среда, апреля 07, 2010

06 -04 -2010 . Şimaldakı əməliyyatın səbəbi açıqlandı


Dağıstandakı olaylar Azərbaycanın güc strukturlarını hərəkətə gətirib


MTN-dən sonra DİN-də sərhəddə əməliyyata başladı


Daxili İşlər Nazirliyi Azərbaycanın Rusiya və Gürcüstanla sərhədində genişmiqyaslı əməliyyatlara başlayıb
MTN-in keçirdiyi xüsusi əməliyyatlar nəticəsində artıq 4 nəfər həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) ölkənin şimal-qərb bölgəsində genişmiqyaslı əməliyyatlar keçirir. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, “Sərhəd-Sipər” adı altında həyata keçirilən əməliyyatlara dünəndən start verilib. Əməliyyatlar Azərbaycanın Rusiya və Gürcüstanla sərhəd rayonlarını əhatə edəcək. Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon Polis Şöbələrinin əməkdaşları ilə bərabər, əməliyyatlara Daxili Qoşun qüvvələri də cəlb edilib. Adıçəkilən rayonların ərazisində postlar qurulub, əməliyyat-axtarış tədbirləri aparılır.
Rayonların Polis şöbələrindən APA-ya bildirilib ki, əməliyyatların keçirilməsində məqsəd sərhəd rayonlarda silah və narkotik qaçaqmalçılığı ilə bağlı faktları, habelə qanunsuz silahlı birləşmələrin üzvü olduğu ehtimal olunan şəxsləri müəyyən edərək məsuliyyətə cəlb etməkdir. Bir həftə davam edəcək xüsusi əməliyyatlar barədə ictimaiyyətə ətraflı məlumatın veriləcəyi bildirilir.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) də aprelin 5-dən ölkənin şimal-qərb bölgəsində xüsusi əməliyyatlara başlayıb. Əməliyyat nəticəsində artıq 4 nəfərin həbs edildiyi bildirilir. Tutulan şəxslərdən ikisi Balakən sakinidir. İstintaq sirri olduğundan onların adı hələlik açıqlanmır. Həmin şəxslər Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən, “Katex” postunda saxlanılıblar. Hər iki şəxs silahlı olub və əməliyyatçılar onları zərərsizləşdirib. Balakən və Zaqatala rayon Polis şöbələrindən APA-ya verilən məlumatda “Katex” postunda iki silahlının saxlanması xəbərini təsdiqlənib.
Polisdən bildirilib ki, MTN-in keçirdiyi xüsusi əməliyyatla əlaqədar rayon polisi də gücləndirilmiş rejimində çalışır. Zaqatala ilə Balakən arasında yerləşən “Katex” postunda silahlı polis əməkdaşları keşik çəkir. Hər iki rayona giriş-çıxış nəzarətə götürülüb. Balakəndən Zaqatalaya və əks istiqamətdə hərəkət edən bütün avtomobillər yoxlanılır. Aprelin 5-dən başlayaraq MTN xüsusi təyinatlıları Balakən rayonunun Gürcüstanla sərhəd kəndlərində şübhəli şəxslərin mənzillərində axtarış aparıb. Axtarış zamanı külli miqdarda silah-sursat aşkar edilərək götürülüb, xeyli sayda yerli sakin dindirilib. Əməliyyat tədbirlərinin bir neçə gün davam edəcəyi gözlənilir.
Azərbaycanın Gürcüstanla sərhəd “Mazım” Gömrük Buraxılış Məntəqəsində də nəzarət gücləndirilib. Ölkəyə gələn nəqliyyat vasitələri, eləcə də sərnişinlər xüsusi qaydada yoxlanılır.
APA-nın əldə etdiyi daha bir məlumata görə Azərbaycanın Rusiya və Gürcüstan sərhədində xüsusi əməliyyatların keçirilməsi son günlər, Moskvada, habelə şimali Qafqazda baş verən terror aktları ilə əlaqədardır.




Oxunub: 63 dəfə.

Комментариев нет: