четверг, апреля 08, 2010

"QAFQAZ ƏSİRİ"

İlhamiyyə RZAYEVA, Həmid HERISÇİ
marakaqol@rambler.ru

14 -10 -2008 . KONSPİROLOQİYA


Bir sual var, özü də çox qəliz, onun cavabını ağsaçlı alimlər, əfsus, hələki dəqiqləşdirməyiblər-«Cəmiyyət daxilindəki ayrı-ayrı inqilabçı qurumlarmı sui-qəsdçidir? Yoxsa, tam tərsinə, dövlətin özü, vallah, cəmiyyətə qarşı, belə de, həmişə çox ciddi sui-qəsdlər qurub, qurur, quracaq hər zaman?» Altından qırmızı xət çəkdiyimiz bu acı sualın cavabını yaşadığımız dövrdə adına «konspirologiya» deyilən bir elmi nəzəriyyə vermək istəyir, bunu biləsiz haa, ay mənim müsəlman bacı-qardaşlarım.
Konspiroloqlar əlinə zərrəbin götürərək hadisələrin zahiri qatını atır, pərdəarxası hadisələrə xüsusi diqqət ayırır. Hakim elitalara servis xidməti göstərən «politoloqiya» elmini, satqın politoloqları bilmərrə inkar edir. Cəmiyyətin bəlalarını izah edən marksizm-leninizm kimi ciddi bir elm sahəsini bilərəkdən gözardına vuran bu savadsız, elmi nəzəriyyəsiz yekəbaşlara ölüm hökmü oxuyur.
Djon Kolleman, Aleksandr Duqin, Heydər Camal, Viktor Ostrovskiy (İsrail kəşfiyyatı «Mossad» barədə səs-küylü kitabın müəllifi) kimi konspiroloq alimlər, qulağınız məndə olsun, belə bir qəti fikir irəli sürür indi - «bəli, dövlətin cəmiyyətə qarşı sui-qəsdi daha dərin, daha qorxuludur, nəinki inqilabçıların gizli əməlləri. Dövlətdir, birdəfəlik biləsiniz, sui-qəsdçi. Bədbəxt inqilabçıların hərəkətləriysə, belə deyək, buna qarşı yalnız cavabdır, vəssəlam, şüd-tamam»

SİYASƏTƏ KİNOREJİSSOR BAXIŞI

Diqqtinizə təqdim etdiyim məqaləmi, təəccüblənməyin, bu dəfə Hollivud kinoestetikası, Amerika kinorejissorlarının montaj üslubuyla başlamaq istərdim əgər etiraz etməyirsinizsə. Susmaq razılıq əlamətidir, demək razılaşdıq, amerikansayağı yazı təhkiyəmi qəbul etdiniz, eləmi? Hə, beləysə xəyalpərəstliyə varın, elə bilin ki, Amerikadan qayıtmış bir yoldaşınızdan növbəti «dvddisk» kirayəyə götürübsüz, götürüb salıbsız onu «dvdpleyer»ə, fırlanmaqda olan disk əvvəlcə azca xışıldayır, son Hollivud kinofilmlərinin reklam çarxını gözünüzə dürtür, sonra klassisizmə iddialı təntənəli simfonik musiqi parçası utanmazcasına ortaya soxulub qəfildən xırp ağzını yumur, bu azömürlü uğursuz klassisizm cəhdini ötürür tam bayağı saatyarımlıq amerikanizmə: «2008-ci ilin sentyabr ayı, Bakı. Türkmənistanla Azərbaycanın neft-qaz sahəsindəki geniş imkanlarına həsr olunmuş uluslararası sərgi salonu. Diqqət edin, sanki iştirakçıların öz canlı vücudu deyil, qara eynəkləri, ağzı şifrli keys-çantaları yamanca susayaraq uzun nazik şüşə qədəhlərdən İsmayıllı şirələri dadır, ləptoplarını dizləri üstə qoyaraq ora nəyisə qeyd edirlər. Sarışın bir qızcığaz kiməsə göz vurur, əl telefonuna nəsə pıçıldayır, ölkə prezidentimizin şəkli önündə əcaib bir hadisə baş verir-sifəti kinokameraya düşməyən məchul centlimenin nərmənazik əli, bir başqasının cibinə gizli bilgilərlə dolu sididisk atır».
İKİNCİ KADR: «Hərbi rus təyyarəsi içində kürəyini divara söykəmiş QRU xüsusi təyanatlıları, qırmızı siqnal lampasının alışdığını görüncə, «bir-iki, bizimki!» ifadəsini dodaqları altında mızıldadaraq dəmir dəbilqələrini başlarına keçirirlər. Yerə enmiş təyyarənin təkərləri hələ dayanmamış qapılar açılır, tappadurub, darambadurum salmadan rus cəngavərləri bir-birinin ardınca uçuş zolağının beton təbəqələri üzərinə atılırlar. Üç hissəyə ayrılmış çevik dəstəninin hər birini Aşqabad hava alanında zirehli döyüş arabası qarşılayır-yallah, beş dəqiqədən sonra onlar artıq aeroport kənarındakı saqqız emal edən karxananı mühasirəyə almağa başlayırlar. Dəmir dəbilqəsinin gülləkeçirməz şüşə qalxanıyla çilçil sifətini örtən 20 yaşlı gənc rus balası, pişik kimi cəld tərpənib karxananın divarını aşır, içəridəki əkəbalanın boynunu burub kənara atır, bircə təpiyiylə dəmir qapını açır, içəri soxulunca tez dizi üstə çöküb silahını otaqdakı amerikalılara doğru çevirir. Bu vaxt qonşu otaqdan gələn atışma səsi, rusbalasından başqa hamını diksindirir, ancaq slavyan şirbalaları buna iynəucu qədər fikir vermədən amerikalıları əl-ayağı sarılı şəkildə otaqdan çıxarırlar. Ceyms Bonda bənzər bir yankinin bilgisayarından sıxarılmış sidirom, QRU xüsusi təyinatlılarının başçısına təqdim olunur, Bakıdakı neft-qaz sərgisindən gəlmə bu qəniməti rus zabiti döş cibində gizləyərək, xüsusi işarələrlə hamıya əmr edir-«istədiyimizi tapmışıq, vəssəlam!»
Şəhərdə atışma bir-iki gün davam edir, dünya mətbuat şirkətləri Aşqabadda nə baş verdiyini qətiyyən anlamır»
ÜÇÜNCÜ KADR: Üç gün sonra. Parisdəki Türkmənistan səfirliyinin qapısını bəzəyən polad lövhə üzərində diqqətini cəmləmiş kinokameranın baxışı qəfildən geri çəkilir. Konokadrlarda bir dəstə avara jurnalist peyda olur, onlar səfirliyinin qapısını qırıb pilləkanlarla ikinci mərtəbəyə qalxır, bütün pencərələri açır,Türkmənistan məhbəslərində yatan söz dustaqlarının şəkillərini eşiyə çıxarır, bunu, küçədə toplaşmış mass-media nümayəndələrinin diqqətinə çatdırırlar. Aradabir, bəzən havada çox zəif səslənən «azadlıq, müstəmləkə» şüarları da səslənir.

***

Bəhs etdiyimiz hadisələri Hollivud kinoestetikasıyla bəzəsək belə, bütün bunlar son günlərin adi həqiqətidir-Bakıda keçirilmiş «Xəzər» neft-qaz sərgisinin hələ «üçü, yeddisi çıxmamış», bəli, Aşqabadda güclü atışma qeydə alınıb, sonra «Sərhədsiz repartyorlar» beynəlxalq jurnalist cəmiyyəti, Türkmənistanın Parisdəki səfirlik binasını zəbt edərək orda iki saat vaxt ərzində siyasi aksiya keçirib, Bakı müxalifət qəzetlərinin başlıqlarını xatırladan şüarlarla küçə piyadalarının baş-qulağını aparıb : «Jurnalistləri neftə, qaza dəyişməyin! Aşqabad, söz azadlığını tapdalayır» və s.i.
Sual verirəm, hadisələrin bu ardıcıllığı hansı sirləri gizləyir? Politoloqlar susur, siyasətçilər bu sorulara cavab verməkdən yayınır axı. Neynək? Politoloqiyanı zibil qutusuna ataraq üstünlüyü «konpiroloji» təfəkkürə verək ki, pərdəarxasında nələrin baş verdiyini anlayaq?
Nəticə gün kimi aydındı-Xəzər neft-qaz yataqları barədə Bakı sərgisində gedən söhbətlər Kremli qane etməyib, «Qazproma» cangüdənlik edən QRU Aşqabaddakı Amerika kəşfiyyatını yığışdırıb, demək, gözümüz aydın, rus-amerika imperializminin Qafqazdakı ziddiyyəti artıq Xəzərin o tayına da keçib. Moskva Aşqabadı, Sem dayı Parisdəki Türkmən səfirliyini işğal etməklə kifayətləniblər. Lakin, yankilər naşıcasını görüb bu işi-bir daha sübut edib ki, «sərhədsiz repartyorlar», bəli, kimin sifarişini yerinə yetirirmiş indiyəcən. Yazıq «əl-Cəzirə» telekanalı neçə illərdir ki, bu sərhədsiz avaralar barədə boğazını yırtıb həqiqəti danışırmış, bizsə, heç fikir vermirdik həmin sözlərə.
***
Konspiroloqiyanın bizə bəxş etdiyi geniş imkanlar, görürsüz, politologiyaya məxsus «təbii sərvətlər»dən dəfələrlə artıqdır. Dartışdığımız mövzu dairəsinə bir başqa nümunəni də artıraq- Türkiyyə prezidenti Abdulla Güllə Ermənistan hakimi Serj Sarkisyanın görüşünü də politoloqlar deyil, konspiroloqlar izah etməlidir. «Neyçün?» sualını versəz, cavabım hazırdır- baxın bir, politoloqlar bu görüşü izah etməkdə dərdən-qabığdan çıxdılar, yaxşı, bunu bildik. Bir köpəkoğlu politoloq sual vermədi ki, ay camaat, neyçün həmin prezidentlər futbol oyunu zamanı görüşməliydilər? Gözünüzü bərəltməyin, beynəlxalq futbol təşkilatı FİFAmı təşkil edib onu, hə?
Bəli, konspiroloji təfəkkür burda da politologiyanı qoyar cibinə-demək, FİFA artıq idman təşkilatı deyil, siyasi bir qurumdur, nöş təəccüblənirsiz?-sifarişə əsasən bəzi düşmən ölkələri idman meydançalarında görüşdürür. Demək, FİFA rəhbərliyi siyasətdən kənar deyilsə, politoloqiya elmi əksinə, siyasətdən tam kənardadır!
Siyasətin içində yox, onun astanasında, kəndarındadır!
İndi bildinizmi top kimin meydançasındadır, ay bədbəxtlər? Demək, siyasət aləmi də dönüb olub bir idman klubu, hə?
Demək, bizim taleyimizi siyasi qurum olan ATƏT deyil, beynəlxalq futbol təşkilatı FİFA təyin edir? Bəs, «konfliktoloq» Arif Yunusov harda itib-batıb belə dar məqamda? Bizimlə «adam dilində» danışsın barı bir dəfə, siyasət daşını tökək ətəyimizdən, Qarabağ məsələsini gedib futbol meydançalarında həll edək.
İndiki postmodern dövründə belə möcüzələri çox görəcəyik. Çox! Nə varsa, öz həqiqiliyini, təbiiliyini itirəcək, dönəcək idmanın bir axmaq növünə, qısası, «oyun» olacaq biz bədbəxtlərin acığına. Təəccüblənməyin, bu, postmodern dövrün danılmaz qanunudur-belə dövrlərdə (islam dini ona «axır-zaman» deyir) həqiqətin itməyi, onun, idman növünə çevrilməyi ilə şərtlənir. Təhsil rəhmətə gedib öz yerini krassvord həll edənlərə ötürür belə vaxtlar. Siyasətçilər müharibələrdə deyil, kazinolarda ya udur, ya uduzur. Hər tində göbələk kimi artan qadın idman klubları yeni amazonkalar, feministlər yetişdirir.
Ancaq qoy idmançılar çox sevinməsinlər siyasət üzərində öz qələbələrinə. Mirzə İbrahimovun səslədiyi «gələcək gün» bir də gördüz doğrudan da gəldi, idmanı da «dopinq» xəstəliyi yıxdı, bütün mətləblərin həlli qaldı axirət gününə.
Belə-belə işlər, qırılsın keşişlər-dediyimiz bu sosial məsələləri də, vallah-billah, rəqəmsal beyinli sosioloqlar yox, yalnız konpiroloqlar izah etmək gücündədir. Demək, konspiroloqiyanın imkanları siyasət meydanlarını da aşa bilər nə vaxtsa.

POLİTOLOQİYA: FALÇIÇILIĞIN DAVAMI



Politoloqiya elmi ölkəmizə marksizm-leninizmdən sonra ayaq açıb, çoxlarının başını gicəlləndirib –Rasim Musabəyovdan tutmuş Hikmət Hacızadə, Leyla-Arif Yunusov cütlüyü, Zərdüşt Əlizadə, İsa Qəmbər, Asim Mollazadə, Nəsib Nəsibli, «Exo» qəzetində qılınc oynadan Nurani, Şakkur, Ansari isimli nisbətən gənc politiloqlara qədər hamı…bəli, hamı indi bu sahədə öz cılız bilgilərini sərgiləndirməyə çalışır, heç bir elmi əsası olmayan şərhləriylə, mədhlərlə, zəhərlərlə, siyasi yabıların belinə qoyduqları cırıq yəhərlərlə olan-qalan beş-altı qəzet oxucusunun başını aldadırlar. Yəni, iqtidarla müxalifət mənsublarının siyasi təfəkkür üsulu- gərək boynumuza alaq!- indi bu vahid xətt üzərində kəndirbazlıq edir. Yaxşı, Allah atanıza, marksizm-leninizmə, siyasi iqtisada, elmi ateizmə, dialektik materializmə, sinfi mübarizə müddəasına, bir də bədbəxt millətinizə rəhmət etsin, görəsən bu politoloqiya elminin hansı elmi dayaqlara, hansı mütəaliyə bazasına söykənir axı, ay camaat?! Axı nə vaxt sadaladığımız imza sahibləri tutaq ki, A.Duqin kimi, alman geopolitiki Xausxoferə söykənərək bir araşdırma aparıblar? Yaxşı, marksizmi unudaq, axı çağdaş Qərb siyasi təfəkkürünü yaratmış digər alimlərin elmi-sosioloji məktəbləri nə vaxt bizim politoloqların şərhlərində pırt eləyib üzə çıxıb?
Misallarla danışaq ki, sabah bizi haya basıb boşboğazlıqda ittiham etməyəsinlər. 2005-ci il, Danimarka. Yerli mətbuatda Peyğəmbərimizin əleyhinə karikaturalar çap olunub deyə bütün islam hümməti əsəbləşib, Kopenhaqendə etiraz nümayişləri bir gün səngimək nədir belə bilmir. Lakin, keçmiş «Mossad» işçisi Viktor Ostrovskinin «Yalan yoluyla» adlı kitabını oxuyanlar yaxşı bilir- Danimarka xüsusi xidmət orqanları birbaşa İsrailin nəzarəti altında çalışıb hər zaman, bu ölkəyə daxil olan bir çox müsəlmanların siyahısı daim Mossada təqdim olunur, islamçıların danışıqları lentə yazılır, tərcüməsi, deşivrəsi İsraildə aparılır, sözün qısası, İsrail kəşfiyyatı Kopenhaqendə özünü həmişə çox rahat hiss edib, biliklərini heç vaxt yəhudilərdən əsirgəməyib. Bax belə bir ölkədə «karikatura olayı»nın baş verməsi sizcə kor təsadüfdürmü məyər? Bəlkə orda Mossad xüsusi əməliyyat keçirib, etiraz nümayişlərinə yığılan bütün Avropa müsəlmanlarını nəzarətə götürüb, hə? Mossadın «Loxamax Psixloqid» (LAP) adlı şöbəsi öz düşmənlərinə qarşı dünyanın bir çox yerində psixoloji müharibə aparır, biz gərək onun qarmağına keçməyək axı!
İzaha ehtiyac yoxdur-Danimarka hadisələrinin düyünlü sirlərini də politologiya deyil, konspiroloqiya vasitəsiylə açmaq olarmış sən demə, bizim bədbəxt politoloqlar isə, ağızlarına su alıb susdular, mənasız şərhləriylə oxucuları sadəcə olaraq düz yoldan azdırdılar.
Sizə desəm ki, politologiyanın əsas əclaflığı insan yaddaşını gödəltməkdir, vallah, əvvəlcə buna inanmazsız. Sonra isə, mətləbə agah olunca, deyərsiz-«Allah atana rəhmət versin!» Məsəlçün, yaxşı, bir qələtdir də elədik, politoloqlara inandıq, görəcəyik, paho, bu tayfadan olanlar tarixi, keçmişi həmişə inkar edirlər ki. Şərhlərində yalnız müasirliyə söykənir, siyasi hadisələrin qədim tarixçəsini oxuculara unutdururlar. Siyasətdə isə heç bir hadisə iki-üç gün ərzində yaranmır, hər hansı siyasi hadisə ən azı son 30-50 ilin yetişdirdiyi məhsuldur. Politoloqlara nə var? Bax onlar bunu, yəni hadisələrin tarixçəsini gizləyirlər! Şərhlərinə qulaq assaq, adama elə gələr ki, siyasi hadisələr elə bax indi, hamının gözü önündə yaranıb, tarix yoxdur, yalnız müasirlik var. Çağdaş siyasi hakimlər isə dünyanın firionlarıdırlar!
İndiki siyas hadisələrin kökü həmişə tarixin dərinliklərindədir, siyasət yalnız tarixin özündən yaranır, müasirlikdən heç vaxt heç nə yarana bilməz.
Deyirsiz, ümumi-nəzəri sözləri boşlayıb, dəqiq misallarla danışaq?
Buyurun, konspiroloqiya elmi burda da sizə layiqli cavab verməyə tam hazırdır.


«QAFQAZ ƏSİRİ»

«Gecə kanalı»nın ötən saylarından biri belə adlanırdı, xatirənizdədirsə-«QUAM-ın tam məxfi adı- Prometey». Həmin essemizdə biz tarixi sənədlərə söykənərək bu siyasi təşkilatın iç üzünü, onun gizli adını açmışdıq. Göstərmişdik-onun tarixi 1924-cü ildən, Polşa hakimi Pilsudskinin yaratdığı antisovet «Prometey» təşkilatından başlayır. «Prometey» bir qurum kimi, proletar beynəlmiləlçiliyinə, o vaxtkı Komminternə qarşı yaradılmış «millətçilərin beynəlxalq alyansı»ydı. Yəni, o Sovetlərin «Bütün ölkələrin proletarları, birləşin!» şüarına qarşı adekvat əks cavab şəklində Polşa, Britaniya, Fransa kəşfiyyatçıları tərəfindən mahircəsinə qurulmuş dünya miqyaslı bir kəşfiyyatçı oyunuydu, şüarı da beləydi sanki «Bütün ölkələrin millətçiləri, birləşin!» Məqsədi nəydi soruşsanız, deyirəm- millətçilik dalğasının təsiriylə SSRİ-ni dağıtmaq, Qafqazdan ta Baltik sahillərinədək Rusiya ilə Avropa arasında sanitar çəpəri çəkmək. Son nəticədə Azərbaycan, Gürcüstan, Ukrayna, Litva, Latviya, Estoniya, Polşadan vahid qeopolitik bir məkan yaradmaq, Rusiyanı Avropadan təcrid etmək. Bu qeopolitik alyansın yaranmağında M. Rəsulzadə də lazımı qədər zəhmət çəkib. Özü də «Prometey»in siyasi liderliyinə Qərb tərəfindən həmişə Polşa irəli sürülüb.
Polşa Hitler tərəfindən işğal olunca, prometeyçilər alman ordusu tərkibində milli leqionlar, o cümlədən məşhur Azərbaycan leqionunu təşkilatlandırırlar, faşizm süquta uğradıqda yenə də sahibsiz qalmırlar-bu dəfə Britaniya, Amerika kəşfiyyatları «Prometey» ideyasını öz ideoloji cəbbəxanasına daxil edir. «Azadlıq», «Amerikanın səsi» kimi antisovet radiolarında onları lazımınca işlədir, nəhayət, prometeyçilərin «Bütün SSRİ-nin millətçiləri, birləşin!» şüarının köməyiylə 1991-ci ildə SSRİ süquta uğrayır, millətçilik, bəli, proletar beynəlmiləlçiliyinə qalib gəlir.
Lakin, SSRİ mirasının MDB şəklində hələki yaşaması yenə də Qərb imperializminə gərək deyil deyə, bu dəfə «Prometey» lahiyəsi bir başqa – QUAM adıyla, ANTİMDB şəklində yenidən siyasi gündəmə atılır, Qafqazdan ta Baltik sahillərinək geniş bir qeostrateji məkan bu qurumun ixtiyarına buraxılır ki, o Rusiya ilə Avropa arasında bufer əmələ gətirsin, Azərbaycanı da çəksin bu qorxulu oyuna.
Özü də fikir verin, həmin Pilsudski Polşası yenə də necə ustalıqla QUAM-ın rəhbərliyinə gətirilir indi. Keçən ilin noyabrında Tiflisdə «Prometey» abidəsinin açılışı zamanı Polşa prezidenti Lex Kaçinskinin Saakaşvili ilə öpüşüb qucaqlaşması isə artıq bütün şübhələrə nöqtə qoymalıdır. QUAM –ın əsl məxfi adı məhz
«Prometey»dir, Pilsudskinin bu mirasını indi bir başqa polyak-Zbiqnev Bjezinski idarə edir, onun «Böyük şaxmat taxtası» kitabında da həmin lahiyə boş yerə dəfələrlə xatırlanmayıb. «Bjezinskiy, Kaçinskiy, Saakaşvili kimi özünü Qərb siyasi elitasında ciddi fiqur bilən siyasətçilər bizim Elmar Məmmədyarovun qulağına nə vaxtsa «Prometey» kəlməsini pıçıldayıb bəlkə?» deyə düşünsəz bərk yanılırsız. Onlar Elmarı belə söhbətlərə qatmazlar, deyərlər ki, o bunu bilməsə yaxşıdır. Yəni bizim orda iştirakımız yalnız kor-koranadır, vəssəlam.


***
Tarixi, kospiroloji araşdırmalar, bəli, görürsüz bizi haralara, Əlibabanın Simsim mağarasına doğru götürüb necə apara bilər? Ancaq, politoloqlar bizə bütün bunlar barədə bir kəlmə belə danışmayacaqlar- elə hey «QUAM» sözüylə baş-beynimizi ağradacaq, son nəticədə istədiklərinə çataraq yaddaşımızı qısaldacaqlar.
Məqsədləri də elə budur-tarixi bizlərə unutdurmaq, müasirliyi önə çəkməklə millətimizi aldatmaq.
Oyunun əsl sahibləri-Bjezinski kimilər, heç vaxt ciddi söhbətlərdə QUAM adını dillərinin ucuna belə gətirməzlər, inanın. «Prometey» kodunu onlar bilir harda, kiminlə söhbətdə işlətmək lazımdır.
Neyçün?
Cavab: axı, əsl zadəgan, polyak şlyaxtası üzvlərindəndir onlar, dünya siyasi elitasıyla qaynayıb qarışıblar, həmin siyasi elitanın ən ciddi cəhəti bəzən bu cür məxfi kodlarla danışmaqdan ibarət olur. Bu kodlar əsl siyasətçilərin leksikonunda işlədilir, Elmar kimilərə onları etibar etməzlər. Adına «diplomatik dil» deyilən gizli anlayış da elə budur, biləsiz.
***
Zadəganlar dünyada təzə heç nə, bəli, heç nə yaratmır, sadəcə, yalnız köhnə ənənələri davam etdirirlər-məsəlçün, QUAM nümunəsində Pilsudskinin «Prometey» ideyasını. Hə, bu halda dünya siyasi elitası Bjezinski kimilərə daha yaxşı qiymət verir. Modernizmə qapılıb təzə ideyalarla dünya siyasi elitasına soxulmaq, inanın, profanların işdir.
Bu cür modernistlərə qədim siyasi kodları heç vaxt açmazlar, onlarla söhbətdə yalnız QUAM kimi təzə kəlmələrdən istifadə olunur.

***
Xahiş edirəm dediklərimə çox ciddi diqqət verəsiniz.

***
Pilsudskiyə gəldikdə, elə düşünməyin ki, «Prometey» liqasını 1924-cü ildə yaratmaqla o, nəysə yeni bir modernistik cəhd göstərib. Polşa kralları ta qədimlərdən türk-tatarları öz məmləkətlərinə dəvət edər, ordularında «tatar leqionları» yaradar, onlara «ulan» (türkcəsi «oğlan») deyərdilər. Həmin tatarların nəsilləri indii də Polşa, Belorusiyada yaşamaqda davam edir. Bəli, Pilsudski də zadəgan idi, «Prometey» ideyasını gündəmə gətirməklə, qədim polyak hərbi ənənəsini bərpa etmişdi-bizimkilərdən həmin «ulan»ların birincisi Rəsulzadə idi.
Bu «Azərbaycan leqionu» indi də var, başınızı silkələyib desəz ki, «hardadır o?», cavab verərəm- İrakda, Fərət, Dəclə sahillərində. Bu leqion indi amerikalıların ixtiyarındadır. Hitler həmin leqionu SSRİ-yə, Sem dayı isə müsəlman dünyasına qarşı istifadə edib. Bu cür leqionların həmişə bir məqsədi olur-«görək siz özünüzkülərə qarşı necə güllə atacaqsız». Vaxtı gələndə bu leqionu Bakıya gətirəcəklər, görərsiz.
«Vaxtı gələndə», bəli, görəcəksiz İraq ziyarətindən gəlmiş bu «kərbəlayi»ləri tozlu Bakı küçələrində.

***
Qafqaz dağlarına mismarlanmış Prometey əfsanəsi rus ədəbiyyatının həmişə sevimli mövzusuydu, məsəlçün, «Qafqaz əsiri», «Hacı Murad» kimi əsərlərində rus ədəbiyyatı klassiki Tolstoy, məhz onu öz dövrünə uyğunlaşdıraraq, götürüb bədii cəhətdən həll edib. Qafqazı siyasi yolla işğal etmiş çarizmə dərs keçib-yəni, ay bala, ayılın, Qafqaz təkcə siyasi yolla deyil, həm də ədəbiyyat vasitəsiylə işğal edin. Son nəticədə nə olub?- heç nə, qoca Qafqaz, bəli, bəli, rus ədəbiyyatının da bir növ «müstəmləkəsinə» çevrilib. Tolstoy əslində ruslara bir həqiqəti anlatdırıb - Qafqazı almaqdan ötrü, ilk növbədə, ona həsr olunmuş antik əfsanəni, yəni Prometey əfsanəsini bədii təfəkkür süzgəcindən bir daha keçirmək lazımdır. Prometeyin Qafqazdakı sərgüzəştlərinə sovet kinomotoqrafı bir başqa cür yanaşdı-rejissor Qaydarın «Qafqaz əsiri» (Mosfilm, 1965) kinolentində Prometey artıq kişi deyil, qadındır. Yoldaş Saakov başda olmaqla «beynəlxalq cinayət dəstəsi» bu qızı oğurlayıb qaçırıb.
Həmin «yoldaş Saakov» indi bilirsizmi kimi xatırladır mənə?-gürcü prezidenti Mixail «Saakovşvili»ni! Xahiş edirəm gülməyin, əksinə, Prometey əfsanəsinin bütün köhnə-yeni çalarlarını, redaksiyalarını bir-bir göz önünə gətirin. Bilin-biz qafqazlıların taleyi həmişə siyasi deyil, mifoloji cəhətdən həll olunur. Ruslar onu elə bax bu cür də həll ediblər-yoldaş «Saakov-Saakaşvili» öz beynəlxalq cinayət dəstəsiylə birlikdə, tezliklə həbs olunub, filmdə deyildiyi kimi, «dünyanın ən humanist məhkəməsi» sayılan sovet məhkəməsi tərəfindən cəzalandırılacaq!
Bəli, hələ 40 il öncə, sovet kinomotoqrafı Prometey faciəsinin bax bu cür «gülməli» həllini hazırlayıb. Əslində, KQB-nin 5-ci şöbəsi ( ideoligiya) bu filmi, «Prometee liqası»na qarşı ideoloji bir silah kimi rejissor Qaydara sifariş verib. «Yoldaş Saakov-cənab Saakaşvili»nin gələcək gülməli taleyini də elə həmin dövrdə «planlaşdırıb» bəlkə?
İndi görək həmin antik mifini Qərb dünyası, NATO ədəbiyyatda, kinomotoqrafda, siyasət sahəsində eyni uğurla yenidən götürüb həll edəcəkmi?
Qaydarın həmin kinokomediyası millətçilərin «Prometey liqa»sına tutarlı bir cavab idi öz vaxtında. Konspiroloqiya deyir-«Qafqaz əsiri»nin, bizim bax bu QUAM-ın, siyasi həlliylə yanaşı, ədəbi-bədii-fəlsəfi-kinomtoqrafik həlli də, inın ki, çox vacibdir.
Tarix öyrədir, Qafqazı yalnız bu cür fəth edirlər.

***
Dünyanı idarə etmək həmişə bir həqiqətdən asılı olub- köhnə mifləri indiki zamanda biz necə yaşayırıq.




Oxunub: 665 dəfə.

Комментариев нет: