понедельник, апреля 26, 2010

İran fədailəri haqda eşitmədikləriniz…



İran fədailəri haqda eşitmədikləriniz…

hemid-herisci2Həmid Herisçinin iri həcmli müsahibəsində
“Azadlıq”da hissə-hissə dərc olunmuş müsahibənin tam mətni…
“Kimdir Iran fədailəri?
Hansı əqidə uğrunda çarpışıb vuruşurlar? Niyə onlar müxalifətçi Musəvini dəstəkləmədilər? Neyçün Iranda bu qədər şair var? Qədim Iran poeziyasının əsl mənası nədir?  Bütün bunlar barədə yazıçı Həmid Herisçi  ”Qzt.ru”ya müsahibəsində danışıb. “Azadlıq” qəzeti də mövzunun aktuallığını nəzərə alaraq müsahibəni hissə- hissə oxucuların diqqətinə çatdırıb. Lakin internet istifadəçilərimiz üçün müsahibəni bütövlükdə təqdim etməyə də ehtiyac hiss etdik. Beləliklə, Həmid Herisçi ilə maraqlı söhbəti başdan-sona oxuya bilərsiniz.
DOSYE: Həmid Herisçi 1961-ci ildə siyasi mühacir, Iran Kommunist Partiyası ”Tudə”nin Mərkəzi Komitəsi üzvü Qafar Kəndli-Herisçinin ailəsində anadan olub. Çox qədim Iran fədai nəslinin nümayəndəsidir. Dörd kitab, çoxlu esse-məqalə məllifi, şair, nasir, publisistdir. Azərbaycan TV-sində 200-dək tematik verilişə imza atıb. Onun əsərləri Iranda, Azərbaycanda həmişə böyük maraqla qarşılanıb.
Şah Ismayıl dövründə fədailər “qızılbaş” adı altında çıxış edib
- Son Iran siyasi seçkilərini müşahidə edən xarici müxbirlər, bu qədim ölkənin özünəməxsus sirlərini bilmirlər deyə, öz məqalələrində böyük xətalara yer verirlər. Məsəlçün, xarici mətbuat xalq könüllüləri “bəsic” barədə xeyli söhbət etdi, fəqət, Əhmədinecadı dəstəkləyən bu qüvvə haqda tutarlı izahat verməkdə səriştəsizlik sərgilədi. Kimdir bu könüllülər, onların tarixi qaynağı hardadır?
- Siz yəqin ki, məşhur Holland rəssamı Vermeyerin “Gecə gözətçiləri” şəklini dəfələrlə görübsünüz. Holland rəngli boya məktəbinin ən tanınmış bu əsərində, 17-ci əsr protestant qüvvələrinin Roma kilsəsinə qarşı çıxmış xalq ordusu təsvir olunub. Ancaq inanın, “fədai” adlı Iran xalq könüllü ordusunun tarixi, dərindən işə bələd olsanız, Hollandiyakından dəfələrlə həm zəngin, həm də qədimdir.
“Fədai”- bu ordunun şiə-Iran adıdır, avropalılar isə həmin Iran xalq ordusu nümayəndələrinə hələ 11-ci əsrdən “assasin” adını veriblər. Avropada belə bir yanlış fikir hökm sürür ki, həmin assasinlər hələ orta əsrlərdə yoxa çıxıblar. Lakin, assasin-fədailər indi də Iranda mövcuddurlar.
Bu məktəbin kökləri Iran təfəkkürünün dərinliklərində gizlənmiş bir psixoloji arxetiplə əlaqədardır – onu “xilaskar əsgər” rəmziylə işarələsək daha düzgün olar. Şiə ruhaniyyəti, alimləri bu xalq əsgərini “Əli əsgər”, “Şahi-mərdan” ismi altında da tanıyır, bu əsgərin mənəvi qaynağını “Qeyb” aləmində axtarır. Axı onlar Qeyb Imamın, yəni, Imam Mehdinin əsgərləridirlər. “Qeyb” aləmindən onlara rəhbərlik edən Imam Mehdi indi də yaşayır, zühur vaxtını gözləyir.
Beləliklə, fədai-assasinin kim olduğu sizə bəlli oldu – o, gizli Iran xalq ordusunun üzvüdür. Bu ordu ən qədim zamanlardan bəri hər bir Iran şəhərində mövcud olduğu kimi, indi də özünü qoruyub saxlayıb. Lazım vaxtda bu ordu Iranda həmişə inqilablar törədib, zalim şahları taxt-tacdan məhrum edib.
Şiə elminə görə, bu üsyan “əl-fəcr” (yəni “açılış”) dövrünü açaraq, hərbi-siyasi, dini məna daşıyır, öz bütün varlığıynan Qeyb Imamın gəlişini sürətləndirib hazırlamalıdır.
Əgər bu üsyan uğursuzluqla nəticələnsə, fədailər üzə çıxardıqları sirləri yenidən “qeyb”ə qaytarmalı, faş etdiklərini təzədən “sirlər xəzinəsi”nə qaytarmalıdırlar.
- Fədailərin bu əməlləri tarixdə necə əks olunub?
- Səfəvi şahı Şah Ismayıl dövründə fədailər “qızılbaş” adı altında çıxış edib nəhəng üsyana başladılar – “əl-fəcr” dövrü uzaq üfüqlərdə parladı. Lakin, Çaldıran məğlubiyyəti fədailəri məcbur etdi ki, yenidən qeyb aləminə qayıtsınlar.
Məsəlçün, şair Fizulinin qəzəlləri, üzdə, bəli, sevgi lirikası nümunəsidir. Lakin, onları daha diqqətlə oxusanız, görəcəksiz ki, burdakı sevginin ünvanı fəna aləmində deyildir – qeyb aləmindəki Imam Mehdiyə yönəlidir. Beləliklə, Şah Ismayılın şerlərində açıq-aşkar elan edilən Imam Mehdi sevgisi, Fizuli lirikasıyla gizli məna alır, pərdələnir. Yəni, gizlədilib gələcək nəsillər üçün qorunur. Şah Ismayılın açdığı “əl-fəcr”i, şair Fizuli qapayıb qeyb aləminə göndərir. Hər iki şair eyni fədai məktəbi nümayəndəsidir, biri gizlinləri açır, digəri, qapayır. Buna görə də bu iki şairin məzarları fədai məktəbiyçün çox əhəmiyyətli ziyarətgahdır. Buna görə də Fizuli həmişə arzulayıb ki, onu Imam Hüseynin ayaqları altında basdırsınlar.
- Demək istəyirsiniz ki, Iran şairləri ilə fədailər eyni məktəbdən olub, eyni sirləri paylaşırmışlar? Naşı kəslər üçün isə gözaldadıcı fənd işlədib guya öz şerlərini şəraba, qadına həsr edirdilər?
- Şərab adı altında fədai qanı, “yar” adı altında Imam Mehdi surəti gizlədilirdi – bəli, bunu düz dərk etdiniz.
Fədailər, bilin, nəinki bəzi sirləri açmalı, həm də onları gizlətməyi bacarmalıdırlar. Poeziyamız buna xidmət edib daim. Gəlin Iran poeziyasına bir növ konspiroloji elm sahəsi kimi baxaq – onun baş qəhrəmanları həmişə eynidir – fədai qanı, şəhadət (şərab, saqi), yar (Imam Mehdi) və s.i. Bizim poeziyamıza bu məna bucağından baxsanız, o fani aləmdəki oxucularçün sevgi şerləri, qeyb aləmində yaşıyanlarçün isə hərbi, yəni fədai poeziyası nümunəsidir.
Qısası, orta əsr ifadələrindən ayrılıb müasir təfəkkür rəmzlərinə qayıtsaq, fədailər bilirsinizmi kimdir? – xüsusi təlimli Iran inqilab məktəbi! Bu məktəbin nümayəndələri arasında kimlər yoxdur – şiə ekstremistləri, trotskiçilər, Mao tərafdarları, leninçilər və s. i. Lakin bütün bu müxtəlif qüvvələr yalnız bir nöqtədə – Iran fədai məktəbində bir-birinə qovuşaraq vahid mistik qüvvə təşkil edir. Bu məktəbin məzunları qədim Əlamut qalası ənənələrini, Həsən ibn Səbbahın vəsiyyətini indiyədək qoruyub saxlayır. Bilirsiniz ki, Avropa səlibçiləri Həsən ibn Səbbaha dərin hörmətlə yanaşır, ona “dağların ahılı” adıyla müraciət edirmişlər. Bu səlibçilər əsl Avropanın simasıydı, indiki hamburger, makdonalds dünyasının avropalılarını gəlin onlarla səhv salmayaq.
Fədai-assasinlərin 11-ci əsrdəki fəaliyyəti, səlibçilərlə müharibələri, ittifaqı, bəli, müasir tarixşünaslar tərəfindən lazımınca araşdırılıb. Ağ boşluqlar sonrakı dövrdən – monqol işğalçılarının Əlamut qalasını fəth etdiyi gündən başlayır. Bəziləri belə hesab edir ki, assasinlərin dövrü bax həmin məqamda donub qalıb, bitib-tükənib.
Ancaq bu belə deyil.
- Yaxşı, bəs assasinlər öz fəaliyyətlərini necə davam etdirirdilər?
- Uğursuzluqla üzləşən fədailər gizli fəaliyyətə – yəni, “xəlvətiyyə”yə çəkilirdilər. Şairləri çağırıb onlara əmr edirdilər ki, Əlamutun sirlərini, biliklərini gizli dillə poeziyada yaşatsınlar. Bütün bu nəhəng iş, şairlərlə ruhaniyyətin birgə əməyi nəticəsində başa gəlirdi. Bunu “qılınc və qələm” rəmziylə işarələyirdilər. “Qılınc dövrü” inqilabı, üsyanı, “qələm dövrü” isə xəlvətiyyəni nəzərdə tuturdu. Məmməd Səid Ordubadinin eyni adlı romanını bir daha oxumağı çoxlarına məsləhət görərdim. Nizami Gəncəvinin həmin fədai fəlsəfəsi ilə yaşaması bu kitabda gözəl təsvir edilib. Padşahlar iki silahla qətlə yetirilir – qılıncla, qələmlə. Hər iki silahın sahibi bir əsgərdir – fədai!

Səttərxan ilk Iran Konstitusiyası, Milli Məclis üçün vuruşurdu
- Indiki fədailəri necə tanımaq olar? Saxtakarlıq bu sahədə yoxdurmu?
- Fədailər öz əsl-nəcabətlərini itirməyən kəslərdir, xüsusi gizli işarələr, rəmzlərlə bir-birilərini tanıyırlar. Onların rəmzləri çox vaxt xalça naxışlarında gizlədilir – bizim Herisçi nəsli “Heris” adlanan xüsusi bir xalça növünü toxuyar, öz sirlərini bu xalçaya köçürərdilər. Əksər fədai nəsilləri bax bu sirləri bilən xalçaçı nəsilləridir. Axı xalça təkcə əşya deyil – Təbriz xalçaçılarının bütün dünyaya səpələnmiş dükanları həm də bir kəşfiyyat, rabitə şəbəkəsidir. Məsəlçün sol fədailər xalça içində Leninin əsərlərini lazımı ünvana çatdırırdılar. Silah da xalça içində daşınarmış. Oğurlanmış düşmənləri də xalçaya bükərdilər. Qətlə yetirilmiş düşmənin meyitini də xalça içində bir başqa yerə aparıb orda cəhənnəmə vasil edərdilər.
- Fədailərin sevdiyi rənglər hansılardır?
- Qara rəng sirri, xəlvətiyyəni bildirir – gizli fədailər bu rəngdə geyinər, ancaq, düşmənə həmlə etdikləri vaxt ağ libasa (kəfənə) bürünərmişlər. Bu ağ kəfən gərək mütləq axırda qırmızı – yəni, qan rənginə boyanardı.
Fədai ilk dəfə öz düşmənini öldürməməli, onu əfv etməlidir. Buna görə fədai öz qurbanının yastığına gecə vaxtı bıçaq batırardı əvvəlcə. Bu fədainin adı “Qəffar” yəni, “bağışlayan”dır. Düşmən bu xəbərdarlıqdan nəticə çıxarmasa, həmin Qəffar dönüb olurdu “əl-Mumit”-yəni, “cəza verən”. Nəticədə, hədəfə alınmış düşmən öz qanına qəltan olurdu. Özü də, fədai bu qətli gizlincə deyil, hamının gözü qarşısında həyata keçirməlidir. Əksər hallarda o öz qurbanını özüylə birgə o biri aləmə aparmalıdır.
- Musəvi tərəfdarları bu texnoloqiyaları yamsılamaq istəyir, yaşıl rəngə boyanmış əllərin izlərini divarlara həkk edirdilər?
- Əvvəla bu yaşıl islam rəngini “BP” şirkəti çoxdan müsəlmanların əlindən qoparıb. Musəviçilərin yaşıl rəngi, islamın deyil, BP neft şirkətinin rəngidir. Rəmzidir!
Musəviçilər postmodernistdirlər. Şiəliyin, fədai məktəbinin texniki üsullarını yamsılayıb tam başqa məqsədçün istifadə etmək istəyirlər. Eyni yamsılama üsulu 1937-ci ildə Rusiyada işlədilib. “Lenin, qırmızı bayraq, yaşasın kommunizm!” şüarları altında əsl kommunistlər, komissarlar qətlə yetirilib həmin vaxt. Yəni kommunizm modernizmi, o zamanlar postmodernistik bir hala salınaraq öz sahibinə qarşı işlədilib. Kommunizmi bu cür məhv eləyənlər istəyirlər ki, bunu bir daha Iranda islama qarşı da təcrübədən çıxarsınlar.
Lakin, Iranda fədai məktəbi var. O bundan qorxan deyil.
Eyni texnologiyanı SSRI-də, Iranda tədbiq edən qüvvə, bəli, bir qaynağa bağlıdır – Britaniya neft şirkətlərinə.
Iranın “şiri-xurşidi” görək bu Britaniya şirinin başına nə oyun açacaq.
Bilirsiniz, 1953-cü ildə Ingiltərə, ABŞ Iranın başına bu oyunu açıb. Amerikalıların gizli “Ayaks” əməliyyatı sənədləri indi çap olunub. Lakin, ingilislərin eyni vaxtda Iranda törətdiyi “But” (təpik) əməliyyatının sənədləri isə hələ də çap edilmir. Bəlkə də həmin əməliyyat Iranda indi də davam etdirilir.
Lakin bu dəfə fədailər ayıqdırlar.
- Iran islam inqilabında fədailər iştirak edibmi?
- XX əsrdə Tehran əhalisi böyükdən kiçiyə qədər yalnız iki nəfərin pişvazına çıxıb – özü də, fikir verin, onların hər ikisi məhz fədai olub. Birinci görüş, məşhur sərkərdə, Güney Azərbaycan fədailərinin rəhbəri Səttərxanla idi – 1910-cu ilin 15 aprelində bütün Tehran əhli onun başına yığılır. Şəhərin girəcəyində Səttərxanı şah karetası gözləyirdi, şahın şəxsi cangüdənləri onun qarşısında diz çökmüşdülər… Səttərxan ilk Iran Konstitusiyası, Milli Məclis üçün vuruşurdu…
Ikinci belə bir şəxs isə Imam Xomeyni idi. 1979-cu ilin 1 fevralında bütün Tehran əhli onu salamlamaq üçün küçələrə axışdı…
Xomeyni ilk olaraq fədailərin uyuduğu “Behişti-Zəhra”nı ziyarət etdi, bir həftə sonra isə çürümüş şah rejimi çökdü.
Imam Xomeyni fədailərin gizli “Fədayane-islam” təşkilatının başçısı idi. Bu təşkilatı tanımadan müasir Iran sirlərini qətiyyən dərk edə bilməzsiniz.
Qeyd edim ki, 1979-cu ildə islam fədailəri ilə sol fədailər birləşmişdilər. Solçu “Fədayane-xəlq”in “Fədayane-islam”la ittifaqı o vaxt Iranın tale yazısını dəyişdi.
Bir başqa misal da maraqlıdır. Iranın müasir dini başçısı Xamneyi öz xatirələrində qeyd edir – “1952-ci ildə Məşhəddəykən, ”Fədayane-islam”ın rəhbəri Nəəvvab Səfəvinin alovlu çıxışlarını eşidib islam fədailəri sıralarına qatıldım”. Belə çıxır ki, Iranın hər iki son Vilayəti -fəqihi, yəni dini rəhbəri fədai imiş!
Xamneyinin şəkillərinə fikir verin. Molla əbası altında nə görürsüz? – fələstin yaylığı “kufiyyə”! Bu, fədai məktəbinə məxsus olmağın gizli işarəsidir. Hər fədainin öz kufiyyəsi var, şəhidlərin kufiyyəsi onun silahdaşlarına ötürülür.
Bir sözlə, fədailərin gizli cəmiyyəti indiki Iranda ən yüksək pilləni tutur. Fəqət, Islam Keşikçiləri, mollalar bu barədə susmağı üstün bilirlər.
- Xalq arasında fədai mövzusu müzakirə edilirmi?
- Əlbəttə. Məsəlçün, Səttərxanın Tehranda qanının töküldüyü yer indiki Rusiya səfirliyi ərazisindədir. Fədai qanı isə müqəddəs cövhərdir, onun sanki tərkibi bir başqa cürdür. Müqəddəs Qraalın qanı kimi müqəddəsdir o. Işə bir bax – bu qan Rusiyanın Tehrandakı ərazisindədir!
Rusiya pərəstişkarları arasında bu mövzu müsbət qiymətləndirilirdi – deyirdilər ki, kommunstlər Səttərxanın qanını qoruyur, bu qan mötəbər əllərdədir. Rusiya düşmənləri buna bir başqa məna verirdilər – iddia edirdilər ki, 1943-cü ildə, Tehran konfransına yığılmış Antanta bossları məhz bu qanın başına yığılıbmış…
Inanın, Iranda bu söhbətlər indiyədək bitib – tükənmək bilmir.
Təbriz fədailəri bütün İsrail-ərəb savaşlarının iştirakçısı olub
- Əgər fədailərin sirləri bu qədər qapalıdırsa, biz neynəyək? Sizi necə anlayaq? Tutaq ki, haqq dərgahına üzümüzü sürtüb, məsəlçün deyirəm, lap sizi anladıq – axı bu bizə nə verir?
- Haqqa agah olarsınız. Azdı bu?
Fikir verin: 2006-da fədailərin mistikası, sehri sanki öz finiş xəttinə çatdı – Qərb mətbuatı Təhmasibi, Vahid Dətəgirdi, Zülqədr adlı “Hizbullah” sərkərdələrinin adını çəkməyə başladı. Cənubi Livanda İsrail işğalına qarşı amansız döyüşlərə rəhbərlik edən bu fədailərin adını eşidincə mən, nağıl qəhrəmanı kimi, barmağımı dişləyib fikrə daldım. Yadıma bilirsinizmi kimlər düşdü? 50-ci illərdə, İranda şah zülmünə qarşı vuruşan “Fədayane-islam”ın şəhidləri Zülqədr, Vahid Dəstəgirdi, Təhmasibi.
- Üzr istəyirəm, onlar zühur etmişdilər bəyəm?
- Fədai şəhadət şərabını içib haqqa qovuşunca, silahdaşları həmin fədainin adını yeni döyüşlərdə yaşatmaq istəyirlər – bu adı özlərinə götürüb növbəti hücuma atılırlar. Məsəlçün, Zülqədr, Təhmasibi, Vahid Dəstəgirdi adı altında indiyədək yüzlərlə fədai döyüşüb – hər şəhadətdən sonra bir başqasına bu adı ötürüblər. Bu fədailər öz bədənlərinə, adlarına, öz qəbirlərinə malik olmaq istəməyərək həmin Zülqədrlərə doğru can atırdılar.
Belələklə, qoy gözünüzdən qəflət sarğısı düşsün – bu adlar altında Livanda döyüşənlər növbəti İran canbazları idi. Həmin hadisəyə bizdə “tənasuh”, yəni, ruhların keçidi də deyirlər. Sizdə bu “metempsixoz” adlanır. Qısası, ruhların bir bədəndən digərinə keçidi, bəli, fədai cəbbəxanasına daxil olan ən qüdrətli silahlar sırasındadır.
Əsl metempsixoz canlı döyüş zamanı baş verir – fədailərin başçısı vəziyyəti çətin görüncə, özünü itirmir, çoxdan öldürülmüş bir fədainin adını ucadan bağırır ki, növbəti bir fədai həmin adı özünkü bilib hərb meydanına atılsın. Son nəticədə bu gerçək metempsixoza gətirib çıxarır – Zülqədrin ruhu savaş meydanına qayıdır.
Yeri gəlmişkən deyim ki, İsrail ordusunda mürtəd druzlar xidmət edir – onlar da, bəli, metempsixozla məşğuldurlar.
İndi özünüz düşünün, görün bir İsrail ordusu hansı mistik döyüşçülərə qatılıb?
Belə savaşlarda qələbə ancaq fədailərin ixtiyarındadır.
Yadınızdan çıxmasın – “fələstin fədaisi” hələ sovet vaxtlarında belə gözaldadıcı brend olub – sifətini fələstin kufiyyəsi arxasında gizləyənlərin çoxu heç ərəb də deyil, başqa millətlərin üzvləriydi. Təbriz fədailəri “qeybilər” adı altında o vaxtlar bütün İsrail-ərəb savaşlarının iştirakçısı olub, bəzi Qərb təyyarələrini qaçırtmaqda çox qoçaqlıq göstərmişlər. 1972-ci ildə Münhen olimpiadası vaxtı İsrail “idmançılarını” (əslində Mossadın xüsusi təyinatçılarını) qaçırdanların sırasında Təbriz fədailəri də varmış.
- Qədim assasinləri indiki fədailərlə hansı tellər bağlayır?
- 50-ci illərin sonuna yaxın Moskvada xüsusi tapşırıq əsasında bir müəmmalı kitab çap edilir – “Kitab bi hidayət əl-mömünün ət-talibin” adlı bu əsərin müəllifi Fidai Xorasani adını daşıyırmış. Həmin kitabın çapıyla, Moskvanın Şərq fədai məktəbinə marağı təxminən eyni zamana təsadüf edir. Kiçik tiracla çap edilmiş bu sirli kitabda assasinlərin Əlamut dağından çəkilib Təbrizə gəlişi barədə misilsiz bilgilər var. Yəni, tarixçi Cüveyni, Rəşidəddinin fədailərin Əlamutdakı sonu barədə yazdıqlarına inanmayın, həqiqət Fidai Xorasaninin bu kitabındadır. O, qeyd edir ki, assasinlərin sonuncu “zahir” hökmdarı Rüknəddin Xurşah, Əlamutdan gizli yollarla çıxıb özünü Təbrizə çatdırır. Təriqət “dayı”larını (rəhbərlərini) bir yerə toplayıb onları yeni fədai şahıyla tanış edir – bu məşhur Məhəmməd Şəms Təbrizidir. Lakin o, artıq “xərabət sultanı”dır, batiniyyədədir deyə, onun həqiqi kimliyini kimsə bilməməlidir. Sonralar, bax, bu Şəmsin təmsil etdiyi “məhəmmədşahı” təriqəti bütün Şərqi bürüyəcək, hürufilərin, səfəvilərin varlığının arxasında gizlindən hərəkət edəcəkdir. Türk sufiliyini təsis etmiş Cəlaləddin Ruminin mənəvi qardışı da elə məhz həmin Təbriz fədaisi Şəms Təbrizi olacaq.
Beləliklə, bax elə həmin vaxtdan Təbriz fədailərin yeni gizli paytaxtına çevrilir. Həmin gizli fədai qüvvələri Şah İsmayıl məmləkətini qurur, Səttərxan, Xiyabani, Pişəvəri inqilabını ərsəyə gətirir, lap axırda, 1978-ci ilin fevralında islam inqilabına başlayırlar. Lakin, fədailəri Təbriz ruhaniyyətindən kənarda hərəkət edən bir qüvvə saymayın, molla fitva verməsə, siyasi qətli dini baxımdan isbatlamasa, fədai heç vaxt silaha sarılmaz. Səttərxanın bax bu fitva verəni Təbriz İmam Cüməsi Siqətül-İslam idi.
50-ci illərdə Moskva, Berlin siyasi liderlərinə Təbriz, Şərq fədai hərəkatının nə olduğunu Fidai Xorasininin kitabı vasitəsiylə izah edənlərdən biri mənim atam Qafar Herisçi idi.
Həmin kitab məhdud tiracla məhz bu səbəbə 1959-cu ildə Moskvada fars dilində, tərcüməsiz nəşr edilib. Cəmi 900 nüsxədə. Bəlkə elə 900 İran fədaisinə də paylanılıb. O kitabdan məndə indi cəmi iki nüsxə qalmaqdadır.
- Yaxşı, mistikanı bir kənara buraxaq, fədai hərəkatının müasir tarixindən danışın.
- Fədai inqilabı İmam Mehdinin zühurunadək davam edən İran permanent inqilabıdır. Lev Trotskinin permanent inqilab nəzəriyyəsini onun əmisioğlu bilin.
Lakin, 40-cı illərdən başlayaraq İran fədai məktəbində parçalanma baş verdi. Təbriz məktəbi solçuluğa, kommunizmə meyllənib islamla sosializmin sintezini bəyan etsə də, Qum məktəbi başda əfsanəvi Nəvvab Səfəvi olmaqla öz dini məzmununu saxladı. Birincilər, “Fədayane-xəlq”, “Mücahiddine-xəlq” təşkilatlarında, ikincilər “Fədayane-islam”da cəm oldular. Lakin onlar öz aralarında savaşmır, əməkdaşlıq edirdilər.
Həmin saziş axırda 1979-cu il İran islam inqilabı ilə davam etsə də, 1981-ci ildə vəziyyət mənfiyə doğru dəyişir. Köhnə Antanta-SSRİ, ABŞ, Britaniya, Fransanın təxribatları öz təsirini göstərir – sol fədailərlə islam fədailəri savaşmağa başlayırlar. “Mücahiddine-xəlq”dən fərqli olaraq bizim “Fədayane-xəlq”, Tudə partiyaları bu döyüşlərdə iştirakçı olmasa da, şər öz işini görür – bizim Tudə partiyamız yasaq edilir.
- Demək fədailəri parçalamaq da olurmuş?
- Bu bizim İnqilabın faciəsi idi, anlayın.
Musəvi tərəfdarları qədim fədai üsullarını yamsılamaq istəyirlər
- Fədailərin hansı etiraz üsullarından bu gün istifadə oluna bilər?
- Zalım şahların hakimiyyətini devirmək işində fədailər həddən artıq peşakar idilər – “xəlvətiyyə”dən öz tərəfdarlarına məxfi göstərişlər gönədərir, padşahları hiyləylə tora salırdılar. Məşhur yazıçı Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” romanını alıb oxuyun – bu əsəri yazarkən mərhum xalq yazıçımız atamdan xeyli məsləhətlər almışdı. Bu roman əslində Azərbaycan fədailərinin gizli kitabı, “itmiş əlyazması” da sayıla bilər. Əsərdəki hadisələr 30-cu illər Təbrizində, Cəbrayılında baş vermiş gerçək bir olayla əlaqədardır – Stalin NKVD-sinə qarşı mübarizəyə qalxmış Cəbrayıl qaçaqları, qədim Təbriz fədai məktəbinin təcrübəsinə müraciət etmək qərarına gəlirlər: Düşmənlə mübarizə açıq şəkildə deyil, gizli polittexnoloji üsullarla aparılmalıdır! Buna görə, Isfəndiyar ağa simasındakı gizli Cəbrayıl xəlvətiyyə cəmiyyəti, yəni, Imam Mehdi ordusu, ən qədim müqavimət üsullarına əl atır – Cəbrayıl küçələrində guya oyun oynamağa başlayır… Absurd  mahiyyətli bu oyuna bütün Cəbrayıl əhli qoşulur. Stalin NKVD-sinin “troyka”sı, yəni üçlüyü, bir başqa “troyka”nın, Gər Xəlilin dəstəsi qarşısında aciz qalır. Cəbrayıl əhalisi absurd el oyunlarına qoşulub, adi məntiq çərçivələrini inkar etməyə başlayırlar – şəhərdə hamı absurd “qolçıxdı, burcutma, donma” oyunlarını icra edib, adi məntiqi həyatdan qovur. Bu fədai oyunları 40, yaxud 9 hissədən (cilvədən) ibarət olub axırda xalq inqilabı ilə bitirdi. Oyunun “donma” (ruslar ona “zamri!” deyirlər) hissəsi xususi ilə maraqlıdır – Gər Xəlilin fədai dəstəsini görüncə, şəhərdə hamı elə eyni vəziyyətdə donub qalmalıdır! Fədailərin əmri olmadan kimsə bu “donma” vəziyyətindən çıxa bilməz. Fədailərin oyunbaz fərraş, vəzir, vəkilləri Cəbrayılda gəzişir, hamını nəzarətdə saxlayır, icazə vermirdilər ki, xalqın “don”u açılsın!
Bax bu cür el oyunları vasitəsiylə Təbriz fədailəri əsrlər boyu xalqı təşkilatlandırır, onu şaha qarşı yeni üsyana təhrik edirdilər. Inqilab başlayınca, oyunbaz fərraş, cəlladlar əsl fədailərə çevrilir, zalimləri edam kürsüsünə çəkirdilər. Iran islam inqilabını 1978-ci ildə Təbrizdə başlayan gizli fədai dəstələri bu cür qədim üsullardan məharətlə istifadə etmişdilər.
Fədai üsyanının rəmzi, divarlara həkk edilmiş qanlı insan əlinin izidir. Həmin rəmz bax bu cür yaranır: Bir yaralı fədai, yerdə sürünə-sürünə gəlib özünü divara çatdırır. Son gücünü toplayıb, əliylə divardan yapışır ki, ayaq üstə qalxsın. Onun divara həkk edilmiş qanlı əl izlərini görmək Təbrizə bəsdir! Hamı ayaq üstə qalxıb Şahın üzərinə yeriyəcək!
Təbriz fədailəri Səttarxan, Xiyabani, Pişəvəri inqilabları vaxtı bu rəmzdən çox istifadə ediblər. 1978-ci il Iran Islam inqilabı vaxtı o yenidən Təbriz divarlarını bəzədi.
- Musəvi tərəfdarları bu rəmzi qırmızı yox, yaşıl rəngə boyamışdılar.
- Bəli, onlar qədim fədai üsullarını yamsılamaq istəyirlər. Postmodernist Musəvi, lakin, burda səhvə yol verib – yaralı fədainin divara həkk edilmiş qanı yaşıl rəngdə olmur. Iran fədailərinin damarlarında axan qan hələ ki öz rəngini dəyişməyib.
Postmodern bütün ilkin ideoloji rəmzləri, əvvəlcə yamsılayıb onları öz həqiqi məzmunundan uzaqlaşdırır, sonra isə məhv edir. Lakin, Iranda, Təbrizdə xalq bu oyunları qəbul etməz.
Bizim öz fədai oyunlarımız var.
- Lakin, belə görünür ki, fədailərin müqavimət üsulları xarici qüvvələr tərəfindən başqa məqsədlərə doğru yönləndirilir.
- Iran fədai məktəbinin sirləri həmişə xarici kəşfiyyatların maraq dairəsində olub. Hələ səlib yürüşləri dövründən başlayaraq Avropa cəngavərləri bu üsulları mənimsəyib onlardan öz məqsədləriyçün istifadə ediblər.
O vaxtlar bəzi fədai nəsilləri Avropaya köçüb yerli feodalların kəşfiyyat qurumlarını yaradıblar. Məsəlçün, Hitlerin mənəvi atası, “geopolitika” nəzəriyyəsinin banisi sayılan Karl Xausxofer elə həmin fədailərdən biri olub.
19-cu əsrin sonunda, Hicaz, Bağdad dəmiryolunu Şərqə çəkən Kayzer Almaniyası müsəlman qüvvələri ilə sazişə girir. Kayzer Vilhelm Dəməşqə gəlib orda bəyan edir – “biz 300 milyon müsəlmana dəstək verəcəyik!”. Həmin siyasəti almanlar fədailərlə birgə həyata keçirmək fikrindəydilər. 1907-ci ildə Təbrizdə başlamış Səttarxan inqilabı bu mənada daha çox almanlarla əlaqəlidir. Rus bolşeviklərinin təsirinə gəlincə, onu deyim ki, bolşeviklər də həmin vaxtlar Almaniyaya qulluq edirdilər. Onları Təbrizə gətirib çıxaran, orda təşkilatlandırıb silahlandıran, Səttarxan fədailərinə qoşan qüvvə də elə Kayzer Almaniyası idi.
Beləliklə, hamıya aydın olsun – rus bolşevikləri ilk dəfə Almaniya ilə məhz Təbrizdə fədailər vasitəsi ilə əlaqəyə girib. Orda hərbi qüvvə kimi təşkilatlanıblar! 1917-ci ildə Lenin bu siyasəti bir daha təkrarladı – ancaq daha geniş miqyasda.
Lenin, Kautski, Plexanovun Səttarxan hərəkatı ünvanına yazılmış məktubları yox yerdən var olmayıb axı!
O vaxt almanlar Təbriz fədailəri vasitəsiylə Rusiya ilə ingilislərə Iranda güclü zərbə endirdilər, aralarında Təbriz bufer bölgəsini yaratdılar. Iran, Qafqaz neftinə nəzarət edən Antantanın qulaqlarına pıçıldadılar – “biz də Iranda, neft ərazisində varıq!”
Sonralar Hitler Almaniyası bu siyasəti davam etdirdi. 1938-ci ildə alman memarlarının inşa etdiyi Təbriz meriyasının məşhur binasına yuxardan baxsanız, görərsiniz ki, o nasist qartalı şəklindədir. Yəni, almanlar məhz Təbrizdə SS-in yeni iqamətgahını inşa etmişdilər, bu cür memarlıq əsasında tikilmiş binalara nasistlər “ordensburq” deyirdilər. Həmin bina Iran fədailərinin iqamətgahı, yeni qəsri kimi tikilmişdi – ordan SS bütün Yaxın Şərq, Qafqaz neftinə nəzarət etməliymiş.
Bu da sizinçün Təbriz fədailərinin bir sirri!
Bizim fədailər indi həmin binada elə belə oturmayıblar!
- Qəribədir – demək, SS-in bir qəsri məhz Təbrizdəymiş, eləmi?
- Bəli.
- Davam edin, çox maraqlıdır.
- Fədailərin təşkilatlandığı bir başqa sahə, eşidin, Imam Hüseyn təziyyələri, Aşura misteriyasıdır. O vaxtkı Təbrizdə almanlar buna xususi fikir verir, hesab edirdilər ki, əsl cəngavər fədailər bu Aşura meydanında yetişdirilir. Almaniyanın Təbrizdəki konsulu həmişə bizim təziyyə məclislərini müşahidə edir, baş yaran fədai dəstələrinə qılınc-qəmə hədiyyəsi verirdi. Bu üsulla almanlar Təbriz fədailərini silahlandırıb öz tərəflərinə çəkirdilər. Nasistlər hesab edirdilər ki, yerə tökülmüş cəngavər qanı müqəddəsdir. Fədailərin şəbih zamanı yerə tökülən qanını, almanlar hətta elmi-tibbi baxımdan müayinədən keçirirmişlər! SS-in “Ananerbe” layihəsi çərçivəsində Təbrizdə xüsusi məxfi dəstəsi fəaliyyət göstərirmiş. Onlar hesab edirdilər ki, Aşura misteriyasının təcrübəsi elmi baxımdan çox maraqlıdır. Və Almaniya bu təcrübəni təkmilləşdirib oxşar bir ayin vasitəsi ilə yeni cəngavər, fövqəlinsan, “ubermenş” irqini yetişdirməlidir. Almanlar bizim fədailəri də müsəlman fövqəlinsanı, “ubermenş” sayırdılar.
- Sonra nə oldu bəs?
- Yaxşı oldu – Antanta 1941-ci ildə Irana təcavüz edib bizi işğal altına aldı. Lakin, almanpərəst Iran qüvvələri bununla razılaşmadılar. Antantaya qarşı nəhəng üsyan hazırlığına başladılar. Bu üsyanın iştirakçıları iki hissəyə parçalanmışdı – “x” saatında onlar birləşməli, Antantanı Irandan qovub çıxarmalıymış. Dini qüvvələr ayrıydı, hərbi-siyasi qüvvələr ayrı. Antanta kəşfiyyatı bu qüvvələrin 1943-cü ildə yalnız bir qolunu həbs edir, dini qüvvələr ayətullah Kəşani başda olmaqla öz varlığını qoruyub saxlayır.
Sonrakı bütün Iran siyasi hadisələrində bu qüvvə aparıcı mövqedə qalacaq, axırda Islam inqilabına öz imzasını atacaqdı. Almanların Irandakı üsyan planı təkcə bu ölkə çərçivələriylə məhdudlaşmırdı. Eyni zamanda Yəmən, Misir, Liviya, Suriya, Fələstində də qiyamlar baş verməli, Britaniya şiri Şərqdən birdəfəlik qovulmalıymış. Deyilənə görə həmin hərbi planın adı “Fəth” idi.
Müharibədən sonra həmin planın istifadəsiz qalmış üzvləri bütün Şərqdə hərəkətə keçib Misirdə, Yəməndə, Suriyada “azad zabitlər” adı altında hakimiyyətə yiyələnirlər. Ənvər Sadat, əfsanəvi Camal Əbdül Nəsr bax bu qüvvələrin nümayəndəsiymiş.
Moskva, həmin milli-azadlıq hərəkatlarıyla maraqlandığı zaman bu işi Şərqi Almaniyanın “Ştazi”sinə tapşırır. Məhz “Ştazi” Yaxın Şərq, o cümlədən Iran Milli-azadlıq qüvvələriylə sıx əlaqəyə keçib bu prosesi nəzarətə alır. Fələstin, Yəmən, Əlcazairdə fədai düşərgələri yaradır. Və…
Və yenə Təbriz fədailərini öz ətrafında cəmləyir.
Iran fədai inqilabına gedən yol, bax, bu cür yenidən bərpa olunub axırda baş tutur.
1978-ci ildə Təbrizdə fədailərin Imam Mehdi ordusu “Ceyşullah” şaha qarşı üsyana başlayır.
- Bəzi alimlər bütün bunlardan belə nəticə çıxarırlar ki, fədailər nasistdirlər.
- Boş sözdür. Fədailərin alman cəngavərləriylə əlaqəsi hələ səlib yürüşləri dövründən başlayır, Kayzer Almaniyasının tapşırığıyla daha inkişaf edir. Nasistlərlə fədailərin rabitəsi çox kiçik dövrü əhatə edərək epizodik məna daşıyır.
Almanlarla fədailərin ta qədimlərdən hazırladığı üsyan Səttarxanla başlayıb, sonra indiki Islam inqilabıyla nəticələnib.
- Fədai məktəbinin məzmunu islamidirmi?
- Fədai dəstələrinin fəlsəfi qaynağı Quranda adı çəkilən “Ceyşullah” ordusudur. Alim üləmalar bu ordunun sirrini indiyədək açmırlar. Sizə deyim o nədir – Allahın Qurana görə 99 sifəti var. 99 fədai cəngavərinin hərəsi, Allah sifətlərinin birisini özünə ad seçir, bu ilahi keyfiyyəti döyüş zamanı sınaqdan keçirib qoruyur. Allahın yüzüncü, gizli adını daşıyan fədai isə bu dəstənin içində xəlvətdədir. 99 fədai əslində bax bu bir tam məxfi cəngavəri qoruyur…
- Söhbətimiz görünür burda sona çatmalıdır, eləmi?
- Bəli.
Share

Bölmənin digər yazıları

  • » “Repressiyalar nəticə verməyib”

  • » İranlı dissident 500 min dollar mükafat aldı

  • » Musəvidən hakimiyyətə yeni xəbərdarlıq

  • » İranın daralan çəmbəri

  • » Rəfsəncaninin qayını həbs olunub

  • » Xalq Xamneyinin qadağasına məhəl qoymadı

  • » Güneyli fəal həbsxanada görüdüyü dəhşətlərdən danışdı

  • » “Qoy edam hökmümü ana dilimdə oxusunlar”

  • » Xatəmiyə ölkədən çıxmaq qadağan edildi

  • » İranda yenə də ara qarışacaq

  • » İran hakimiyyətindən Rəfsəncaniyə zərbə

  • » Rejim müxalifətin küçə yürüşlərini qadağan edir

  • » “İran rejiminin zəifliyi üzə çıxdı”

  • » İranda yeni qarşıdurma

  • » İranda müxalifətə qarşı yeni həbslər

  • » Musəvi xalqı yeni mitinqlərə çağırdı

  • » Xatəmi üsyan püskürdü

  • » Kərrubi Əhmədinecadı prezident kimi tanıdı

  • » Norveçə sığınan İran diplomatı: “Fürsət düşən kimi çoxu xalqın tərəfinə keçəcək”

  • » İranda növbəti terror; prokuror öldürüldü

  • Müəllif barədə

    admin yazıb 4985 məqalə.

    Şərh yaz

    Spam Protection by WP-SpamFree

    Комментариев нет: