четверг, апреля 08, 2010

KƏBƏnin FƏTHİ

lhamiyyə RZAYEVA, Həmid HERISÇİ
marakaqol@rambler.ru

12 -06 -2009 . KƏBƏnin FƏTHİ

Konspirologiya elminə «Ya Allah!» deyərək qədəm basdımmı, hazır ol, bəzi səhvlər edəcəyini bəribaşdan bil. Əvvəlcə, xam xəyallara qapılıb bəzi gizli sənədlər, «itmiş əlyazma»larını axtaracaqsan, şək-şübhə başını xarab edəcək- bulvarda nərd vuran təqaüdçü Djeyms Bondlardan nəsə bir sirr öyrənmək istəyəcəksən. Özünü yorma, köhlən atını daşlığa çapma-axtardığını oralarda deyil, tam başqa yerlərdə tapacaqsan, ay yazıq! Əvvəla, gizli əlyazmalarını tapsan da, o kitabların yalnız tozunu sinənə çəkəcəksən, görəcəksən ki, bu saralmış səhifələr əslində, vallah, sənə heç nə vermir. Nəhayət bir gün gözlərinin dumanı silinəcək, baxıb görəcəksən ki, «gizli, itmiş əlyazmaları, məxfi sənədlər» heç də tozlu arxivlərdə, çardaqlarda deyil, tam başqa yerdəymiş, sən isə ay yazıq, yolunu dağa-daşa salıb öz qibləni itiribsən...Yaxşı, bəs hardaymış o məxfi sənədlər? Vallah, gülmə, elə ən adi çap kitabları içində tapacaqsan... aşkarlayacaqsan həmin «itmiş əlyazma»larını.

Gizli kitablar, öyrən, bizdən qat-qat ağıllıdır-ən adi çap kitabları içində rahatca özlərinə yuva qurublar!
«Bizim Yol» qəzetində çap etdiyim son «İki film» məqaləmdən sonra, bəzi səbirsiz oxucularım ağıllarını lap itirdilər. Qapıma gəlib bəzi gizli sənədlərin surətlərini istədilər məndən. Elə güman etdilər ki, Şərqi Alman xüsusi xidmət mərkəzi «Ştazi»nin bəzi tam məxfi qovluqları bizim evdə saxlanılır. Bax soruşuram sizdən, indi-necə bilirsiz, «Ştazi» kimi bir kabusun ən gizli sirri, yaxşı, nə ola bilər, hə? Cavab verirəm-sözsüz ki, onun tam məxfi «sorğu-sual» kitabçası, yəni dindirməni hansı üsulla aparmaq bacarığı. Hə, bir də, «Ştazi»nin gizli filmləri...
Qoy ürəyiniz sakitləşsin -bu sənədlər məndə yoxdur. Lakin inanın, onlar tozlu çardaqlarda deyil, ən adi kitabxanalarda, tutaq ki, Axundov kitabxanasında, yaxud «Azərbaycanfilm» arxivində saxlanılır. Bəli, gözlərinizi nöş döyürsün, ağzınız niyə açıq qalıb? Axtarın da bu sirli sənədləri orda! O sənədlər ən adi çap kitabları içindədir, bildizmi, ay mənim sadəlövh oxucularım...Ən adi...
Gəlirsən bir kasıb sovet kitabxanasına, elə qoy o, lap Axundov kitabxanası olsun, sifariş vərəqəsini doldurub «Dağıstanda ağcaqad növləri» kitabçasını sifariş verirsən, yaxud «Azərbaycanfilm» arxivində bir köhnə Şərqi alman filmini ismarlayırsan... Vəssalam, görüb oxuduqlarının içində «Ştazi»nin bütün sirləri mışıl-mışıl yatıb! Nə vaxtdır ki, elə sənin yolunu gözləyir, Mİ-6 Britaniya kəşfiyyatının isə bundan qətiyyən xəbəri yoxdur!
Mən deyənlər sizə ağır təsir bağışlayır, hə? Ürəyiniz sancır, alnınız tərləyir görürəm. Sakit yanaşın dediklərimə. «Heç xəbərin yoxdur sənin» el mahnısını bircə dəfə dinlədizmi, sifətiniz güləcək. Başınızı yelləyə-yelləyə mənlə razılaşacaqsız...

TEHRAN 43-DƏN

TEHRAN 83-Ə.
İran tarixinin «Sirlər xəzinəsi»nə girmək kimi xam bir xəyala düşübsüzsə, nə deyim, gərək mütləq bir azacıq, bir dıqqılı hürufi cildinə girib, rəqəmlərlərin sehrinə varasız. Gözlərinizi gah qıyasız, gah yumasız, bəzi ən önəmli tarixi hadisələri beyninizdə canlandırıb, ən axırda bircə sual verəsiz özünüzə- «2500 illik İran tarixi salnaməsini, pis-yaxşı, bir təhər vərəqlədim. İstədim biləm - XX yüzillikdə bu qoca tarix harda, hansı nöqtədə qəfil öz daxili inkişaf dinamikasını itirərək bir sükunət nöqtəsində ilişib qalıb... Ay 12 İmam, bir Allah, siz özünüz mənə deyin bu tarix nə vaxt düyünə düşüb? Nə vaxt, haçan irəliyə doğru istiqamətini qeyb edərək, geriyə çəkilməyə vadar olub?»
Elə öz daxilindən cavab alacaqsan bu lal sualına- «Antantanın (Britaniya+SSRİ+ABŞ) 1943-cü il Tehran konfransı zamanı, bəli, bizim İranın belini qırıb onun 2500 illik tarixini dondurdular. Sonra isə elə hey çalışdılar ki, şair Hafizin bu bədbəxt məmləkətində tarix öz yeni pilləsinə qalxmasın, elə hey geriyə yuvarlanıb «Tehran-1943«ə qayıtsın.
Tarixin həmin qara nöqtəsi hər on ildən bir təkrarlanarkən, biz, Təbriz, İran fədailəri dinc durmadıq, nəyin bahasına olursa olsun, öz fələyimizin qırıq çərxini hərəkətə gətirmək istədik. Düşmənlərimiz də, eynən bizim kimi, həmin vaxtda daim üzərimizə hücum çəkdilər.
Fələyin çərxi isə, çox qəliz bir qurğudur, onu yerindən tərpətməyə cəhd göstərmədinsə, heç nə, qanın getdi, fələk özü hərəkətə keçib bizi «fəlakət»ə salacaq.
Həmin «Fəlakət»dən can qurtarmaq cəhdləri İranda, Təbrizdə hər on ildən bir daim özünü göstərib, lap axırda 1979-cu il İran inqilabıyla nəticələnib. Lakin «3» rəqəmiylə bitən növbəti bir zaman kəsiyində, 1983-cü ildə, düz 40 il sonra «Tehran-43» kabusu yenidən öz qəbrindən xortlayıb hamını qorxudu. Köhnə Antanta, yəni SSRİ, Britaniya, ABŞ-ın güclü təsiri, təkidiylə İran solçuları siyasi həyatdan silindilər... Özü də necə? Ağlagəlməz bir xəyanət nəticəsində...
Qısa sualımın qısa da cavabı var-1943-cü ildə Tehranda qazamata atılanlar kim idi?-alman aqenturası!
1983-cü ildə həbs edilənlər də, təəccüblənməyin, yenə də Alman «Ştazi» məktəbinin məzunlarıydı. Birincilər, 3 Reyx, ikincilər isə, bəli, Kommunist Utopiyasının nakam aşiqləriydi... bəli, nakam aşiqləri. Hər iki dəstə, eyni acı taledən öz halal payını götürdü.
«Nə üçün?» Çünki Abver də, Ştazi də əslində eyni məktəbiydi...eyni inqilab məktəbi...
Necə deyərlər: «Diqqət! Diqqət! Danışır ölkəmizin bütün radiostansiyaları»:
Rəhmətlik «Mosfilm» kinostudiyası 1974-cü ildə «Tehran-43» filmini beynəlxalq komandayla birgə çəkib, hətta Alen Delon, Şarl Aznavur kimilərini qatıb bu işə! «Tehran-83» əməliyyatını «Ştazi» məzunlarına qarşı keçirən dəstə də, bəli, beynəlxalq tərkibliydi-SSRİ, Britaniya, Fransa kəşfiyyatı o vaxt İranda birləşib, eşidin, bax bu şeiri pıçıldadılar bomboş Tehran küçələrinə: «əlbir olub bir ayı bir şir ilə, ovladılar «Ştazi»ni tədbir ilə«...
Yox!
Məni fatalizmdə ittiham etməyin. İndi sizə söyləyəcəklərimi danmıram, bəli, fatalizm qoxuyur, lakin onlara aldanmayın. Eyni hadisələr İranda sadə bir səbəbə görə daim təkrarlanıb-oyunun iştirakçıları, pərdəarxası, pərdəönü qəhrəmanları elə eyni adamlar olub axı...
Layihə də axı eyniydi...Əvvəlcə Abverin (1935-43), sonra Ştazinin (1961-83) həyata keçirtdiyi «Fəth» əməliyyatı barədə indi biz dünyada ilk dəfə öz fikirlərimizi sizlərlə bölüşəcəyik.

***
1.Miladi 1943-cü il. Fələyin birinci «fəlakət»i:
İran milli qüvvələri, ölkədəki Abver aqenturası ətrafında sıx birləşib ölkəni qəsb etmiş Antantaya (SSRİ+Britaniya+ABŞ) qarşı nəhəng üsyan hazırlayır. Qiyama SS cəngavəri Frans Mayer başçılıq edir. Şah generalı Fəzullah Zahidi ətrafındakı zabitlər- biləsiz haa!- qiyamçıların fəqət hərbi qanadını təşkil edir. İkinci, tam gözəgörünməz dəstə Qum şəhərindəki şiə ruhaniyyətidir. Ancaq Ayətullah Əbdül Qasim Kəşani ətəyində namaz qılan müsəlmanlar, fikir verin, birbaşa Mayerə tabe deyillər-onların gizli rəhbəri Berlinə mühacirət etmiş Qüds müftisi Əmin əl-Hüseynidir. «X» saatında hər iki qüvvə birləşməli, Rommel, Skortseni kimi Abver qartallarını Tehranda qəbul etməlidir. Əmin əl-Hüseyninin birbaşa rəhbərliyi ilə həyata keçirilən tam məxfi əməliyyatın adı «Fəth»dir. Üsyan təkcə elə İranla məhdudlaşmır, eyni saatda Qüdsdə, Məkkə, Mədinə, Qahirə, Bağdad, Dəməşqdə də qiyamlar baş verməli, Britaniya şirinin qalın tükləri bütün Şərqdə bir-bir yolunub ütülməlidir. Nəhəng Abver şəbəkəsi bütün müsəlman Şərqində nəfəsini içinə çəkib səbirsizliklə Berlindən, Əmin əl-Hüseynidən əmr gözləyir. Tezliklə bu əmr Berlin radiosu vasitəsiylə bütün Şərqə səslənəcək. Stalinqradın tam ələ keçirildiyi gün- ya Allah!- bütün müsəlmanlar Antantaya qarşı cihada başlayacaq. Əmin əl-Hüseynin Almaniyada yaratdığı «Xəncər» diviziyası təntənəli şəkildə Məkkəyə, Düdənginskinin Azərbaycan legionu isə Bakıya daxil olmalıdır.
Stalinqrad faciəsi, əfsus bütün bunların üstündən uzun bir xətt çəkir...
Təəssüf ki, almanlar ehtiyatsızlıq üzündən bu işdə erməni-daşnak aqenturasından da istifadə edirmiş. Qəsdçilərin hərbi qanadını məhz daşnaklar ruslara təslim edir. Britaniya cəsuslarının iti qulağı şəklənib dik durur-1942-ci ilin dekabrında Fəzullah Zahidi, general Vilson tərəfindən oğurlanıb Londan dendilərinə təhvil verilir. Fələstinə aparılan Zahidi-əclaf!- dindirmə zamanı bütün hərbi şəbəkəni satır. 1943-cü ilin 15 avqustunda Frans Mayerin britaniyalılar tərəfindən həbs edilməyi, qiyamçıların hərbi qanadını tam fəlakətə uğradır.

***
Lakin «Fəth» əməliyyatını Abver qərargahında hazırlayan SS zabitlərini uşaq bilib cibinizə qoymayın. Vahid şəbəkə, bircə düşmən həmləsiylə çökməsin deyə, almanlar onu öz adətincə iki qismə parçalayıblar-ruhanilər ayrıdır, zabitlər ayrı. Yalnız «X» saatında hər iki qüvvə Tehran küçələrinə çıxıb Şah sarayına doğru cumacaqmış...
General Zahidi üsyançıların hərbi qanadını ingilislərə satsa da, şükür, ayətullah Kaşani başda olmaqla, Qum ruhani məktəbi bu tuthatutdan kənarda qalmağı bacarır. Lakin yatıb yuxuya getmir, itirilmiş hərbi qüvvəsini var gücüylə bərpa etmək istəyərək, tam məxfi fədai dəstələri yaradır. Ayətullah Kəşani bu işi bilirsinizmi kimə tapşırır?
İmam Xomeyniyə...
Həmin qanlı-qadalı 1943-cü ildə Nəvvab Səfəvi adlı bir fədai ilə işbirliyinə gedən Xomeyni, Qum mollalarının vuran əli sayılan məxfi «Fədayane-islam» dəstələrini yaradır, «Fəth» əməliyyatından fərarilik etmiş bir sıra xainləri günün günorta vaxtı Tehran küçələrində öz qanına qəltan edir. Bilin haa- qurbanların heç biri kor təsadüf nəticəsində seçilməyib! Vaxtilə «Fəth» düşərgəsinə qatılıb, sonra ona xəyanət edənlərin kürkünə birə düşür- Əhməd Kəsrəvi, Hacəli Razmara, Ə. Həcir, habelə başqaları Tehran küçələrində «Fədayane-islam» qisasçılarıyla üzləşirlər. Şahənşahın ağ general mundiri də 1949-cu ildə al-qana boyanır...
Qum şəhərindən bu əməliyyatlara rəhbərlik edən mollanı sonralar bütün İran əhli «rəhbər, vilayəti-fəqih» adlandıracaq.
2. 1953-cü il. İkinci «fəlakət»:
İran baş naziri Müsəddiq, ölkənin əsas gəlir vasitəsi olan nefti milliləşdirmək istəyir. Ölkədə inqilab rüzgarı əsir, meydanlarda insan kütlələri dalğalanır. ABŞ qartalı, Britaniya şiri isə bu vaxt meydana atılıb ölkədə həm saray, həm də dövlət çevrilişi edirlər. Köhnə xain general Zahidi, almanlara boyun olduğu qiyamı bu dəfə ABŞ-ın sifarişiylə həyata keçirir. Şahı öz əlaltısına çevirir, Müsəddiq hökumətini devirir. Ölkədə iki şahlıq (Zahidi+Şəhənşah) dövrü başlayır. SENTO-SEATO hərbi paktı çərçivəsində general Zahidi, gizli paralel hökumət qurub, istədiyini edir. «Cavidan» adlı şah qvardiyası-İran «Ergenekon»un ana nüvəsi, Zahidinin tam nəzarəti altındadır.
3. 1963-cü il. Üçüncü «fəlakət».
İranda hamı...hamı inqilabçı olub-hətta Şahənşahın özü belə. O, xalqa müraciət edib öz «ağ inqilab»ına başlayır. Qum ruhaniyyətinin vəqf torpaqlarını guya ki, xalqa paylamaq istəyir. Həmin torpaqları cüzi məbləğə icarəyə götürən kəndlilər, anında dərk edirlər ki, bu bir hiylədir-təkbaşına heç kim bu torpaqları əkə bilməyib əvvəl-axır o əkinəcəkləri şah məmurlarına satacaq! «Fədayane-islam»ın rəhbəri Xomeyni xalqı itaətsizliyə çağırır-şahın «ağ inqilabı» rəngini dəyişib olur al-qırmızı! Meydanlarda 15 min məzlum «müstəzəf» həyatını itirir. Xomeyni şəhadət istəsə də, Təbriz ayətullası Şəriətmədari onu bu xoşbəxtlikdən məhrum edib, əvəzində Xomeynini «Əyatullahe-üzma» adına layiq görür. Doğma vətənindən son hədiyyəsini alan İmam xaricə qovulur.
Bu vaxt İsveçrədən general Zahidinin müəmmalı ölüm xəbəri gəlir. Beləliklə, Məhəmmədrza Pəhləvi bir gülləylə hər iki rəqibini sıradan çıxarır. İran tarixi tam mütləqiyyət dövrünə daxil olur.
4. 1973-cü il. Növbəti fəlakət: Ərəb-İsrail savaşı dövründə Şahənşah islamafob mövqe sərgiləyib İsraili dəstəkləməklə bütün dünya müsəlmanlarının nifrətini qazanır. İran tarixi islam inqilabına doğru yönəlir. «Ştazi» ətrafında toplanmış inqilabçı qüvvələr (Fələstin «Fəth» təşkilatı, Qəddafi, Xonekker, Çauşesku, Avropa solçuları, İrandakı «kommunist+islamçı» ittifaqı), görərsiz, Şaha bunu bağışlamayacaq. 1979-cu ildə beynəlxalq fədai qüvvələrinin birgə vahid hücumuyla, İran tarixini öz həqiqi məcrasına qaytaracaqlar.
5. 1983-cü il. Son fəlakətin əhatə dairəsi bu dəfə İran sərhədlərini də vurub aşır: Abverin varisi «Ştazi» tərəfindən yetişdirilmiş İran kommunistləri Antantanın (SSRİ, Britaniya, Fransa, ABŞ) növbəti əmriylə tam məhv edilir. «Tehran-43» əməliyyatı 40 il sonra yenə də almanların süqutuyla sona çatır. Vaxtilə Abver tərəfindən hazırlanmış «Fəth» əməliyyatını bitirmək xoşbəxtliyi Ştaziyə də qismət olmur. Şərqi Alman aqenturası bütün Yaxın Şərqdən silinib süpürülür.
Ştazinin Yaxın Şərqdəki baş rezidenti Yasir Ərafat, İsrailin Livana hücumu nəticəsində, elə həmin 1983-cü ildə Beyrutu tərk edir. Fələstin (əslində, Ştazi) «Fəth» hərəkatının Sabra, Şatila qaçqın düşərgələrindəki yüzlərlə sıravi fədaisi, ailələriylə birgə, ucdantutma güllələnir...Ştazinin Livandakı məşhur təlim mərkəzləri şirin əfsanəyə çevrilir.
Yadda saxlayın-dünyadakı heç bir aqentura şəbəkəsi, Yaxın Şərqdəki «Ştazi» halqası kimi, soyqırıma məruz qalmayıb...

İKİNCİ NƏFƏS
Köhnə məxfi əməliyyatlar, yadda saxlayın-əslində heç vaxt bitmir, vaxtaşırı dirilir, sahiblərini dəyişib özünə ikinci nəfəs qazanır.
Bəli, 1935-43 cü illərdəki «Fəth» əməliyyatının ünvanı təkcə İran deyil, bütün müsəlman Şərqiydi. Əməliyyat iştirakçıları iki şəbəkədə cəmlənmişdi-hərbçilər ayrıydı, dindarlar ayrı. «X» saatında onlar birləşməli, Məkkəni fəth edib əməliyyatı sona çatdırmalıydılar.
50-ci illərdə bu qiyamçıların hərbi qanadı əvvəlcə Misirdə (Camal Əbdül Nəsr, Ənvər Səadət), sonra İrak, Suriya, Əlcəzair, Güney Yəməndə hərbi çevriliş edib, hakimiyyətə yiyələnir. Özlərini «azad zabitlər« adlı tam məxfi ümumərəb təşkilatının üzvü bilən bu insanlar kim idi, hə, soruşuram? Sənədlər sübut edir - istifadəsiz qalmış köhnə Abver pərəstişkarları! Hitler generalı Rommelin 1942-ci ildə bacarmadığını, məhz bu azad zabitlər həyata keçirir-Sueş kanalını milliləşdirirlər! Britaniya, Fransa, İsrail üçlüyü Sueş sahillərinə desant çıxardınca, SSRİ dinc durmur-müttəfiqləri atom silahıyla hədələyir! 1956-cı ilin səlibçiləri-fransız, britan, yəhudi cəngavərləri geri çəkilir, az sonra bütün Məğrib ölkələri öz müstəqilliyini qazanır.
«Azad zabitlər», aldanmayın, tək deyillər-ətraflarında çox sayda keçmiş alman SS-çiləri var. Onların hamısı islamı qəbul edib, «Fəth« əməliyyatını sona çatdırmaq istəyirlər!
Son hədəf isə...son hədəf isə Kəbədir...
Pərdəarxasından bu qüvvələri iki mübariz insan idarə edir-İsveçrə bankiri Fransua Jenu (onun haqda «Səməd Behrənginin qətli, «Fədailər» məqaləmizdə yetərincə danışmışıq), 1941-45-ci illəri Hitlerlə keçirmiş Qüds müftisi Əmin əl-Hüseyni. Abverin «Fəth»əməliyatı da, bilin, onların doğmaca balasıydı...

TƏKLİF
1960-cı illərin əvvəlində İran Kommunist Partiyası «Tudə»nin iki mühüm üzvü Berlinə gəlir. «Ştazi»yə rəhbərlik edən Markus Volf, habelə digər Şərqi Alman liderləriylə görüşmək istəyirlər.
Söhbət Yaxın Şərqdəki siyasi vəziyyətin müzakirəsindən başlayır:
-İran kommunist hərəkatının həmişə iki qolu olub-biri, Moskvaya güvənib, digəri Berlinə. Biz Ernest Telman, Kommintern ənənələri uğrunda vuruşub şəhid olan təbrizli doktor Təqi Erani ardıcıllarındanıq. Partiyamız Moskvadan Leypsiqə köçübsə, demək biz qalib gəlmişik. Bəlkə yenidən 30-cu illərə qayıdaq?
-Sizə baxarkən doktor Eranini xatırladım. Berlin universitetində təhsil alarkən o, mənlə həmişə sıx əlaqə saxlayıb...O, həlak oldu, eləmi?
Bu səsin sahibi-Erik Xonekker (o vaxt o, ADR-in Təhlükəsizlik Şurası sədriydi), dərindən udqunub başını aşağı salır. Qəfil yerindən qalxıb pəncərəyə yaxınlaşır, tam sükut içində, uzaq üfiqlərə zillənir.
Markus Volf iranlılara başıyla işarə verir ki, söhbəti davam etdirsinlər.
- Ərəb ölkələrində hakimiyyətə gəlmiş «azad zabitlər», bilirsiz, əski Abver aqenturasıdır. Ətraflarlarına çox sayda köhnə alman SS-çisini yığıblar. Moskva ərəbləri dəstəkləyir. Bizcə, bu köhnə Abver aqenturası ilə ancaq sizin Ştazi işləyə bilər. QRU, KQB bu işə yaramır. Biz onları İrandan yaxşı tanıyırıq...
- Təqi Erani də, yadıma gəlir, Stalin NKVD-sinə mənfi qiymət verirdi. -Xonekker geri qayıdıb yenidən masa arxasında əyləşir. Səsini sazlayıb davam edir:
-Yoldaş Volf, ruslardan icazə istəyin Abver arxivlərindəki bəzi sənədlərə baxaq. Görək nasistlərin Yaxın Şərqdəki məqsədləri nə imiş. Köhnə aqentura şəbəkələrini tədqiq edin. Məncə, Kreml siz deyənlərə müsbət cavab verəcək...Razıyam, KQB, QRU bu işlərə qatılmamalıdır. «SOV.İKP beynəlxalq əlaqələr şöbəsi» bizə birbaşa rəhbərlik etsə, hə, işlər düzələr. Bu sahədə biz yalnız onlarla bir yerə gəlib çıxarıq...
Sonra sanki möcüzə baş verir-Kreml, almanlara icəzə verir ki, Ərəb ölkələrində, İranda bütün milli-azadlıq hərəkatlarıyla əlaqə qurub, bu prosesi tam nəzarət altında saxlasınlar. Ştazi şəbəkəsi KQB, QRU-dan alınıb, «SOV.İKP beynəlxalq əlaqələr şöbəsi»nin birbaşa tabeçiliyinə tapşırılır. Ərəblər, Şərqi Almaniyanı bir dövlət kimi tanıyıb onu beynəlxalq təcriddən çıxarırlar. Fransua Jenu, Əmin əl-Hüseyni yenidən öz nəzərlərini Berlinə yönəldir, ixtiyarlarındakı tam məxfi «Fəth» əməliyyatının bütün sənədləriylə «Ştazi»ni tanış edirlər. İndi çap edilmiş bəzi sənədlər aydın göstərir- Qum ruhaniyyəti içində öz mübarizliyi ilə tanınan ayətullah Kəşani də məhz, o zamanlar yenidən almanlarla öz əlaqəsini bərpa edir. Beheşti, Mustafa Çamran, Qotbzadə, Məhəmməd Yəzdi kimi öz tələbələrinə deyir ki, məhz, bu...fəqət bu istiqamətə yönlənsinlər. Yaddaşınızdan silinməsin-islamla kommunizmin ideoloji birliyi bazasını hazırlayan Əli Şəriəti, bəli, məhz o vaxtlar bu xəttin baş ideoloqu seçilib...
Ərəbistandakı bütün köhnə alman SS-çiləri də, Ştaziyə qulluq edəcəklərini bəyan edir...Bəli, «Fəth» əməliyyatının indiki sahibi yenə də... yenə də doğma Almaniyadır...
Ərəblər bütün iqtisadi sifarişlərini Şərqi Almaniyaya verdikdən sonra, ölkə sənayesi qalxır. Şərqi Almaniya «dünyada ən inkaşaf etmiş on ölkədən biri» siyahısına düşür.
Hitlerin «Fəth» əməliyyatını davam etdirən Xonekker tezliklə Berlini «fəth» edib, Alman Vahid Sosialist Partiyasının birinci sədri seçilir.

QÜDSÜN AÇARLARI
Saçı ağarmış tarixçiləri, hakim elitalara nökərlik edən politoloqları gərək bir gün biz-müsəlmanlar!-dar ağacından asaq. Tarixi həmişə saxtalaşdırmaqla məşğuldur bax bu yaramazlar. Aradan yüz il vaxt ötsə belə, 1-ci, 2-ci Dünya müharibəsinin səbəblərini onlar nəyə görəsə hələ də azdırırlar.
Nə üçün? Hə, bunu gərək onların ağalarından soruşasan.
Bu savaşların səbəbini bilmək o qədər də çətin deyil- o vaxtlar Kayzer Almaniyası müsəlman ölkəsi olan Osmanlı imperiyası ilə sazişə girib Şərqə iki dəmiryolu çəkdirdi-biri, Bağdada, digəri Hicaza. Müqəddəs Kəbəyə gedən uzun yol nəhayət ki, birtəhər abadlaşdı. Gözlərinizdə qoy bax bu mənzərə canlansın-Berlində, İstanbulda rahat qatara əyləşən xristian, yəhudi, müsəlmanlar, əvvəlcə Aya-Sofya məbədini ziyarət edirlər. Qatar müqəddəs Qüdsə yetişdimi, xristianlarla yəhudilər orda yerə enir, həccə gedən müsəlmanlar isə öz yollarını davam etdirib, bir-iki günə gəlib Mədinəyə yetişirlər... Bax buna deyərəm əsl «tolerant qatarı»!
Almanların bu tikintisi Antantanı özündən çıxarır. Ruslar, fransızlar, britaniyalılar «Fələstin əldən gedir!» haykırtısıyla müharibəyə başlayırlar. Hamı Qüdsə yiyələnib almanları ordan çıxarmaq fikrindədir.
Bax bu zaman məşhur Britaniya cəsusu Lourens əl-Ərəbi Şərqə səfərə çıxır, Səudi, Haşimi ailəsiylə xəyanətkar əlaqəyə girib, bədəvilərin əliylə bu gözəl dəmiryolunu başlayır partlat ki, partlatmağa. Son nəticədə almanların ayağı Şərqdən kəsilir, dəmiryolu dağıdılır, Britaniya şiri bütün Şərqə, o cümlədən Kəbəyə yiyələnir. Yerli Səudi, Haşimi ailələri indiyədək onların bir sözünü iki eləmirlər.
Lakin bütün bu cinayətlərlə barışmayan bir başqa qüdrət sahibi də var Ərəbistanda. Bu, Qüds müftisi Əmin əl-Hüseynidir. Qüdsdəki bütün kilsə, məbəd, məscidlərin açarları hər gün axşam ona əmin edilir, sübh ertədən geri qaytarılır. Əsrlər boyu belə olsa da, ancaq deyəsən ingilislər bu qədim ənənəni pozmaq, açarları mənimsəmək azarındadırlar. Qüds müftisi keçmişləri yada salıb, almanlarla ingilislərin fərqini hiss edir-dəmiryolu Qüdsə yetişərkən qatardan düşən Kayzer, bir başqa əxlaq sahibiydi...ingilislər belə deyil...
Haqsızlığa dözməyən Əmin, Londona qarşı üsyan edib, üzünü yenə Almaniyaya doğru çevirir.
Alman kayzerini bu dəfə Fürer əvəz edir.
Müftinin nəsli Həzrət Fatima, İmam Hüseyn yoluyla düz gedib Peyğəmbərimizə çatır-bəli o, əhli-beyt nümayəndəsidir. Səudi, Haşimi ailələri isə Ayişədən sonra gələn bir nəslə aiddir...Bütün bu fərqlər sonralar İran mollaları, Xomeyni üçün çox mühüm əhəmiyyət kəsb edəcək. Xomeyni, öz siyasi seçimində yanılmayıb Əmin əl-Hüseynini özünə rəhbər seçəcəkdir. Yaxşı dinləyin məni, dediklərim kitablarda yazılmayıb- bütün bunlar 36-41-ci illərdə baş verəcək.
Müftinin «Şərqə, Qüdsə qayıdın!» çağırışına Hitler müsbət cavab verir. Hitler bilir ki, əfsanəvi Lourens əl-Ərəbi artıq Britaniyaya nifrət edir. Məqamdı, ona tapşırıq ver, getsin Fələstin, Hicaz torpaqlarına, köhnə dostlarını yenidən-bu dəfə Londona qarşı!- üsyana çəksin. Kəbəni azad edib açarlarını Müftiyə təqdim etsin...Bərpa olmuş dəmiryoluyla Almaniya yenidən Şərqə qayıdıb, öz sənayesinin neftə, min cür digər xammala olan tələbatını artıqlamasıyla ödəsin.
Lakin dumanlı Albionun xəfiyyələri bu dəfə Lourensdən cəld tərpənib onu yol qəzasında qətlə yetirirlər.
Hitler bu qara xəbəri eşidincə, əməliyyatı yarımçıq kəsmir, gənc İsveçrə nasisti Fransua Jenuya tapşırıq verir ki, Qüdsə gedib Müftiylə görüşsün, «Fəth» əməliyyatını hazırlayıb bütün müsəlman dünyasında nəhəng gizli şəbəkə yaratsın.
Əməliyyatın son nöqtəsi Kəbənin Səudilərdən qurtuluşu sayılır.

ŞƏRQDƏ «UBERMENSH» AXTARIŞI
Hollivud kinomotoqrafı Hitler barədə həmişə gicgicə filmlər çəkib başımızı xarab edir-ay, guya Hitler Tibetdə müqəddəs Qraal şirəsini axtarırmış, guya nasistlər Antraktida da gizli şəhər salırmışlar, guya Afrika cəngəlliklərində faşistlər sehirli daşlar tapıbmışlar və sair və ilaxır. İnanan daşa dönsün! Bu filmlərin öz məqsədi var-Hitleri multfilm qəhrəmanına çevirib onun səfeh olduğunu indiki insanlara sırımaq! Yox, nasistlər yaxşı bilirdilər ki, cansız dağlar, dərin Tibet mağaraları, Antraktida ənginliklərində heç bir sirr yoxdur. Sirr varsa-varsa əgər, o başqa yerdə-fövqəlinsanların (ubermensh) daxilindədir! Canlı adəm oğlu xaricində dünyada heç bir sirr mümkün deyil!
Bax bu fövqəlinsanları axtarmaq, hə, nasistlərin maraq dairəsindəydi. Karl Xausxofer, Rixard Zorge vasitəsiylə nasistlər, əfsanəvi yapon samuraylarını fövqəlinsanlar sırasına qatırlar.
Diqqət edin dediklərimə:
Fransua Jenu Yaxın Şərqdə nəhəng Abver şəbəkəsini yaradarkən məhz, bu insan cinsini-müsəlman fövqəlinsanını axtara-axtara gəlib yetişir bizim «fədai» məktəbinə. Qəti qərar verir özünə-«Mən Şərq ubermensh-ini tapdım! Fədai adlanır onlar. Həyat deyil, şəhadət aşiqidirlər. Axirət sevdasıyla yaşayırlar. Zərdüştün ruhu isə bilirsinizmi hardadır?-Qum, Nəcəf şiə məktəbində, ayətullahların zikrində... Bildim! Fədailəri, fövqəlinsanları onlar yetişdirir Aşura misteriyası sayəsində. 12-ci yüzilliyini səlibçilərinə qan udduran məşhur ismaili assasinlərini də, bəli, gəlin onlardan ayırmayaq»...
Sonralar məhz bu «fədai» məktəbi «Ştazi« tərəfindən dəstəklənəcək. Fələstin «Fəth» təşkilatı düşərgələrində almanlar tərəfindən yetişdirilmiş beynəlmiləl fədai ordusu bütün dünyanı titrədəcəkdir.

***
1938-ci il. İraq. Nəcəf şəhəri. Gənc «X», Həcdən vətəninə dönərkən bu şəhərdə «İxvanül-müslimin» qardaşlarıyla görüşür. Onlar Əmin əl-Hüseyninin fədailəridir. Aralarında islamı qəbul etmiş gənc bir isveçrəli də var.
Onlar Həzrət Əli məqbərəsinin bir hücrəsinə çəkilib, pıçıltıynan danışsalar da, bu səslər, divarlara dəyib əks-səda yaradır. Nöyüt lampasından sızan zəif şölə, gah sönür, gah alışır- söhbət iştirakçılarının sifətinə növbəynən öz nurunu bağışlayır...
1978-ci il. Paris ətrafındakı bir mülkdə öz qərərgahını qurmuş «X» azca həyəcanlıdır. Yox, İrandakı qan gölünə görə deyil, başqa səbəbə. Qapı açılır. İçəri bir avropalı daxil olur. Bu həmin isveçrəli Fransua Jenudur. Düz qırx il sonra onlar yenə görüşürlər.
- İnqilab tam hazırdır. 40 il öncəki söhbətimizə qayıdaqmı?
- Bütün dünya inqilabçıları, bütün fədailər mənimlədir, İmam...
- İran heç. Biz Kəbəni götürməliyik... Heç olmasa bircə günlük... Fədailər Kəbənin zəvvarı yox, fatehləri olmalıdır.

***
- Siz, İran kommunistləri mənə yol göstərdiniz. Alman Demokratik Respublikasını xilas etdiniz. Bəlkə, bir arzunuz var? Deyin, mən onu həyata keçirməyə hazıram. - Erik Xonekker bir gün bu sözləri «Tudə» rəhbəri İyrəc İskəndəri ünvanına söyləyir.
- Mən ateistəm. Ancaq «Fəth» əməliyyatını sona çatdırıb Kəbəni fəth etsək, orda namaz qılmağa razıyam,- deyə İyrəc, yarızarafat, yarıciddi bir görkəm alır.
-Elə mən də qoşularam bu namaza. -Xonekker gülümsəyib az sonra simasını ciddiləşdirir:
-Çalışaram bu arzumuz da həyata keçsin. Mənim istəyim isə sadədir. Xahiş edirəm, Təqi Eraninin şəklini bağışlayın mənə... Vaxtilə doktor Erani məni nasist gülləsindən xilas edib...

***
1979-cu ilin 20 noyabrında «Beynəlxalq intiharçı-fədai» klubu üzvləri Məkkədə zəvvar adıyla toplanaraq, qəfildən öz qollarına qırmızı lent sarıyırlar. Sonra Müqəddəs Hərəmi ələ keçirib orda namazlarını qılırlar. Uca minarələrdən tarixdə ilk dəfə-düz iki həftə!- siyasi moizələr səslənir.
Qanlı döyüşlər başlayır. Beynəlxalq imperialist qüvvələri toplu halında fədailər üzərinə hücuma keçsələr də, döyüş zamanı -inanmazsız!- tam möcüzə baş verir.
Atılan güllələrin hamısı fədailərdən yan ötürmüş...
Məhz bunu görən kafirlər fədailərə qarşı zəhərləyici qaz tədbiq etmək qərarını verirlər. Kəbədə on minədək insan həlak olur.
Lakin bir neçə sıravi fədai -möcüzədir!- Kəbədə, Həcər daşının dibində qəfildən qeybə çəkilib gözəgörünməz hal alır...
İndiki dövrün ən qanlı iman savaşları vaxtı, fədailərin son güllələri bitdiyi dar məqamda, bir də görürsən möcüzə yaranır-sarp qayalar ardından ONLAR çıxır...
Fədailərin köməyinə gəlirlər...




Oxunub: 930 dəfə.

Комментариев нет: