BÜTÜN AZƏRBAYCAN XALQINA!!!
20 YANVAR FACİƏSİ SƏNİN ALNINA YAZILDI, QƏLBİNDƏ İSƏ İZ QOYDU! SƏN DÖZDÜN! AYILDIN ZÜLMƏTDƏN QİSMƏN, ÖZÜNƏ QAYITDIN QİSMƏN. QƏVİ PƏHLİVANLAR KİMİ BİR DƏ SİLKƏLƏN, TAM ÖZÜNƏ QAYIT, KÖKÜNƏ QAYIT, ÜZÜNÜ YARADANINA ÇEVİR!
QƏVİ PƏHLƏVANIN ALDADILARAQ ƏL-QOLU BAĞLANIB ÇAQQALLARIN ÖNÜNDƏ NAÇAR QALMASI KEÇİCİDİR. QƏLƏBƏNİ, DÖVLƏTİMİZƏ QÜDRƏTİ ALLAHDAN DİLƏ!
HƏR GÜN BEŞ VƏDƏ QILDIĞIN NAMAZIN İLƏ!
OXUCULARIN NƏZƏRİNƏ!!!
Şeyx əs-Səədinin bu əsərinin İ, II və İİ cildlərini əldə
etmək istəyənlər MƏŞHUR BEŞMƏRTƏBƏ ilə üzbəüz
“Müslümshop” adlı mağazaya Müraciət edə bilərlər.
"MÜSLÜMSHOP"un digər satış məntəqələrinin ünvanı və telefon nömrələri:
1) Nizami metrosunun yaxınlığında: 596-70-34;
2) Təbriz küç.2, 441-59-50;
3) Təbriz küç.12, 499-01-28.
Mənimlə məsləhətləşmələr üçün
Allah xatirinə rəy və təkliflərinizi odersalafi@gmail.com
elektron ünvanıma göndərməyiniz rica olunur. FƏRAHİM
8 комментариев:
Созданный мною блог служит для ознакомления заинтересованных лиц литературой, переведенной на АЗЕРБАЙДЖАНСКИЙ язык для моих соотечественников, а также для тех, кто имеет возможности читать на нём. Блоге "Lenkoran" будет печататься произведения ученых по Исламу и посвященных смежным вопросам.
Əbdürrəhman bin Nasir
əs-Səədi
MÜQƏDDƏS QURAN
TƏFSİRİ
SƏXAVƏTLİ VƏ MƏRHƏMƏTLİ
ALLAHDAN GƏLƏN ASANLAŞDIRMA
I cild
Bakı - 2008
e-mail: odersalafi@gmail.com
əs-Səədi, Əbdürrəhman ibn Nasir
Müqəddəs Quranın Təfsiri, “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma”. 6 cilddə, I c. /Əbdürrəhman ibn Nasir əs-Səədi; rus dilin¬dən Azərbaycan dilinə tərcümə edən: Fərahim Süleyman oğlu Qurbanov (Fərahim Sələfi). 2008. – 637 s.
Annotasiya:
Şeyx Əbdürrəhman ibn Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı əsəri Müqəddəs Quranın geniş yayılmış və İslam milləti tərəfindən çox yaxşı qəbul edilmiş dərin elmi təfsirlərindən biridir. Bu əsər çox sadə dildə yazılmışdır və ona görə geniş oxucu kütləsi üçün asan başa düşüləndir.
Bu, Müqəddəs Quran ayələrinin bəhs etdiyi bütün mövzular üzrə ensiklopedik təfsir kimi qəbul edilə bilər. Müəllif ayələri şərh edərkən, ilk növbədə, Müqəddəs Qurana, sonra isə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərinə, daha sonra isə onun səhabələrinin (Allah onlardan razı olsun) müddəalarına istinad etmişdir.
Azərbayan Respublikası Dinin Qurumlarla İş üzrə Komitəsində qeydiyyatdan keçirilmişdir: Komitənin DK-66/Q saylı 07.07.08-ci il tarixli məktubu.
TƏRCÜMƏÇİNİN ÖN SÖZÜ
Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Hikmətlərinin bənzərsizliyi ağıllara qalib gələn, dəlillərinin ecazkarlığı məfkurələri heyran qoyan, möhtəşəm sənətinin xarüqəladə özəllikləri inkarçı kafirlərə üzrxahlıq etməyə imkan yeri qoymayan, ayələri bəşəriyyətə “Allahdan başqa heç bir tanrı yoxdur” müjdəsi verən Müqəddəs Allaha həmd olsun! O Allah ki, Onun Özünə bərabər ola bilən nə bir tayı, nə də Ona bənzəyə biləcək bir oxşarı və nə də Ona köməkçi ola biləcək şəriki var! Onun nə övladı, nə valideyni, nə zövcəsi, nə də misli var! O, hər şeyi qəhr edən ilahi gücü ilə müstəbidləri qəddini əyməyə Məcburedəndir! O, Əzəməti və Qüdrəti qarşısında zalım və qəddar padşahların zəlil günə düşdüyü, heybəti qarşısında bütün fironların vahimə içində səcdəyə qapıldığı, xəlq etdiklərinin hamısının, öz istəklərindən asılı olmayaraq Ona itaət etdikləri Tək Allahdır! Əziz və Cəlil Allah bu barədə belə buyurur: “Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir” (Rəd, 13/15).
Uca Allahın bəşəriyyətə bəxş etdiyi ən böyük nemətlərindən biri Quran və onu Allahın Özünün mühafizə etməsidir. Allahın Peyğəmbəri Muhəmmədin (s.ə.s.) milləti üçün hazırladığı və onu şərəfləndirdiyi ən əhəmiyyətli fəzilətlərindən biri də Peyğəmbərə (s.ə.s.) nazil etdiyi Vəhyi – Quranı qoruması və himayəsi altına götürməsidir. Qüdrətli Allah Quranı müsəlmanların Peyğəmbərinin (s.ə.s.) həqiqi peyğəmbər olmasına bir dəlil etmiş, ona (s.ə.s.) verdiyi üstünlüyü açıq şəkildə bildirərək, onu təkzibolunmaz dəlilə çevirmişdir. Böyük Allah bu Quran ilə Öz Elçisini (s.ə.s.) yalançı və iftiraçılardan fərqləndirmiş və bunun sayəsində möminləri də inkarçı kafirlərdən və müşriklərdən, Ona şərik qoşanlardan qabarıq şəkildə ayırmışdır. Müdrik Allah Quranı nazil etmişdir ki, yer üzündə yaşayan bütün cinlər və insanlar bir yerə toplaşıb səy etsələr də, onun bənzərini, əsla yaza bilməzlər. Sonsuz Lütf Sahibi Allah Quranı möminlər üçün qaranlıqları nurlandıran bir günəş, şübhələri yoxa çıxardan bir aydınlıq, azğınlığa aparan yollarda həqiqəti göstərən bir rəhbər, qurtuluşa və hidayət yoluna yönəldən bir bələdçi etmişdir. Həmçinin, Mərhəmətli Allah Özünün bir ayəsində belə buyurur: “Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16). Bəsirətli Allah heç vaxt yatmayan gözləri ilə Quranı qoruyub gözləyir, onu dağıdılmaz qalası ilə əhatə edir. Zamanın, qərinələrin keçməsi ilə o əsrarəngiz qalanın sütunları möhkəmliyini itirməz, qüdrət əlamətləri yoxa çıxmaz. Allahın və Onun Elçisinin (s.ə.s.) ehkamlarına riayət edənlər heç vaxt doğru yoldan sapmazlar.
Müqəddəs Quran möminlərin mübahisəyə düşdükləri anda ona sığındıqları, müsibətə uğradıqları vaxtda içinə çəkilib qorunduqları istehkam, şeytanın vəsvəsəsinə qarşı müdafiə olunduqları qaladır. Şərəfli Quran möminlərin baş əydikləri yeganə hakim və müraciət etdikləri ən qəti hökmdür. Möminlər öz arzuları ilə Müqəddəs Qurana möhkəm sarılır və bununla özlərini təhlükələrdən xilas etmiş olurlar.
Ey Allahım! Sən məni Quranın aydın və mütəşabeh, halal və haram, ümumi və xüsusi, yığcam və təfərrüatlı, nəsx və mənsux, asan və çətin ayələrinin təfsirini gözəl tərzdə ana dilimizə çevirməyə müvəffəq et və bu şəxsi təşəbbüsümü uğurla sona çatdırmağı mənə nəsib et! Allahın Son Elçisi və Peyğəmbəri Muhəmmədə, ailəsinə və səhabələrinə salat və salam olsun!
Ey Allahın qulları! Allah sizə rəhm etsin! Bilin ki, öyrənilməsi üçün səy göstərilməyə layiq olan və mənimsənilməsi ilə məqsədə çatılan, əldə edilməsi ilə insana Allahın razılığını qazandıran şey Qurandır. Onu oxuyan çoxlu xəzinələr əldə edər və böyük mükafatlara sahib olar. O, elə bir Kitabdır ki: “Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir” (Fussi¬lat, 41/42).
Möhtərəm oxucu!
Bu ön sözümdə sizə deyiləsi bir sıra düşüncələrimi yığcam çatdırmaq fikrindəyəm. İlk öncə görkəmli İslam alimi və mütəfəkkiri, Quranın yüksək istedada malik təfsirçisi Şeyx Əbdürrəhman əs-Səədinin ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etməyə cəsarət göstərdiyim bu əsərinin, çevrilən dildəki bir sıra xüsusiyyətlərini nəzərinizə çatdırmaq yerinə düşərdi. Bunun səbəbi həmin əsəri ərəbcədən rus dilinə tərcümə etmiş mütərcim haqqında oxucu kütləsinə məlumat vermək və onun ərəb dilinə bələd olmayan müsəlmanlar üçün necə böyük və tərifəlayiq bir iş gördüyünü nəzərə çatdırmaqdır.
Fəlsəfə elmləri namizədi, ilahiyyatçı qardaşımız Elmir Rəfail oğlu Quliyev Şeyx Əbdürrəhman əs-Səədinin bu əsərini rus dilinə çevirməzdən əvvəl, özünün qeyd etdiyi kimi, həmin dilə əvvəlcə Müqəddəs Quranı tərcümə etməli olmuşdur. Bu gün rus dilində mövcud olan Quranın bütün məna tərcümələri arasında həmyerlimizin çevirisini ən uğurlu və ən mükəmməl hesab etmək olar. Məhz belə bir Quran tərcüməsi hörmətli E. Quliyevə bu ecazkar təfsiri çevirməyə də geniş imkanlar yaratmışdır.
Bu məşhur təfsirin Azərbaycan dilinə tərcümə edilməsi təsadüfdən deyil, zəruriyyətdən doğmuşdur. İyirminci əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xalqı ilk dəfə olaraq müasir ana dilimizdə Uca Allahın Müqəddəs Quranı ilə böyük alimlərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyevin sanballı tərcüməsi sayəsində tanış olublar. Sonrakı illərdə bu çeviri bir sıra təshihlərlə dəfələrlə nəşr olunaraq oxuculara təqdim edilmişdir. Daha sonra Müqəddəs Quranın bir sıra digər şəxslər tərəfindən edilmiş tərcümələri də nəşr olunmuşdur. Sevindirici haldır ki, son illərdə yüksək dini təhsil almış gənc islamşünaslar da bu çox mühüm bir sahədə Allahın dininə və xalqımıza öz çeviri töhfələrini verməyə təşəbbüs göstərirlər.
Məhz bu özəlliklər imkan verdi ki, dinimizin əsas Kitabının geniş və asanlaşdırılmış şərhini də müsəlman qardaş və bacılarımıza və İslam dəyərləri ilə maraqlanan digər insanlarımıza Azərbaycan dilində çatdıraq.
Buna görə Şeyx Əbdürrəhman əs-Səədinin “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı Quran təfsiri olan sanballı çoxcildlik əsərini dilimizə tərcümə etmək mənə görə mümkünləşmişdir. Təbii ki, çətinlikləri asanlaşdıran təkcə Allahdır. Həmd olsun Allaha, aləmlərin Rəbbinə!
Əziz və möhtərəm oxucu!
Müqəddəs Quranın təfsirini sizə Azərbaycan dilində tam anlaşıqlı şəkildə çatdırmasını, bizi uğur yoluna yönəltməsini və bu kitabı həm bu dünyamız və həm də Axirətimiz üçün faydalı etməsini Müdrik və Qüdrətli Allahdan rica edirəm.
Uca Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərindən biri də fikri ifadə və izah etmə qabiliyyətidir. Allahdan arzum budur ki, bu tərcüməni gözəl və aydın oxunaqlı şəkildə insanlarımızla qovuşdurması üçün mənə kömək olsun.
Mərhəmətli Allah, öz fikrini düzgün ifadə etmək qabiliyyəti baxımından, qullarını bir-birindən fərqli yaratmışdır. Rəhman, bu barədə belə buyurur: “...birinizi digərinizin fövqünə dərəcə - dərəcə qaldıran Odur...” (Ənam, 6/165). Vahhab Allahın möhtərəm şeyx Əbdürrahman əs-Səədiyə gözəl istedad və qabiliyyət bəxş etməsi sayəsində görkəmli təfsir alimi Quranın bu şərhini son dərəcə aydın formada yazmışdır. Onu orijinaldan deyil, ikinci dildən tərcümə etmək böyük məsuliyyət və zəhmət, mən deyərdim ki, cəsarət tələb edirdi. Bu keyfiyyətlərin az da olsa bir qismini mənə əta etməsi üçün Alim Allaha dönə-dönə dua etmiş və Onun lütfkarlığına bel bağlayaraq tərcüməyə böyük həvəslə başlamışam və qısa müddət ərzində əsərin ilk cild həcmində hissəsi Onun sayəsində ərsəyə gətirilmişdir.
İnsanı ucaldan Allah Müqəddəs Quranda güclü ifadə bəxş etdiyi şəxslərin dilsiz və acizlərdən üstün olduğunu bildirərək: “Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyənlərdir...” (Zuxruf, 43/18) deyə, sonuncuları səciyyələndirir. Əbdürrahman əs-Səədi məhz Allahın üstün tutduğu və yüksək qabiliyyət bəxş etdiyi insanlardandır. Onun təfsirini böyük məharət və yüksək bacarıqla ərəbcədən rus dilinə tərcümə edən alim qardaşımız Elmir Quliyevin çevirisini Azərbaycan dilində ifadə edərkən kifayət qədər çətinliklərlə və hələ dilçiliyimizdə sabitləşməmiş, dini ədəbiyyat istilahlarının tam alışılmamış tərəfləri ilə rastlaşmalı oldum. Bunlar, əsasən, ilk növbədə Hərşeyiəhatəedən Allahın ad və sifətlərinin dilimizdə hamının başa düşə biləcəyi formada verilməsi ilə bağlı idi. Oxucuların diqqətindən, ehtimal ki, yayınmayacaq belə yeni söz və ifadələr, ola da bilsin ki, hamıya eyni təsiri bağışlamayacaq və bəzən isə, lap qeyri-adi görünəcək. Lakin tərcüməçinin ana dilinə ilk dəfə çevrilən bu cür monumental əsərlərdə yeni sözlər işlətməyə məcbur olması, məncə, təbii bir haldır, elmi-təcrübi baxımdan özünü müəyyən dərəcədə doğruldur. Yeni termin və istilahlar süni söz quruculuğu metodu ilə deyil, Allahın ərəb dilində Onun Özü tərəfindən bəyan edilən kəlamlarından irəli gələn və Azərbaycan dilinə gətirilməsi vacib olan tələbatdan doğmuşdur. Bu ön sözümdə də həmin nadir ifadələrdən işlədilmişdir. Bundan başqa, öncədən qeyd etdiyim kimi, şeyx Əbdürrahman əs-Səədinin bu təfsirinin tərcüməsinin gerçəkləşdirilməsi bir sıra obyektiv səbəblərlə əlaqədar idi. Belə ki, bu əsərin Azərbaycan dilinə tərcüməsi, onun əsasını təşkil edən Quranın özünün ana dilimizə edilən tərcüməsi ilə bilavasitə bağlıydı və Təfsiri çevirmək üçün, ilk növbədə, qarşımızda Quranın dilimizdə mövcud olan tərcüməsinin onun fundamental prinsipləri ilə üst-üstə düşməsi problemi dayanırdı. Fərqlərin dərinliyinə varmadan, demək yerinə düşür ki, ərəbcədən Azərbaycan dilinə həyata keçirilən həm əvvəlki Quran tərcümələrində bir sıra təshihlərin edilməsi və həm də yeni nəşrlərin və tərcümələrin işıq üzü görməsi və həm də bəzi hallarda mənim, Allahın rizası ilə, E. Quliyevin rus dilinə tərcümə etdiyi “Müqəddəs Qurandan” («Священный Коран», Mədinə nəşri, Səudiyyə Ərəbistanı Krallığı, 1423-cü hicri ili) iqtibasları sərbəst çevirməyim bəzi çətinliklərin aradan qalxmasını şərtləndirdi və Təfsiri tərcümə etməyimə yol açdı. Allah Hərşeyibiləndir, Onun icazəsi olmadan heç nə baş vermir. Gerçəkləşən hər şey Onun hökmünə əsaslanır.
Təfsirin rus dilindəki mətnindən (А.Саади, «Толкование священного Корана», М. «Умма», 2 cilddə, 2006) etdiyim tərcümə, onun quruluşu¬nun və məzmununun tamlığı baxımından, heç bir dəyişikliyə uğradılmamış, ixtisar edilməmiş və əsas mətn olduğu kimi çevrilmişdir. Müqayisəli şəkildə oxunduqda rus və Azərbaycan dilindəki mətnləri hətta cümlə-cümlə tutuşdurmaq da mümkündür. Tərcümənin gedişində paralel olaraq Türkiyədə türk dilində nəşr olunmuş “Səədi Təfsiri” əsərindən (Abdurrahman b. Nasir es-Sadi, “Tefsirus-Sadi”, Quraba, 2006, 5 cilddə) də istifadə edilmişdir. Bu xüsusiyyətlər orijinalın tərcümə edilmiş dildə asan anlaşılmasını təmin edən özəlliklərdəndir. Digər bir səciyyəvi hal kimi, (bunu çox əhəmiyyətli hesab edirəm) Təfsirin rus dilinə çevrilməsi zamanı İslam dininə xas olan və bütün İslam və qərb ölkələrində demək olaraq ki, eynilə (tərcümə edilmədən) istifadə edilən bir sıra ərəb ibarələrinin, rus dilindəki çeviridə sərbəst qarşılığı verildiyi halda, mən onları dilimizdəki qədim ənənəvi formalarında işlətməyi məqsədəuyğun saymışam.
Bundan əlavə, yuxarıda qeyd etdiyim kimi, Təfsirin rus dilindəki mətni çevrilərkən türk mətnindən də lazımınca yararlanmışam ki, bu da əsərin orijinalına yaxınlığı daha da artırmışdır. Tərcümə etdiyim rus dilindəki mətndə terminologiya ilə bağlı bir sıra digər özəlliklər mövcud idi ki, mən Allahın yardımı ilə onları, qeyd etdiyim kimi, öz üslubuma müvafiq olaraq artıq gerçəkləşdirmişəm.
Sonuncu qeydim Təfsirdə Müqəddəs Allahın adlarının yazılışı ilə əlaqədardır. Əzəmətli və Müdrik Allahın adı şəxs əvəzlikləri ilə ifadə olunduqda böyük hərflərlə yazılır. İslam Peyğəmbərinin (s.ə.s.) “Allahın Elçisi” adı və yazılışda ancaq Allahın son elçisinin nəzərdə tutulduğu şərəfli “Peyğəmbər” adı da böyük hərflə yazılır. Lakin Muhəmməd Peyğəmbərin adının (s.ə.s.) şəxs əvəzlikləri ilə ifadə olunması böyük hərflərlə işarə edilmir. Bunun nəzərə çatdırılmasının səbəbi şəxs əvəzliklərindən öncəki çevir¬mələrdə geniş istifadə edilməsidir ki, onlara bu tərcüməmdə aydınlıq gətirməyi vacib saydım.
Lətif Allahdan bu çevirimi Öz xatiri və qullarına onların xeyri üçün sevdirməsini arzu edirəm!
FƏRAHİM SÜLEYMAN OĞLU QURBANOV
e-mail: odersalafi@gmail.com
TƏQDİMAT
Həmd əməlləri və sözləri ilə təriflənməyə yeganə layiq olan Allaha məxsusdur. O, Uca Sözünü belə təsvir edir: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (İsra, 17/82). “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstərən rəhbər və mərhəmət gəlmişdir” (Yunus, 10/57). Ən böyük möcüzəsi Quran olan Allahın Elçisi Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!
Şübhəsiz ki, Müdrik və Fövqəluca Rəbbin Sözü qulları üçün tam mənada sağlamlaşma və mərhəmətdir. Bu mərhəmətdən və sağlamlıqdan ancaq ziyana uğramış zalımlar məhrum edilirlər. Quran tarix səhnəsinə nazil edildikdən bu günədək mərhəmət və sağlamlıq diləyənlər ona doğru can atmış, onu anlamaq və ondakı hökmləri həyata keçirmək üçün mübarizə aparmışlar. Bu mübarək yolda zəfər çalanların ilk cərgəsində Quranın onların zamanında vəhy edildiyi Elçiyə (ona Allahın salavatı və salamı olsun) şahidlik edən nəslin nümayəndələridir. Sonradan gələn nəsillər də Quranı başa düşməkdə və Onun hökm və tələblərinin həyata keçirilməsində əhəmiyyətli dərəcədə təşəbbüs göstərmiş və səylə çalışmışlar. Bununla yanaşı, tarix, Quranın anlaşılmasının və həyata keçirilməsinin şahidi olduğu kimi, həm də onun təhrif və inkar edilməsinə cəhdin şahidi olmuşdur. Məhz bu özəlliklərlə Sünnə və camaat əhli Quranın və onun təfsirlərinin dəyərləndirilməsində digər bidətçi və uydurmaçılardan məlum cizgiləri ilə fərqlənmişdir. Sünnə tərəfdarlarının qabaqcıl imamları bu sahədə olduqca əhəmiyyətli əsərlər yaratmışlar. İbn Əbi Hatimin, imam Təbərinin, imam Bəğəvinin, Hafiz İbn Kəsirin təfsirləri bunların ancaq bir-neçəsidir. Yaxın dövrün Peyğəmbər Sünnəsinə mənsub alimlərindən bəziləri, yuxarıda adlarını qeyd etdiyimiz imamların təfsirlərinin xülasəsini verməyə, bəziləri isə, insanların çağdaş zamana uyğun tələbatlarını nəzərə alaraq, yeni təfsirlər qələmə almışdılar. Bu yaxın zamanın alimlərindən biri və, bəlkə də, dövrün ən böyük müsəlman alimi şeyx Əbdürrəhman b. Nasir əs-Səədidir (Allah ona rəhmət etsin). Şeyx əs-Səədi elminin genişliyi, şəriət hüquqi (fiqh) sahəsindəki dərinliyi, Quran elmlərindəki istedadı, biliyi, zahidliyi, təqvası sayəsində necə məşhurlaşmışdısa, təfsir sahəsində də bir sıra görkəmli əsərləri ilə məşhurlaşmışdır.
Elm sahəsinə mənsub olan müasirləri və özündən sonra gələnlər Quran təfsiri və digər Quran elmləri ilə bağlı yazdığı əsərlərinə görə onu alqışlamışlar. Hətta elm xadimlərinin onun barəsində tərifləri o dərəcəyə çatmışdı ki, naşirlər xalqın istəyinə cavab vermək məqsədilə bir-birinin ardıyca Şeyx əs-Səədinin təfsirinin nəşrinə, sanki bir-biri ilə yarışaraq, təşəbbüs göstərirdilər. Elm aləminə məxsus olan hər yerdə, bir çox İslam ölkələrində Şeyxin təfsiri milyon nüsxələrlə çap edilib yayılmışdır. Sonra digər dillərə də tərcümə edilmişdir.
İndi də Allahın xalqımıza mərhəməti sayəsində bu qiymətli əsərin Azərbaycan dilində nəşr edilməsi ilk dəfə bizə nəsib olmuşdur. Digər ölkələrdə olduğu kimi, Allahdan bizim ölkəmizdə də İslamın əsaslarını şərh edən bu kitabı insanlara qəbul etdirməsini, sevdirib oxutdurmasını və ona uğur qismət etməsini diləyirik.
Elm aləmində çox təriflənən bu qiymətli təfsiri bir çox digər təfsirlərdən fərqləndirən cəhət, onun bir sıra özünəməxsus məziyyətlərinin olmasıdır. Bu xüsusiyyətlərin bəziləri əsərin müxtəlif nəşrlərinə alimlər tərəfindən yazılmış müqəddimələrində göstərilmişdir. Bunlardan bəzilərini tərcüməçi Fərahim Süleymanoğlu Azərbaycan dilinə tərcümə etdiyi bu əsərə əlavə etmişdir. Xülasə halında deyə bilərik ki, bu təfsirin aşağıdakı özəl xüsusiyyətləri onu digər təfsirlərdən fərqləndirir:
Şeyx əs-Səədi təfsirində Quranın nazil edilməsi məqsədilə əlaqəsi olmayan lazımsız söz təhlillərinə, şəriət hüququ üzrə mübahisəli məsələlərə və fəlsəfəçiliyə yol verməmişdir;
əlinizdəki Təfsir bir sıra təfsirlərin xilas ola bilmədiyi İsrail əfsanələrindən nümunələr əxz etməmişdir;
o, nə oxucunu bezikdirici dərəcədə uzun, nə də məqsədi tam çatdıra bilməyəcək dərəcədə qısa deyildir;
təfsir bir çox elmi, əxlaqi və tərbiyə səciyyəsi daşıyan faydalara malikdir;
bu Təfsirdə Şeyx əs-Səədi xüsusilə peyğəmbərlərin Quran hekayətlərindən çox əhəmiyyətli, hikmətli və həyatda rəhbər tutulması vacib olan nəticələr çıxarmışdır;
hər şeydən daha əhəmiyyətli olan odur ki, bu Təfsir, bidətə və fəlsəfəçiliyə aludə olmuş kəlamçıların hər cür pozğun təhriflərindən uzaqdır.
Şeyx əs-Səədi (Allah ona rəhmət etsin) uluhiyyət tövhidi, rububiyyət və sifət tövhidi üzrə və bütün digər əqidə məsələlərində Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) kəramətli Sünnəsinə sadiq olan yaxın zaman alimlərindən biridir. Bir sözlə desək, bu Təfsir, İslam əqidəsi haqqında istinad edilməsinə layiq və lazım olan bir əsərdir.
Daha sonra, tərcüməçi bu əsərə rus mətnində olmayan, lakin Türkiyədə “Tefsirus-Sadi” adı altında nəşr etdiyi beşcildlik əs-Səədi əsərinə yazılmış rəy və təqdimatları da əlavə etmişdir. Rəy və təqdimatlar İslam dünyasında tanınmış görkəmli alimlərin və şəxsiyyətlərin qələmindən çıxmışdır. Rəyçilər arasında Şeyx Muhəmməd b. Saleh əl-Useymin və başqaları vardır.
Hörmətli oxucularımıza bir neçə söz də tərcüməçi qardaşımız Fərahim Süleymanoğlu Sələfi Qurbanov haqqında bildirim. O, son illərdə türk və rus dillərindən ana dilimizə bir sıra çox əhəmiyyətli əsərlər tərcümə etmişdir. Onların əksəriyyəti Quran və İslam əqidəsi mövzularına həsr edilmiş ərəb islam alimlərinin kitablarıdır. Onların arasında prof. Məhəmməd Cəmil Zeynunun “Quranı necə anlamalı” (türk dilindən), prof. Məhəmməd Xumeyyisin “Təhavi əqidəsinin asanlaşdırılmış şərhi” (türk dilindən), Məhəmməd əl-Münəccidin “İnsanların əhəmiyyət vermədiyi haramlar” (türk dilindən), Əhməd Fəridin, “Bilməməzliyin üzrlü olması və bidətçi təkfirçilərin tənqidi” (türk dilindən), Vahid Əbdussalam Balinin “İnsanın cin və şeytanlardan qorunması” (rus dilindən), İmam Buxari, “1001 hədis” (türk dilindən), “Namaz” (Buxari Səhihindən, rus dilindən) və bir çox başqa tərcümələri göstərmək olar. Kifayət qədər maraqlı həyat yolu keçmiş Fərahim müəllim Allahın yoluna, Peyğəmbərimiz Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) və onun səhabələrinin əqidəsinə sadiq olan və xalqını sevən sadə bir insan və qiymətli tərcümə əsərləri ilə Allahın savabını qazanmağa səy göstərənlərdən biridir.
Uca Allahdan İslam dünyasında məşhur olan bu qiymətli kitabı müəllifi, tərcüməçisi, ixtisas mütəxəsssisləri, redaktorları, naşirləri və onun Azərbaycan dilində işıq üzü görməsi üçün zəhmət çəkmiş və öz imkanlarını əsirgəməmiş bütün dəyərli insanlar üçün mərhəmət vasitəsi etməsini diləyirik.
REDAKTOR
XƏBƏRDARLIQ !!!
"TƏQDİMAT"dan sonra Təfsir haqqında görkəmli alimlərin rəyləri veriləcək. Sonra isə, oxucular tərəfindən bu bloqa yazılacaq kommentarilərdə (qeydlərdə) əsəri hissə hissə oxumağı arzu edənlər olarsa, hər həftə, inşallah, ardıcıl olaraq yeni bir parça bloqa əlavə ediləcəkdir.
Arzu edənlər tərcüməçinin göstərilmiş e-mailinə mesaj və istəkllərini bildirə bilərlər və bu - arzuediləndir.
Fərahim.
HÖRMƏTLİ QARDAŞ VƏ BACILARIMIZDAN RİCA EDİRƏM Kİ, BU BLOQA RAST GƏLİB, TANIŞ OLDUQDAN VƏ QEYDLƏRİN MƏZMUNU ONLARA AGAH OLDUQDAN SONRA ÖZLƏRİNƏ ZƏHMƏT BİLMƏYİB, MÜMKÜN RƏYLƏRİNİ MƏNİM ELEKTRON ÜNVANIMA YOLLASINLAR. BU MƏNƏ ƏSƏRİN SONRAKI CİLDLƏRİNİ TƏRCÜMƏ EDİB, İNŞALLAH, BAŞA ÇATDIRMAĞIMA BÖYÜK STİMUL OLACAQDIR. BU İSƏ O DEMƏKDİR Kİ, MƏNƏ RƏYİNİ YAZIB GÖNDƏRMİŞ HƏR KƏS, BU QİYMƏTLİ KİTABIN SONRAKI CİLDLƏRİNİN İŞIQ ÜZÜ GÖRMƏSİNDƏ PAYI - ALLAH NƏZDİNDƏ İSƏ SAVABI OLMASI ÜÇÜN XEYİRXAH BİR ADDIM ATMIŞ SAYILACAQDIR. ALLAH YAXŞILIQ EDƏN QULLARININ ZƏRRƏ QƏDƏR ZƏHMƏTİNİ NƏZƏRDƏN QAÇIRMAZ!
FƏRAFİM SƏLƏFİ-QURBANOV
ALLAH HAMIYA, O CÜMLƏDƏN, FƏLƏSTİNLİ BACI-QARDAŞLARIMIZA DA KÖMƏK OLSUN!
FÖVQƏLUCA RƏBBİMİZ NECƏ DƏ ƏZƏMƏTLİDİR!
Mənim e-ünvanım: odersalafi@gmail.com
OXUCULARIN NƏZƏRİNƏ!!!
Şeyx əs-Səədinin bu əsərinin İ və İİ cildlərini əldə
etmək istəyənlər MƏŞHUR BEŞMƏRTƏBƏ ilə üzbəüz
“Müslümshop” adlı mağazaya Müraciət edə bilərlər.
"MÜSLÜMSHOP"un digər satış məntəqələrinin ünvan
və telefon nömrələri:
1) Nizami metrosunun yaxınlığında: 596-70-34;
2) Təbriz küç.2, 441-59-50;
3) Təbriz küç.12, 499-01-28.
Mənimlə məsləhətləşmələr üçün
Allah xatirinə rəy və təkliflərinizi odersalafi@gmail.com
elektron ünvanıma göndərməyiniz rica olunur. FƏRAHİM
Nəzərinizə çatdırmaq istəyirəm ki, Şeyx Əbdürrəhman əs-Səədidən tərcümə etdiyim Müqəddəs Quran Təfsirinin ikinci və üçüncü cildlərini də artıq nəşr etdirmişəm və möhtərəm bacı-qaraşlarımıza "Müslümşop" mağazalarında təqdim olunur. Arzu edənlər onlara müraciət edə bilərlər. Bloqun müvafiq yerlərində mağazaların ünvanı və telefonlar qeyd olunmuşdu.
Отправить комментарий