tudə üzərindəki KQB nəzarəti şəristəsiz elan olunur, partiyanın kuratsiyası keçir Erik Xonekker başda olmaqla şərqi alman komunistlərinin, onun xüsusi xidmət mərkəzi sayılan «Ştazi»nin ixtiyarına. Hə, bax elə həmin dövrdən partiya daxilindəki «almanların» (İyrəc İskəndəri, Qafar Kəndli) necə deyərlər «çiçəyi çırtlayır», onlar kominternçi Ernest Telman, doktor Erani ənənələrini yenidən bərpa edərək «rus dəstəsinin» pişiyini divara dırmaşdırırlar. 20-30-cu illərdə Berlində təhsil almış İyrəc İskəndəri, eyni mübarizə yolunu keçmiş Erik Xonekkerlə çox tez dil tapıb anlaşır. İskəndərinin almanca bilib rusca bilməməsi də işə öz müsbət təsirini göstərir. Partiya üzvləri rus aqenturasından canını qurtararaq başlayır marksizm-leninizmi dərindən öyrənməyə, bu nəzəriyyəni Avropada təhsil alan iranlı tələbələr arasında yaymağa. Erik Xonekker ruslardan min qat ağıllıydı, bilirdi ki, Tudəni cəsusluğa deyil, inqilabi fəaliyyətə doğru yönləndirmək gərəkdir, necə deyərlər «sənə balıq lazımdı, yoxsa balığın başı?»-partiya İranda inqilab etsə kommunizmin dünya üzərindəki hakimiyyəti bərkiyəcək, qoy cəsusluqla KQB özü məşğul olsun, İrandakı öz səriştəsizliyini tüdəçilərin əliylə düzəltməyə çalışmasın. «Ştazi», şoğərib KQB-dən fərqli olaraq o vaxtlar Yaxın Şərqdə, Latın Amerikasında da öz fəaliyyətini eyni prinsiplər üzərində görürdü-daha çox inqilab dinamikasını işə salırdı, aqentura işlərini isə tam mənasız sayır, son nəticədə KQB aqentura şəbəkələrindən xeyli çox uğurlar qazanırdı.
Tudənin o vaxtkı gizli konfransları daha çox Berlin, Varşava, Budapeşt, Krakov, Praqa, Buxarest şəhərlərində keçirilir, partiya dünya kommunist hərəkatıyla sıx qaynayıb qarışaraq öz peşəkarlığını artırırdı. Atamı həmin iclaslara Bakıdan həmişə mən yola salar, qayıdanbaş onun dilindən Çauşesku, Xonekker, Qomulka, Yanoş Kadar barəsində maraqlı məlumatlar alardım.
Bax beləcə-Xonekkerin birbaşa rəhbərliyi altında çalışan İran kommunistləri, Pişəvərinin Azərbaycan Demokrat firqəsi öz beynəlxalq səviyyəsini xeyli qaldıraraq gəlib çatdı 1978-ci ilə. Həmin vaxtlar isə Arazın o tayında artıq tam inqilabi vəziyyət yaranmışdı. Hadisələr 1978-ci il 19 fevral tarixli Təbriz üsyanıyla əlaqədar xeyli kütləviləşmiş, son nəticədə İran islam inqilabıyla nəticələnmişdi.
Bax elə həmin vaxt Tudəni əslində Almaniyada unutmuş Kreml, nağılların qara divi kimi, asqırıb yuxudan ayılır-«Nə? İranda inqilab baş verib, şah qaçıb? Şah sarayındakı cəsus şəbəkəmiz də sıradan çıxıb? Demək orda güvəndiyimiz siyasi qüvvələr artıq yoxdu… Bəs Tudə partiyası nəylə məşğuldu? Gərək onları İrana göndərək! Qoy orda bizim beşinci dəstəmiz olsunlar».
Təkcə Kremlin deyil, Amerika, İsrail, Britaniyanın İrandakı aqentura şəbəkəsi də şah sarayı, elə şahənşah ailəsinin öz içindəydi deyə, inqilabdan sonra onların hamısı…bəli, hamısı Tehranda çox çətin vəziyyətə düşdülər, qaldılar əliyalın. Hamı başladı təcili tədbirlər görüb bu ölkədə özlərinə yeni- ancaq uğursuz!- şəbəkə yaratmağa. Əslində İran inqilabının indiyədək yaşaması bəlkə də elə bu amillə şərtlənib.
Əli göydə qalmış Kreml qərara alır-Tudə rəhbərliyindəki «almanlar» (İyrəc İskəndəri, Qafar Kəndli və s.i.) istefa verərək öz yerlərini «ruslara» (Nurəddin Kəyanuri, Ehsan Təbəri və s.i.) ötürməli, Xonekkerin «Ştazi»si partiyanı KQB kurasiyasına təhvil verməlidir. Sözün qısası, «bəsdi, sona yetdi «inqilabi» fəaliyyətiniz, bizə Tehranda bələdçilər lazımdı, ağılınızı yığın başınıza, sabah sizin hamınızı Tehranda görmək arzusuyla, xudafiz, yoldaşlar».
Kremlin bu əmri 1979-ci ilin 13 yanvarında səsləndi, özü də harda?- Şərqi Almaniyanın Leypsiq şəhərində keçirilən Tudənin növbəti konfransında. Əmri uca səslə Nikolay Simonenko elan edir- Sov.İKP beynəlxalq şöbəsənin yüksək rütbəli məmuru.
Həmin konfransın indi çapdan çıxmış materiallarından bəlli olur ki, İyrəc İskəndəri, başda Xomeyni olmaqla islamçıların sağ qanadını deyil, liberal-demokratik fikirli Təbriz ayatollahı Şəriətmədarini dəstəkləyirmiş. Kəyanurinin «rus» dəstəsi isə, deyin, kimi?-İmam Xomeynini!
Yaxşı, onda belə çıxır ki, «almanlar» Xomeyni ilə yox, məhz Təbriz ruhaniyyəti ilə işləyirmişlər. Sual olunur, Şəriətmədari ilə onların məxfi əlaqəsini kim qurub, hə?
Necə kim? Qafar Kəndli, mənim atam.
Məsələ ondadır ki, bu əlaqənin hansı çətin şəraitdə qurulmağı mənim gözlərim önündə baş verib.

XAHİŞ
1969-cu ildə hakimiyyətə gəlmiş Heydər Əliyev ağıllı adam idi, bilirdi ki, Quzey Azərbaycanda təkcə elə iqtisadi quruculuq işləri aparsa, nə xeyri?- Moskva buna heç vaxt lazımı qiyməti verməyəcək, ən yaxşı halda Əliyev dönüb olacaq ikinci İman Mustafayev, vəssəlam! Yox, əgər o, siyasi təfəkkür irəli sürüb Güney Azərbaycan məsələsinə yeni məna versə, bəli, bu halda Moskva onu siyasi fiqur kimi qəbul edər, Heydər Əliyev dönüb olar ikinci Mircəfər Bağırov. Buna nail olmaq üçünsə ilk növbədə Təbrizdəki vəziyyəti ayıqbaşına, doğru-dürüst qiymətləndirmək, oradakı milli qüvvələr barədə dəqiq bilgilər almaq gərəkdir. Bu məsələ ilə əlaqədar o, Akademiyanın prezidenti Həsən Abdullayev, yazıçılardan Mirzə İbrahimov, Mir Cəlalla birlikdə xüsusi bir toplantı keçirir, sual verir-«kim bu haqda mənə düzgün dəyərləndirmə, taktika təklif edər?» Çox çək-çevirdən sonra bəlli olur ki, Təbriz fədai məktəbini, oradakı mühiti Bakıda tək bircə nəfər yaxşı tanıyır-Pişəvərinin ən yaxın silahdaşı, professor-alim Qafar Kəndli.
Tezliklə Mir Cəlalla atamın ardıcıl görüşləri başlayır. Dostlar bütün günü Təbrizdəki durumu müzakirə edirlər. Mir Cəlala Təbriz əfsanəsinin gerçək tərəfləri açılır-sən demə, Səttərxanın arxasında duran kəs Təbriz imam-cüməsi Siqətül-İslam imiş, çarizmin təzyiqiynən Səttərxan şəhəri tərk etsə də, Siqətül-İslam batan gəmidən sahilə enməyib, çarizm tərəfindən dar ağacından asılıb, onun çox mənalı məktubları var, lakin Bakı Səttərxanı əfsanələşdirir, Siqətül-İslamı isə gözardına vurur, çünki o, din xadimi olub, vəssəlam. Xam xəyallara dalmayın, Təbrizdə milli qüvvələr var idisə, indi onların hamısı zindanda, yaxud qəbirdədir, olsalar da elə yox kimidirlər-rusların satqınlığını görən xalq onların ardınca getməyəcək. Təbrizdə yalnız ayatollah Şəriətmədari ətrafında toplanmış dini ziyalılar, xalçaçı tacirlər, bəli, milli qüvvə sayıla bilər, Təbriz üsyanlarını da daim elə onlar həyata keçirib, ay Mir Cəlal, biləsən haa…
- Mir Cəlal, bilirsən 30-cu illərin sonunda Hitler təbrizlilərin saqqızını necə oğurladı?
-Necə?
-Sadə yolla-Təbriz xalçaçılarına sifariş verdi ki, idarələrimə xalça toxuyun, şəhər də keçdi almanların təsir dairəsinə. Bütün Təbriz uşaqları o vaxt bu mahnını oxuyurmuş «Türkiyyədən alman gəlir, Hitler kimi oğlan gəlir»…Dünyanın beş qitəsinə səpələnmiş Təbriz xalça tacirləri elə xaricdəki Azərbaycan səfirlikləridir də. Hamısı da Avropa elitalarıyla əlaqədardır, onların mülklərini bəzəyəcək xalçaların hamısı Təbrizdə toxunulur. Bu tacirlər xüms-zəkatı kimə verirlər?-Şəriətmədariyə!
- Demək istəyirsən ki, Təbrizdə nəyinsə baş verməyi yalnız mollaların, xalça tacirlərinin istəyincə olacaq?
-Həmişəki kimi, bəli. Pişəvəri dövründə, əfsus, biz buna fikir vermədik, halbuki xalçaçıların vasitəsiylə bütün dünyayla əlaqə saxlaya bilərdik. Bu gözəl xəbərləşmə imkanıydı.
-Bəs indi necə? Gecdi deyirsən?
Bu yerdə Qafar Kəndli söhbətini yarıda kəsib diqqətlə Mir Cəlalın gözlərinə zilləndi.
***
KİÇİK ARAYIŞ: Təbriz xalçaçılarının dünyaya səpələnmiş geniş şəbəkəsi həmişə xarici kəşfiyyat mərkəzlərini maraqlandırıb-sonralar öyrəndim ki, Kreml də bu işə xüsusi önəm verirmiş, Sovet Ordu Kəşfiyyatının sədr müavini A. Qusev bu şəbəkəyə öz adamlarını yeritməkdən ötrü dəridən qabıqdan çıxırmış, 1992-ci ilin dekabrında müəmmalı yol qəzasında hələk olmuş bu generalın tələbələri indi də Dubaydakı Təbriz xalça tacirləriylə ortaqdır, bir sözlə həmin şəbəkə həmişə İran, Böyük Britaniya, Sovet, Amerika, İsrailin sıx nəzarəti altında çalışıb, ondan baş açmaq hər kişinin işi deyil. Təbriz məsələsinin indi düyünə düşməyi də ilk növbədə həmin şəbəkə daxilindəki amansız ziddiyyətlərlə şərtlənib.
***
1960-cı ilin 8-16 mayında Kremlin baş ideoloqu M. Suslovun hüzurunda, Pişəvərinin ardıcılları, o cümlədən atam Qafar Kəndli, İran kommunistləriylə birləşmək barədə saziş imzalayırlar. Həmin müqavilənin gizli şərtləri beləydi-hər iki partiya rəhbərliyindəki «ruslar» ikinci sıraya atılır, «almanlar» hakimiyyətə gəlir, hər iki partiyanın başına bəla gətirmiş aqentura işləri ləğv edilir, KQB qəmişini çəkir qırağa, yenidən təşkilatlanmış partiya keçir Şərqi Almaniyanın ixtiyarına. Tudə tərəfindən bu şərtlərin müəllifi İyrəc İskəndəri, ADP-dən isə Qafar Kəndliydi deyə mən bu görüşdən yaxşı xəbardaram.
Mir Cəlaldan müəmmalı təklif alan atam, bütün bunlar barədə ona xəbər verir, deyir ki, biz, onsuz da Təbrizdə üsyan hazırlayırıq, Şəriətmədarinin yaxın yoldaşı Mehdi Müctehidi ilə «elmi mövzular» ətrafında məktublaşıram, ordakı vəziyətdən tam haliyəm, lakin biz Suslovla saziş imzalamışıq, sizin dövlət rəsmiləriylə heç bir təmasa keçmək fikrində deyilik, Mircəfərlə sövdələşmənin acı nəticələri hələ yaddaşımızdadır, mən sizi yalnız Təbrizdəki durumla tanış edə bilərəm, vəssəlam, qoy partiyamızın rəhbəri İyrəc İskəndəri gəlsin Bakıya, özü sizin rəhbərliyinizlə danışıqlar aparsın.
Tezliklə İskəndəri Berlindən Bakıya gəlib Heydər Əliyevlə görüşür. Heydər Əliyev Təbrizdəki gerçək vəziyyətdən, ayatullah Şəriətmədarinin ordakı nüfüzündan xəbər tutur, dərk edir ki, hə, bu həna o hənalardan deyil, Pişəvəri faciəsindən sonra Təbrizdə sovetyanlısı yox dərəcəsindədir, bütün işlər düşüb dindar ziyalı-tacir sinifinin ixtiyarına, şair Şəhriyar da onların yalnız birisidir. Bilir ki, bəli, Təbrizdə inqilab baş verəcək, lakin o milli deyil, dini məcrada olacaq. Ayətullah Taleqani, Xomeyni, doktor Əli Şəriəti barəsində də Heydər Əliyev ilk dəfə bax bu görüş zamanı xəbər tutur. İskəndəriylə söhbətində Əliyev, Bakıdakı Təbriz şairi Biriyanı da xatırlayaraq tarixi bir söz deyir: «Əgər bizim gözümüz önündə Biriya millətçilikdən ayrılıb dindarlığa qurşanaraq başımıza minbir oyun açırsa, görünür, eyni vəziyyət Təbrizdə daha geniş miqyas alacaq».
Nəysə, az sonra Akademiyanın prezidenti Həsən Abdullayev atamı öz qəbuluna çağırır, Mehdi Müctəhidi barədə xəbər alır, Təbriz ziyalı-din xadimləri barədə onun iki avtobioqrafik əsəri olduğunu atamdan öyrənincə xahiş edir-«bu əsərləri farscadan dilimizə tərcümə edin, daxili istifadə üçün. Sizə tələbə veririk-filoloq Sokrat Musayev, vaxt azdı deyə o, sizə kömək edər, tərcüməni kağıza köçürər».
Hə, iş başlayır, bir tərəfdən tərcümə, digər tərəfdən Şəriətmədarinin yaxınları Mehdi Müctehidi, Sultanülqürrai ilə yazışma atamla məndə belə bir ümüd yaradır ki, tezliklə Təbrizdə üsyan baş verəcək… Atam ərəb əlifbasının gözəl bilicisi idi, aldığı cavab məktublarının hansı qəliz xətlə yazıldığından dərhal bilirdi ki, bu məktub Şəriətmədari tərəfindən göndərilib, ya yox. Atam öz məktublarında diqqəti həmişə məşrutə dövrünə, o vaxtkı Təbriz ruhaniyyətinin başda Siqətül-İslam olmaqla inqilabi mövqeyinə doğru yönləndirir, ondan örnək götürməyi vacib sayırdı. Cavab məktublarından görünürdü ki, Şəriətmədari qətiyyən sovetyanlısı deyil, millətçiliyə yox, dini hərəkata inanır, millətimizin azadlığını da məhz bu çərçivəylə şərtləndirir.
Mehdi Müctəhidinin kitabları dilimizə tərcümə edilərək «yuxarılara» təqdim olunur. Məhz bu biliklər əsasında Heydər Əliyev Təbrizdəki, İrandakı gerçək durumla tanış olur, nəticədə həqiqəti anlayır, Kremlə münasibətlərinə yeni çalar gətirərək özünü Moskvaya İran məsələlərinin mahir bilicisi kimi təqdim edir. Son nəticədə Moskvada onun çəkisi xeyli artır. Eşitdiyimə görə Primakov onun bu qənaətləriylə tam həmrəymiş.
Həmin kitabların tərcüməsi «Daxili istifadə üçün» qrifiylə indi də Nizami adına Ədəbiyyat İnstitunun kitabxanasında saxlanılır.
***
O vaxtlar Bakıda İran konsulluğu təzəcə açılmışdı, işi-peşəsi nəydi onun, sizdən soruşuram?-cavab verirəm, SAVAK-a, Şahənşah kəşfiyyatına xidmət etmək. İran kraliçası Fərəh Dibanın anası Fəridənin təzəlikcə çapdan çıxmış xatirələrini oxusanız, görərsiz ki, Şah sarayı Bakıdakı olaylardan hardansa xəbərdar imiş. Orda yazılıb ki, SAVAK, Heydər Əliyevin bütöv Azərbaycan barədəki xəyallarından soraq tutub, bu barədə xüsusi bir sənəd də hazırlayaraq onu şaha təqdim edib. SAVAK-ın ən yüksək zabiti general Hüseyn Fərdust isə, - ay yaşa!- Sovetlərin gizli xəfiyyəsiydi sarayda (1985-ci ildə həmin general məhz bu ittihamla güllələnib), gərək ki, məhz o, bu sənədin surətini götürüb KQB-yə ötürür. Bakıda bir həngamə başlayır ki, gəl-görəsən-Moskvadan yoxlama, yoxlama dalısıycan gəlir, Təbriz barəsində gizli söhbətlərin hardan, kimdən tehrandakılara çatdırılması xüsusi araşdırma mövzusuna çevrilir. Elə həmin yoxlamalar dövründə atamla işləyən Sokrat Musayev müəmmalı yol qəzasında həlak olur.
Yox, yenə də yox deyirəm-beyninizə qara fikirlər gəlməsin, məncə, Sokrat kor təsadüfün qurbanıydı, ancaq, o vaxt KQB-dəki 5-ci şöbənin (dissidentlərlə iş aparan idarə, rəhbəri Bobkov) gizli təlimatı vardı-təsadüfən həlak olmuş azad fikirli insanlar barədə ətrafa şaiyə buraxmaq, onların KQB tərəfindən öldürüldüyü fikrini cəmiyyətə yayıb əhalidə xof yaratmaq!
Həmin dövrdə Mir Cəlalla atam pıçıltıynan danışır, əsəbi halda bulvarda gəzişirdilər. Hamı… hamı güclü nəzarət altındaydı.
***
Azyaşlı olmağıma baxmayaraq mən bütün bu işlərdən xəbərdardım, bütün günü atamın ifasında Siqətül-İslamın, Xiyabininin məktublarına qulaq asır, Təbrizdəki inqilab gününü səbirsizliklə gözləyir, Şəriətmədarinin adını elə göydəcə qapır, Hacı Cabbar Naib küçəsindəki ata mülkümüzə qayıtmaq istəyir, nənəmi, əmilərimi, əmmələrimi görmək həvəsiynən bəzən hətta tək-tənha qalıb göz yaşları da axıdırdım. Bir tərəfdən KQB kabusu, digər səmtdən QRU, SAVAK əjdahası mənim yeniyetmə beynimi zədələyir, incə könlümə amansız yaralar bağışlayırdı. Lakin bu həm də böyük mübarizə, inqilabçı peşəsinə yiyələnmək dövrüydü mənimçün, bu zaman ərzində mən inqilabla əksinqilabın fərqini anlayıb, Lenini, Trotskini, Həzrət Əlinin «Nəhcül-bəlağa» kitabını oxuya-oxuya, Nikolay Ostrovskinin «polad necə bərkidi» əfsanəsini canlı şəkildə yaşadım.
1978-TƏBRİZ ÜSYANI
1976-ci ilin sentyabr ayı. Qərbi Almaniyanın Hessen vilayətindəki Leyqestern şəhəri. Bizim ailəmiz, bu şəhərdə yaşayan doğma əmimiz Rəşid Herisçinin üç ay müddətində qonağı olmalı, 30 illik ayrılığa son qoyaraq ora gələn bibilərimiz, əmilərimizlə, nəhayət 80 yaşlı nənəmizlə görüşməliydik. Lakin, Kreml başqa qərar verir-«Qafar Kəndlini xaricə öz ailəsiylə birgə buraxmaq qoxuludur, qoy övladları girov qalsın Bakıda. Sonrasına baxarıq».
Bax belə-bizim nənəmizlə görüşümüz baş tutmur, atam tək gedir ora. Təkcə öz yaxınlarıyla deyil, Şəriətmədarinin sağ əli, Təbriz xalçaçılarının başçısı, doğma əmioğlusu Kərimağa Herisçiylə də görüşür orda. Bəlli olur-Təbriz, Şəriətmədari tərəfdarları şahdan bərk narazıdırlar, Təbrizdə inqilab gözlənilir. Kərimağanı sonra, 1985-ci ildə, Tehran hava limanında öldürəcəklər. Şəriətmadari yolunu dəstəkləyən İyrəc İskəndəri 1985-ci il 20 iyun tarixində Berlində vəfat edəcək.
Almaniyada qaldığı üç ay ərzində atam orda bütün İran inqilabçılarıyla görüşür.
1978-ci ilin 19 fevralında isə Şəriətmədarinin fətvasıyla bütün Təbriz, pəpə deyəndən məmə deyənə qədər, küçələrə tökülür.Məhz o vaxt şair Şəhriyar bu ölməz misralarını yazır: «Biz etisab (yəni, tətil) etdik tamam; Əliyalın etdik qiyam; Qoyun, gəlin naib imam; Cahad desən, dartılarıq; Qırılsaq da, qırılarıq… Başlara sovrulur saman; Gözləri doldurur duman; Ya Əli! Sahib əz-zaman…
Həmin hadisələrin iştirakçısı doğma bibim Əqdəs əmmə sonralar mənə deyərdi: «Ön cərgədə mərsiyyə deyə-deyə mollalar gedirdi, arxalarınca aşıqlar, onlar sazı bağrılarına basıb qışqırırdılar- «Gedib çoxu, qalıb azı!», kütlə səs verirdi ardınca-«Yetişib sübh namazı!»…Şah cəlladları əhalini helikopterlərdən güllə atəşinə tutduğu vaxt, nümayişçilər özlərini – xudaya!- itirmir, ovuclarını şəhidlərin mübarək qanına batırırlar. Qanlı əl izlərini beşbarmaq şəklində divarlara həkk edirlər…
Təbrizdən sonra bütün İran, ardınca bütün Şərq-Pakistana, Məkkəyə qədər!- inqilab alovuna bürünür. Qoca Şərq, yenidən dünya siyasəti meydanına qayıdır.
Deyilənə görə, ustad Şəhriyar o vaxtlar tək qalanda bir sözü tez-tez özü-özünü deyirmiş-«Kəndli, Kəndli»-bəli, o da Şəriətmədariylə atamın məktublaşmağından xəbərdarmış…
***
Lakin Kremlin 1979-cu ildə Tudənin Şəriətmədariyönlü rəhbərliyini, yəni, «almanları» istefaya göndərib sükanı Kəyanuri başda olmaqla «ruslar» dəstəsinə verməyi, bütün işləri qarışdırır. Onların seçdiyi rəhbər isə İmam Xomeyni idi.
Görünür bu, Kremlin də siyasi seçimiydi.
Beləliklə, indi açıq söyləyə bilərik ki, Erik Xonekkerin, Ştazinin o vaxtkı seçimi Təbriz fədai məktəbi, ayətullah Şəriətmədari, güneydəki permanent inqilab ənənəsi idisə, əfsus, Kreml, KQB bu xətti dəstəkləmədi-üstünlüyü Tehrana, İmam Xomeyniyə verdi.
Vaxtilə, Çe Qevara da, Ştazi ilə KQB arasındakı eyni oxşar bir münaqişənin qurbanına çevrilmişdi.

***
Yaxşı, nə yenilik gətirdi 1978-ci il Təbriz qiyamı dünya tarixinə?
Bilin, bu hadisə DÜNYADA İLK İSLAM İNQİLABIYDI. Beləliklə, permanent inqilab ənənəsinə sadiq olan Təbriz yenə Şərq tarixinin lokomativinə çevrildi, onun bu xəttini bir çox müsəlman xalqları təkrarladı, düzdü, hakimiyyət sonra islamçıların sağ qanadına keçsə də, buna təəssüf etməyə dəyməz. Dünya permanent inqilab dənizində üzən bir gəmidir, odey, indi Türkiyyədə də AKP başda olmaqla «məxməri islam inqilabı» gedir, bu gün islam, sabah sosialistik, birigün burjua inqilabı dövrlərini yaşayacağıq. Təbriz isə həmin cığırı açmış ilk qaranquşlardanıydı. Əslində biz, dünya tarixinin məcrasını dəyişmiş, onun dizini yerə vurmuş çox qəliz bir hadisənin iştirikçılarından idik sən demə.
Şəriətmədari tərəfdarları iki ilədək Təbrizdə vəziyyətə nəzarət etdilər. Lakin, 1980-ci ildə solçu «Fədayane-xəlq» təşkilatının Şəriətmədari hakimiyyətini Təbrizdə devirmək cəhdi Tehran iqtidarına imkan verdi ki, bunu bəhanə gətirib Təbrizə ordu yeritsin.
1946-cı ildən sonra Təbriz bax bu cür ikinci dəfə Tehran tərəfindən işğal olundu.
***
Mən isə həmin hadisələrin bütün sirrini, pərdəarxasını bilən bəlkə də yeganə Allah şahidiyəm.
İndi Cəmil Həsənli, Nəsib Nəsibli kimi alimlər daha çox 1946-cı il Təbriz hadisələrini önə çəkir, Güneyin gələcəyini həmin ənənə-yəni beynəlxalq qüvvələrin müdaxiləsi nəticəsində həll etmək istəyir, 1978-ci il hadisələrini göz ardına vuraraq, permanent Təbriz inqilabı ənənəsini əslində azdırırlar. Bəli, Təbriz XX əsrdə Trotskinin permanent inqilab ənənəsini tam mənada yaşadı-Səttarxanın konstitusiya uğrunda hərəkatından Xiyabaninin sosialistik qiyamına, Pişəvərinin milli oyanışından Şəriətmədarinin liberal-islam inqilabı modelinədək şərəfli bir yol keçdi. Şəriətmədari üsyanı bütün dünyanı, bütün İranı yenilədi, dünyaya yeni « liberal islam inqilabı» modelini təqdim edərək bəşəriyyəti silkələdi. Onun ənənəsi indi Erdoğanın yürütdüyü «məxməri islam inqilabı»nda, yəni «milli burjuaziyi+milli rühanilər» modelində yaşayır.
Nəysə… Qafar Kəndli ilə Mir Cəlal Paşayev sağ qalsaydılar əgər, bütün bunlara nə deyərdilər indi?
Heç nə, azca gülümsəyib, yenə də öz pıçapıçlarını davam edərdilər.
Yenə də davam edərdilər, bəli, öz işlərini.







Oxunub: 722 dəfə.

Комментариев нет: