понедельник, апреля 12, 2010

10 -04 -2010 . Paytaxtdakı köçkünlər Masazıra köçürüləcək

http://www.bizimyol.az/public_folder/rlTm3kMd.gif
Əli Həsənov iddia edir ki, qaçqınlar arasında yoxsulluq həddi 74 faizdən 20-25 faizə düşüb

Qaçqınkomun sədri: «2009-cu ildə hər bir məcburi köçkünə 720 dollar xərclənib»

Dünən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov YAP qərargahında mətbuat konfransı keçirib. Öncə 2009-cu il ərzindəki fəaliyyət barədə məlumat verən Ə.Həsənov bildirib ki, ötən il məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün 310 milyon manat vəsait ayrılıb: «Eyni zamanda, bu məqsədlə ölkə başçısı tərəfindən iki fərman və iki sərəncam imzalanıb. Bu fərman və sərəncamlardan irəli gələrək Nazirlər Kabineti 14 qərar qəbul edib». Onun sözlərinə görə, ötən il Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Goranboy, Göygöl rayonlarında məcburi köçkünlər üçün yeni qəsəbələr tikilib istifadəyə verilib: «Bütövlükdə, 2009-cu il ərzində 1416 ailə, yəni 7 min nəfər yeni mənzillərə köçürülüblər. Bundan əlavə yeni qəsəbələr inşa etmək üçün İmişli, Şəki, Ağcabədi, Yevlax, Mingəçevir və digər rayonlarda torpaqlar ayrılıb». Dövlət Komitəsinin sədri vurğulayıb ki, 2010-cu ildə məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün 310 milyon manat vəsaitin istifadəsi nəzərdə tutulur. Ə.Həsənov bildirib ki, 310 milyon manatın 203 milyonu dövlət büdcəsinin, 80 milyon manatı isə Dövlət Neft Fondunun vəsaitidir. 27 milyon manatın isə beynəlxalq humanitar təşkilatlar tərəfindən xərclənməsi gözlənilir». Onun sözlərinə görə, bu il ərzində istifadəyə veriləcək binalar artıq proqnozlaşdırılıb: «Belə ki, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə Sabunçu rayonu Ramana qəsəbəsində 70 mənzildən ibarət beşmərtəbələi bina tikilib və istifadəyə hazırdır. Bundan əlavə, Göranboy rayonu ərazisində 164 mənzildən ibarət 3-5 mərtəbəli bina tikintisi davam etdirilir. Yevlax şəhərində isə 612 ailə üçün bina tikintisi nəzərdə tutulub. Ağdam rayonunun Mamırlı ərazisində 689 ailə üçün torpaq sahəsi ayrılıb. Ötən ilin hesabatı zamanı Prezident İlham Əliyev tapşırıq verdi ki, Bakı şəhərində olan yataxanalardan da köçürmə prosesinə başlamaq lazımdır. Bu tapşırıqla əlaqədar fəaliyyət göstəririk. Masazır qəsəbəsində torpaq ayrılıb və onun sənədləşməsi prosesi gedir. Yəni müəyyən hissə üçün torpaq problemi öz həllini tapıb. Bu il bu proses başlayacaq. Ancaq burda bir məsələni nəzərə çatdırmalıyam ki, yataxanalardan köçürmə deyəndə onların hamısının birdən köçürülməsi nəzərdə tutulmur. Bakı şəhərində 216 min məcburi köçkün yaşayır. Bu, təxminən 47 min ailə deməkdir. Onların bir hissəsi Bakıda mövcud olan 262 yataqxanada yaşayır. Həmin yataqxanaların 70-i Təhsilin Nazirliyinə məxsusdur. Yataqxanalarda 8200 ailə, 16 min nəfər yaşayır. İlk növbədə, Təhsil Nazirliyinin yataqxanalarından köçürmələrə başlanacaq. Bu il yataqxanalardan bir və ya ikisində köçürmələr baş tuta bilər».
Dövlət Komitəsinin sədri onu da deyib ki, məcburi köçkünlər arasında yoxsulluğun həddi 74 faizdən 20-25 faizə qədər azalıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti hər bir məcburi köçkünün problemlərinin həlli üçün ildə 720 dollar vəsait sərf edir: «1993-2009-cu illərdə məcburi köçkünlərin bu və ya digər problemlərinin həlli məqsədilə 2,9 milyard dollar vəsait sərf olunub. Bunun 1,3 milyard dolları dövlət büdcəsindən ayrılıb. 800 milyon manat Dövlət Neft Fondunun hesabından verilib. 800 milyon manat isə beynəlxalq humanitar təşkilatların payına düşür».

Pərviz Həşimli




Oxunub: 37 dəfə.

Комментариев нет: