четверг, апреля 08, 2010

İlhamiyyə RZAYEVA, Həmid HERISÇİ
marakaqol@rambler.ru

02 -03 -2009 . MİRZƏ CƏLİLİN GİZLİ MİSSİYASI

“NƏ ETMƏLİ?”: İSLAMLA SOSİALİZMİN İLK SAZİŞİ

Sənət əsərlərinin öz məzmunundan başqa, onların bir digər-rəmzi!- mənası da mövcuddur. Bəli, hər bir ciddi memar, yazıçı, rəssam, alim -əgər o, gizli həqiqətlərə agahdırsa!- öz əsərində tam məxfi bir eyham gizləyir. Çox vaxt həmin o ehkamın, diqqtiniz məndə olsun, əsərdəki mətləbə dəxli...bəli, dəxli olmaya da bilər-üstü niqablı həmin rəmz əksər hallarda öz müasirlərinə deyil, gələcək nəsillərə ünvanlanır axı.
Böyük rus yazıçısı Viktor Çernışevskinin adı, bilmirəm, sizə nə qədər tanışdır. Lakin, ümüd edirəm ki, həmin adı çəkdiyim zaman gözlərinizi bərəldib mənə onun kimliyi barədə artıq sual verməyəcəksiz. Hə, demək danışdıq sizinlə, başımızı özgə suallarla yormayaq-bax bu Çerneşevskinin dünya sol inqilabçıları üçün stolüstü kitaba çevrilmiş çox məşhur bir əsəri var “Nə etməli?” adında. “Polad necə bərkidi?” estetikasında yazılmış həmin bu əsərdə bir məsələ diqqət mərkəzindədir-kimdir inqilabçı? Hansı şəraitdə, necə, nə cür yaşayıb yaratmalıdır, axı, zəmanəminizin bu qəhrəmanı?
Ötən əsrlərin bir neçə inqilabçı nəsli, Çernışevskiyə bu əsərə görə ömrü boyu borcludur-əsəri dəfələrlə oxuyublar, sinfi döyüşlərə onun silahıyla atılıblar, bəli, bu heç, bunu bildik.
Bəs əsərdəki gizli “rəmz”?...
Hanı bu kitabın gələcək nəsillərə ünvanlanmış gizli rəmzi, bəlkə o heç yoxdur, hə?
Gizli rəmzin, bilin, bir növ “öz vaxtı” var-əsər öz zahiri mənasını, mövzusunu tükətdikdən sonra, bəli, məhz o üzə çıxır, niqabını sifətindən kənara çəkərək öz mübarək çöhrəsini göstərir ətrafındakılara.
Məncə, Çernışevski, gələcək nəsillərə ötürdüyü bu rəmzi, əsərinin baş qəhrəmanı Raxmetovun adında gizləyibdir-bəli, gəlin razılaşaq bununla.

***
Əsərin mərkəzində durmuş“Raxmetov” adlı qəhrəmana- təklifdir dəə, edirəm!- indi, iyirmi birinci yüz il şəraitində, bir mübariz müsəlman mücahid surəti kimi baxsaq əgər, inanın, əsla yanılmarıq. Əvvəla, marksizm-leninizmin birinci dalğasından sonra, dünyadakı “sinfi-irqi-sosial-fəlsəfi” zülmə qarşı öz barışmaz mövqeylə indi yalnız müsəlmanlar tanınır-digər etiraz nümayəndələri, ətrafımıza yaxşı baxsaq, bir o qədər mübariz deyildirlər, axı! Bəli, bu gün, Çernışevskinin “Nə etməli?” sualını əvvəlcə özünə, sonra cəmiyyətə ünvanlamış inqilabçı zümrə, bax, soruşuram sizdən, kimdir? Cavab ki, başqa cür ola bilməz-yalnız müsəlman inqilabçıları! Götürün keçən əsrə aid qəzetləri, diqqətlə oxuyun onların saralmış səhifələrini, görəcəksiz- əvvəllər solçulara, kommunistlərə vurulan damğaların hamısı, ucdantutma, indi islamçılara qarşı işlədilir.
Beləysə, Çernışevskinin inqilab nəfəsli “Nə etməli? əsəri, uşaq olmayın, demək ki, indi özünə ikinci həyat qazanır, Raxmetovun əslində kim olduğunu bir daha oxuculara açıqlayır.
Bəli, yüz il öncə o, sosialist idi, indiysə, əsl islamçıdır. Vəssəlam.

İKİNCİ SAZİŞ

Kommunizmin banisi Vladimir İliç Lenini yaxşı oxusaydınız əgər, dediklərim, təəccüb doğurmazdı sizlərdə. Fikir verin Leninin Oktyab İnqilabından sonra imzaladığı dekretlərə-Birinci dekret xalqlara sülh, fəhlələrə fabrikləri, kəndlilələrə torpaq vəd edir. İkinci dekret isə, bax bu çox maraqlıdır, məzlum Şərq xalqlarına, müsəlmanlara ünvanlanıb-Lenin ordan bütün İslam aləminə səslənir, mürtəce, istismarçı qüvvələri pisləyir, Şərqdə gedən milli-azadlıq hərəkatlarını dəstəkləyir, Qərb müstəmləkəçilərinin Şərq barədə imzaladığı cinayətkar gizli müqavilələri aləmə faş edir, müsəlmanları mübarizəyə çağırır. Bütün yerli sovetlərdə, partiya-dövlət idarələrində “müsəlman şöbələri” yaradılır, 1919-cu ilin noyabrında Ulyanov-Lenin, “kommunist-müsəlmanlar”ın qurultayında alovlu nitq söyləyir. O zamanlar, bir çox kommunist rəhbərləri, dünya inqilabının Rusiyadan sonra Avropada-ilk olaraq Almaniyada baş verəcəyinə inansalar da, tarix bunu təsdiq etmədi. Bax həmin dövrdə Lenin öz yorğun nəzərlərini Şərqə-burda baş verən antiimperialist siyasi hərəkətlərə doğru çevirir. 2-ci İnternasionala ünvanladığı tarixi tezislərində o, çox futuristik bir siyasi fikir meydana atır-“Avropada kommunist inqilabı baş verməsə, onun rezervini Şərq xalqlarının sosial-siyasi mübarizəsində axtarmaq lazımdır”...
Belə şəraitdə Bakınının-yəni Şərqə açılan qapının Lenin üçün əhəmiyyəti daha da artır. Şərqin çox cildli islam siyasi lüğətinə tam yeni “şura hökuməti” kəlməsi daxil olur.

***
19-cu yüz ilin son rübündə dünya sosialist hərəkəti sürət götürüb siyasi aləmə daxil olduğu zaman, bəzi islam mütəfəkkirləri, o cümlədən həmyerlimiz Cəmaləddin əl-Əfqani, həmin sosial cərəyana xüsusi əhəmiyyət verir. Hiss edir-məhz bu nöqtədə ən çağdaş Avropa siyasi fikri əski Şərq dünyası ilə sıx birləşib, imperializmə qarşı vahid cəbhə təşkil edə bilər. Qurani-Kərimin 42-ci “Əş-şura” surəsini diqqətlə öyrənən əl-Əfqani elan edir- Avropa sol inqilabçılarının öz alınlarına yapışdırdığı “sosial ədalət” müddəası, bəli, uzağa neyçün gedirik ee, elə həmin mübarək surəylə həmahəngdir, demək, islamın canında onun “öz sosializmi” var!
Bu vəhdət əsasında sosializmlə çağdaş mübariz islamın ittifaqını yaratmaq mümkündür!
Əl-Əfqaninin qeyd edib işarələdiyi bu mühüm həqiqət, bir müddət elə bir fikir olaraq da qalır. Bu “nisyə” fikir bir müddət islam “cədidçi”lərinin (modernistlərinin) beynində gəzib lap axırda Nərimanov tərəfindən “nağdlaşdırılıb” Leninə təqdim olunur. Nəticədə müsəlmanlara həmin 42-ci surə öz batini mənasını açır-sosializm elə yenə islami bir həqiqətdir! Müsəlmanların siyasi lüğətinə Nərimanovun səyiylə yeni kəlmə daxil olur -“Şura hökuməti”. Sovet dövləti müsəlman aləmində o zamandan bəri bu “islami” adıyla tanınır. Marksizm diskursuna Nərimanovun bu fəlsəfi düzəlişi olmasaydı, marksizm-lenizm çətin ki, bu cür surətlə müsəlman aləmində yayılar, Buxaradan tutmuş ta Bakıya qədər bir arəzidə öz hökmünü təsdiqləyər, bütün digər Şərq ölkələrində müsəlman kommunist partiyaları yaradardı.
Beləliklə, hamıya aydın olsun-dünya solçularının islamla ilk təması Quranın 42-ci surəsi vasitəsiylə baş tutub.
Çernışevskinin yaratdığı Raxmetov surəti birinci dəfə bax cür öz islami mahiyyətini dünya solçularına isbatlayıb.

CƏLİLİN GİZLİ MİSSİYASI

Gördüyümüz kimi, 1920-ci ildə kommunizmlə islamın yolları bir növ çox ciddi şəkildə kəsişməyə başlayır. Al bayraqlı leninizm, əzilən müsəlman aləmi sayəsində özünə ən sadiq müttəfiq qazanır.
İşərələdiyimiz məsələnin fəlsəfi-siyasi həlli indi qalsın bir qıraqda. Keçək onun tam həyati yaşantılarına. Görək o dövrün Raxmetovları həmin fəlsəfəni necə həyata keçirirmişlər

***
Belə Raxmetovların biri də kimsə olsa yaxşıdır, hə?- ünlü Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə- “Molla Nəsrəddin” jurnalının baş redaktoru, bütün Şərq aləminin inandığı imza sahibi.
Tarixçilərin çox qorxduğu bir nöqtəyə diqqətinizi çəkmək istərdim: Heç sual vermək istəmisinizmi özünüzə-“Bax neyçün, 1920-ci ilin apreli, Azərbaycana iki üsyan bəxş edib-birincisi, az tanıdığımız Şeyx Məhəmməd Xiyabaninin Təbriz üsyanı (6-14aprel 1920), ikincisi, Nərimanovun 28 aprel inqilabı? Bir mərkəzdənmi idarə olunurdu bu iki oxşar qiyam? Kim idi bu üsyanların rəhbəri-qan qaydan bahar fəsli, yoxsamı Lenin?
Bəlkə hər ikisi?
Şair Rəhman Babaxanlı demiş “yaz ağzı-dəryaz ağzı”...
Yadda saxlayın- məhz o zaman yoldaş Ulyanov, Avropadakı kommunist qiyamlarının uğursuzluqlarını görərək nəzərlərini müsəlman Şərqinə, ilk olaraq Bakıyla Təbrizə dikmişdi. Özü də “Təbriz” kəlməsi Leninçün yad deyildi- 1905-907-ci illərdə Karl Kautski, Plexanov kimi tanınmış sosialistlərin bu şəhərdə baş vermiş İran inqilabı, Səttarxan hərəkatıyla əlaqədar Təbrizdəki həmfikirlərinə çox qiymətli məktublar yazması, bəli, tarixçilərə yaxşı bəllidir. Lenin də bundan kənarda qalmamış, Səttarxan hərəkəti barədə məqalələrində ayrıca qeydlər etmişdi-bunu danmaq lap əclaflıq olar axı ay yoldaşlar. Xülasə, Təbrizin hansı inqilabı ənənələrə malik olmağı yoldaş Ulyanova yaxşı bəlliydi.
Demək, o Şərqə irəliləyərkən Bakıdan sonra məhz Təbrizə xüsusi önəm verməliymiş...
Yoldaş Raxmetovlar, Leninin göndərdiyi zirehli qatarları Bakıdan sonra Təbrizə yollamalıymışlar...

***
1920-ci ilin martında Cəlil Məmmədquluzadə, həyat yoldaşı Həmidə xanımın Hindarx kəndindəki mülkündən ayrılıb Təbrizə doğru qəribə bir səfərə çıxır. Bu səfər barədə Həmidə xanımın yol qeydləri çap olunsa da, səyahətin kim tərəfindən sifariş olunduğu indiyədək bir sirr olaraq da qalır. Cəlil, uzun yol boyu minbir əzəba qatlaşıb axır, şükür, gəlib çıxır Təbrizə, Şeyx Xiyabaniylə orda görüşür, qiyamın şahidi olur, “Molla Nəsrəddin” dərgisini uzun fasilədən sonra məhz orda yenidən çap etməyə başlayır. Jurnal, Təbriz ictimai-siyasi həyatına misilsiz təsir buraxır, camaatı öz haqları uğrunda mübarizəyə qaldırır. Həmidə xanımın xatirələrində bu haqda o qədər təsirli sətirlər var ki...
Xiyabani hərəkəti, öz dövrünə uyğun olaraq sosialistik mahiyyət daşısa da o, ilk növbədə islami məzmunluydu-müsəlman “ümmətçilik” ideoloqeması, bəli, bədii təxəyyülə varıb belə deyək- onun aparıcı sürət qatarıydı. Bir sözlə, indiki millətçilərimizin Xiyabani adından süni istifadəsi yolverilməzdir-millətçilik ilə ümmətçilik arasında dərin uçurum var! Özünüzü ora atmayın... Həmin dövrdə, Musavat millətçilərindən fərqli olaraq, həmin bu ümmətçilik Leninlə xoş münasibətlərdəydi, bəli. Sonralar Pişəvəri, daha da irəli gedib bu ümmətçiliyi, indiki musavatçıların dediyi kimi millətçiliklə deyil, “xəlqilik”lə, yəni xalq sosializmiylə əvəzlədi. Xiyabaninin yazdığı “Lenin və Şərq” əsərində islamla sosializmin ortaq nöqtələri aydın cızılmışdı. Şeyxin sadiq silahdaşı Z. Qiyami öz xatirələrində bu kitab barədə xeyli danışır, kitabın sonralar itməyinə xeyli təəssüflənirdi. KİÇİK HAŞİYƏ- Yazıçı İsa Hüseynov “İdeal” əsərində Xiyabani hərəkəti barədə danışarkən, tez-tez onun “itmiş əlyazması” haqda çox maraqlı fikirlər söyləyir.

***

Lakin, gəlin konspiroloqiya nəfəsini yazdığımız bu sətirlərə hopduraraq bir müddəa irəli sürək-bəlkə Həmidə xanımın xatirələri tam deyil? O vaxtkı Raxmetovlar barəsində bu əlyazmasındakı bir çox qiymətli sətirləri, daha nə deyim?-bəlkə görünməz bir əl pozub? Həmidə xanım Cəlilin kim tərəfindən təlimatlandırıldığını deməsə də axırda buna incə eyham vurur-Nərimanov! Şeyx Xiyabani qətlə yetirildikdən sonra Nərimanovun “Bakıya qayıt!” teleqramını alan Mirzə Cəlil, bəlkə elə lap əvvəldən Nərimanovla sıx əlaqədə idi, hə?
Lenin, Nərimanovun, bəli, Xiyabaniylə əlaqəsi bəlkə Mirzə Cəlil vasitəsiylə təmin olunurmuş?
Beləysə 1920-ci ilin aprel-sentyabr ayları barədə tarixçilərin yazdıqları tam deyil- bu dövrün növbəti Raxmetovunu dörd canlı surətin cəmində görmək lazım gəlir. “Lenin+Nərimanov+Cəlil+Xiyabani” dördbucağı arasında şayət o vaxtlar çox gizli bir əməliyyat həyata keçirilib-demək, 11 Qızıl Ordu təkcə Bakıda dayanmamalı, Arazı adlayıb Təbrizə keçməli, Xiyabani fəallarıyla birləşərək bütün Şərqi ingilis imperializmi zülmündən azad etməliymiş. Deməli, Azərbaycanın birləşmək imkanı təkcə 1941-46-ci illərdə deyil, ilk dəfə məhz 1920-ci ilin aprel-sentyabr aylarında mümkün idi!
Həmin sentyabrda Bakıda keçirilən Şərq xalqlarının 1-ci qurultayı barəsində də indi gərək bir başqa fikir irəli sürək-
məncə, bu qurultayın baş məqsədi sadəydi-Təbrizə girmək icazəsini bütün müsəlman Şərq aləmindən almaq! Lakin qurultay zamanı faciə baş verir-ingilis agenturaı Sovetlərdən cəld tərpənib şəhərə girərək, Xiyabaninin vəhşicəsinə qətlə yetirir. Qızıl Ordu Təbriz əvəzinə Gilana, Rəştə girib orda uğursuzluğa düçar olur...
Mirzə Cəlil təcili olaraq Bakıya dönür...

***

Məqaləmizin bu yerində, necə deyərlər “asta dabana basaq”, fikirlərimizi bir nöqtəyə cəmləyib son nəticə çıxaraq: Lenin-Nərimanov cütlüyü qələmindən çıxmış “kommunizm+islam ümmətçiliyi” layihəsi, bəli, axırda Xiyabaninin ölümüylə öz son nöqtəsini tapır.
Axı, Cəlilin gizli missiyası qarşısında İrandakı Britaniya kəşfiyyatı yatmamışdı ki ( Dokuments on British Foreign Policy. Series 1, t. 13, L., 1963, dok. 433, p.486-87). Tehrandakı Britaniya “nümayəndəsi” Persi Koks ilə İngiltərə Xarici İşlər Naziri lord Kerzon arasındakı teleqraf söhbətlərini oxusanız əgər, dediklərim sizlərdə əsla təccüb doğurmaz. Teleqrammlara diqqətlə qulaq asın, teleqraf aparatlarının tıqqıltısındakı həyəcanı hiss edin:
“Xiyabani hərəkəti qırmızı xətti keçir... Vəsuq-əd-Dövlə kabineti Xiyabaniyə görə istefaya getdi... 9 avqust 1919-cu il Britaniya-İran müqaviləsinin taleyi indi qorxu altındadır...Cənab Koks, 3 min nəfərlik jandarma qüvvəsi hazırlayıb, onu Təbrizə göndərməyi bacararsınızmı?... Səfirlik işçisi Edmond Miçer! Təbrizə gedib Xiyabaniylə görüşün... Mayor Kert, təcili hərəkətə keçib Xiyabaniyə qarşı əməliyyata başlayın...Uğursuzluqlar bizi vadar edir ki, İran hökumətiylə birgə hərəkət edək. Azərbaycan qubernatoru Müxbir əs-Səltənə az sonra Təbrizə yetişir. Xiyabaninin başını qatın, vaxt udun. Tələsin...”
Xiyabaninin Maarif Naziri Abdulla Abdullazadə isə həmin vaxtlar Bakıyla məktublaşırdı:
“Məndən Nərimanova salam yetirin. Bu məktubu sizə yetirmiş şəxs vasitəsiylə bizə “təzə kitablar” göndərin. Bizim onlara dərin ehtiyacımız var”... (Azərbaycan Dövlət arxivi, f. 6s\\28r, siyahı 1, iş 487, səh.75).
Yadınızda qalsın-“kitab” deyərkən inqilabçılar həmişə “silah” nəzərdə tuturlar.
Gördüyümüz kimi hadisələr iki xətt üzrə sürətlə inkişa edirmiş indi bizə çox uzaq olan o vaxtlarda:1-ci xətt. Təbriz-Moskva. Xiyabani-Nərimanov-Lenin. 2-ci xətt. Tehran-London. Müxbir əs-Səltənə-lord Kerzon.
Adını çəkdiyimiz 1919-cu il Britaniya-İran müqaviləsi imzalanarkən, Lenin hökuməti bu mövzudan kənarda qalmır, “İran zəhmətkeşlərinə” həmin sazişlə əlaqədar müraciət imzalayaraq, iranlılara onu rədd etməyi təklif edir...
Cəlilin Təbrizə səfəri, bəli, belə bir mürəkkəb dövrə təsadüf edir. Təəssüf ki, bu səfərin qarşısında Britaniya imperializmi sakit durmadı, əks səfərlər hazırladı, nəticədə Nərimanovu önləyib Təbrizdə Xiyabanini qətlə yetirdi.
İslam ümmətçiliyi ilə leninizmin Təbrizdə birləşmək arzusu, qan gölündə boğuldu. Müsəlman Şərqi çərçivəsində, Çernışevskinin “Nə etməli?” sualına cavab tapmış Nərimanov-Xiyabani tandemi, gələcək nəsillərin ümüdünə qaldı.
Raxmetovu, yəni Xiyabanini 1920-ci ilin sentyabrında növbəti dəfə qətlə yetirdilər.

ÜÇÜNCÜ SAZİŞ

“İslam ümmətçilərinin Leninlə sazişi niyə baş tutmadı?” sualını özümüzə ünvanlasaq, yenə də Çernışevskinin o məşhur “nə etməli?” sualıyla təkbətək qalmış yoldaş Raxmetova bənzəyəcəyik. Gəlin bu sazişin inkişaf dinamikasını bərpa edək:1. Çernışevski, üstşüur, yaxud altşüurla hərəkət edərək, futuristik öncəgörənlik nümayiş etdirir- gələcək “islam+sosializm” tandeminin rəmzini, yəni Raxmetov surətini yaradır. Əl-Əfqani, tam müstəqil hərəkət edərək eyni fikrə gəlir-islamla sosializmin oxşar cəhətləri var. 2. Lenin-Nərimanov işbirliyi, həmin bu rəmzi işarəni romantik pafosla yükləyir, yarananmaqda olan ittifaq özünə ikinci rəmz qazanır-islami “Şura” anlayışı SSRİ-nin Şərqdəki adına çevrilir. Cəlilin gizli missiyası bu sazişə məcara estetikası qatır.
Demək, indi biz məsələnin üçüncü həddini axtarıb tapmalıyıq. Varmıdır, mövcuddurmu bu üçüncü pillə?
Var.
Harda?-böyük İran filosofu Əli Şəriətinin əsərlərində.
Mirzə Cəlilin məxfi missiyalı qara faytonu indi onun mənzilinə döğru səyahət etməlidir.

***
İslamla sosilizmin ortaq nöqtələrini təmin etmiş qüdrət sahiblərindən söz açarkən, bir ziddiyyətli məsələni də gərək unutmayaq. Məşhur fransız ezoterik filosofu Rene Qenonun islama münasibəti, bəli, diqqətimizdən yayınmamalıdır. Avropa fəlsəfi fikrinin sağçı-konservativ qüvvələri tərəfindən islamla başlayan dialoq, Qenon yaradıcılığında özünə xüsusi vüsət qazanır. Yəni, islamla saziş bağlamaq arzusu Avropanın təkcə sol deyil, həm də ifrat sağ qüvvələrinə də xassdır.
Bəli, bir müddət həmin saziş, Qenon məktəbi simasında, Avropa sağçılarının inhisarında qaldı. Lakin, bütün bunlar Sartr, Reje Qorodi kimi solçu filosofları qətiyyən təmin etmirdi. Bax belə bir vəziyyətdə ortaya bir başqa filosoflar atılır-Sartrın tələbələri Fransua Fanon, Əli Şəriəti. Onların səyiylə islam mövzusu Avropa sağçı qüvvələrinin inhisarından qurtararaq tam inqilabi, sosialistik məzmun qazanır. Çernışevskinin Raxmetovu burda öz üçüncü həyatını yaşayır sanki.
Əli Şəriəti ilk olaraq islamın dialektikasını öyrənməyə başlayaraq burda çox maraqlı nəticələrə gəlir.
Əvvəla, unutmayın-hər yeni inqilab dövrü həmişə yeni dialektikanın yaranmasıyla əlaqədardı. Heqel dialektikası yaranmadan, Marksın “sinfi mübarizə” ideolaqeması yaranmaz, Lenin isə onu həyata keçirməyi bacarmazdı. Hər hansı bir ölkədə inqilab etməyin “bismillahı” bircə vacib şərtlə bağlıdır-gərək həmin ölkədə ziddiyyətləri düzgün müəyyən edib onu əks edən dilektik nəzəriyyə yaradasan.
Əli Şəriəti dediklərimizi tam mənada həyata keçirərək ilk növbədə Quranın dialektikası ilə məşğul oldu. Ordan iki binar ziddiyyət çıxardı- “müstəzaf” (əzilən, istismar olunan kütlə), “müstəkbir” (istismarçı silk) ziddiyyəti. Fikir verin-bu, marksizmin “sinfi mübarizə” qayəsinə necə də uyğundur!
İslam dialektikasında sosializmə uyğun oxşar bir cəhət tapan Əli Şəriəti fikri, bunun əsasında sanki sosilizmi hardasa bir növ islamlaşdırdı. Şəriətinin bu tapıntısı İran siyasi həyatında az sonra öz gerçək bəhrəsini tapır-“Mücahiddine-xəlq” təşkilatı onun fəlsəfəsini “ islam marksizmi” adıyla işarələyib İranda sinfi mübarizəyə başlayır.
Lakin, İmam Xomeyni, ayətullah Motəhhərri kimi sırf şiə alim-ülamaları buna qarşı tamam başqa dialektik ziddiyyəti Qurandan götürüb müsəlmanların diqqətinə çatdırırlar-bu, “hizbe-Allah”la “hizbi-şeytan” qarşıdurmasıdır. Xomeyni ilə, Motəhhəridə bu ziddiyyət sosal deyil, metafizik bir mahiyyət daşıyır. Bəli, “müstəkbir+müstəzaf” qarşıdurması sosial-siyasi qatda mövcuddur, metafizik qatda isə onun adı “hizbi-Allah+hizbi-şeytan”dır.
İran siyasi-fəlsəfi həyatı, İslam inqilabı dövründə, Qurandakı bu iki dialektik ziddiyyəti birləşdirməkdənsə, onları neyçünsə ayırdı. “İslamçı sosialistlər” fikrincə əsas məsələ “müstəkbir+müstəzaf” ziddiyyətinin həlliylə “tövhid”ə çatmaq idisə, ənənəçi xomeyniçilər bir başqa cür düşünürdü. “Hizbi-Allah+hizbi-şeytan” dialektikasının həlli onlarçün daha vacib məsələydi.
İrandakı hər iki qüvvə İslam inqilabı zamanı birləşmədi, əksinə, öz aralarında savaşmağa başladı.
Məcazi dillə danışsaq, Cəlilin İrana sosializm gətirmək istəyən ikinci missiyası da böyük əngəllərlə qarşılaşdı.
Lakin bu dəfə Cəlil tək deyildi, faytonda onunla yanaşı oturan ikinci şəxs filosof Əli Şəriəti idi.

***

İranda ənənəvi şiə məktəbiylə “yeni müsəlmanlar”, islam dialektikası mövzusu ətrafında vuruşduğu zaman, Avropa fəlsəfi fikri, dialektikanı inkar edən postmodernizmə yuvarlanmağa başladı. Nəticədə, marksizm bu qitədə yavaş-yavaş süquta uğradı, dialektika kimi vacib bir silahını İslam ələminə ötürdü. Raxmetov kimi qəhrəmanlar isə dialektikasız yaşaya bilməz-nəticədə Avropa solçuları indi kütəvi şəkildə İslam tərəfdarlarına çevrilirlər. Səbəb sadədir-islamın sağlam dialektikası!
Bəli, müsəlman Şərqi indi dialektika kimi mühüm bir silaha malikdir.
Avropa bu fəlsəfi silahını marksizmlə mübarizə edə-edə əslində qeyb edib. Nəticədə öz dialektik inkişaf prespektivini itirib.
Marksist dialektika indi islam dialektiktikasıyla bir vəhdət təşkil etməyə başlayıb. Dialektika olmayan yerdə isə modernizm yoxdur, yalnız postmodern imitasiyalar var.
Məncə, islamla sosializmin bax bu üçüncü sazişi deyəsən çox uğurlu alındı. “İn-yan” dialektik ziddiyyətini öz təfəkküründə aparıcı xəttə çevirmiş uzaq Çin də Avropadan fərqli olaraq sağlam dialektikasını qoruyub saxlayır-nəticədə o indi dünyanın ən uğurlu iqtisadiyyatına malikdir.

***

Cəlilin Təbrizə gedən faytonu deyəsən bu dəfə dağa-daşa çırpılmayacaq...

***
Gördüz ki Çernişevski öz inqilabçı qəhrəmanına Raxmetov adını verərkən nə qədər uzaqgörən olub!




Oxunub: 835 dəfə.

Комментариев нет: